Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:35

Böyük güc sahibləri nə edəcək?


Tbilisidə Rusiya təcavüzünə etiraz aksiyası
Tbilisidə Rusiya təcavüzünə etiraz aksiyası
İki gün bundan əvvəl Rusiya hökuməti Gürcüstanda hərbi əməliyyatların dayandırılması haqqında qərar versə də, atəşkəs rejimi kövrək olaraq qalır. Dünyanın müxtəlif informasiya vasitələri hələ də rus qoşunlarının hərəkəti haqqında məlumatlar yaymaqda davam edirlər. Bu məlumatların bir hissəsi sonradan öz təsdiqini tapmır, amma bu, vəziyyətin sabitləşməsinə dəlalət etmir, bir çox ekspertlər, hətta Gürcüstan mənbələri belə hesab edirlər ki, Rusiya hər an özünün təcavüzkar planlarını genişləndirə bilər. Hazırda Avropa Birliyi səviyyəsində əldə olunmuş atəşkəsin davamlı olması üçün səylər göstərilir.

Altı bənddən ibarət razılaşma sənədi tərəflər arasında müəyyən fikir ayrılığına səbəb olsa da, ümid edilir ki, vəziyyət normallaşmağa doğru inkişaf edəcək. Regiondakı proseslərlə maraqlanan və ona təsir etmək istəyən dövlətlərin də sayı artır. Türkiyənin Baş naziri də Moskvaya səfər edir. Türkiyə tərəfi Moskvada münaqişənin nizamlanması, bölgədəki enerji xətlərinin vəziyyətini və Qafqaz İttifaqının yaradılması problemlərini müzakirə etmək fikrindədir. Artıq ABŞ hökuməti də öz hərbçilərini humanitar aksiyalar keçirmək üçün Gürcüstana göndərib.
Beləliklə, Gürcüstan dünya siyasətinin diqqətində qalmaqda davam edir. Məsələyə münasibət, onun gələcək inkişafı ilə bağlı proqnozlar müxtəlifdir.

Əsas odur ki, demək olar ki, heç bir dövlət Rusiyanın Gürcüstana qarşı təcavüzünü dəstəkləmədi. İndi Rusiya Cənubi Osetiya və Abxaziyanın statusunu müəyyən etmək üçün beynəlxalq müzakirələrə başlanılması üçün mandat almağa çalışır. İndiki vəziyyətdə bu, faktiki olaraq hər iki bölgənin Gürcüstandan ayrılması deməkdir.
Ölkənin real siyasi qüvvələri arasında Rusiyaya meyl edənlər demək olar ki, yox dərəcəsindədir. Bunu ötən prezident və parlament seçkiləri bir daha sübut etdi. Hazırda əhalinin əksəriyyəti prezident Saakaşvilini müdafiə edir

Məsələ bununla yekunlaşmır. Rusiyanın indiki Gürcüstan hakimiyyəti ilə də ciddi problemləri var. Bu ölkənin planları arasında Gürcüstandakı mövcud hakimiyyəti dəyişmək və onu özünün canişini ilə əvəz etmək cəhdləri də var. Amma qısa tarixi ekskurs Rusiyanın bu cəhdinin nə qədər uğursuz ola biləcəyini indidən deməyə əsas verir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstanda prezident Zviad Qamsaxurdia devrildi, hakimiyyətə daha praqmatik siyasətçi olan Eduard Şevardnadze gəldi. Amma tezliklə Şevardnadzenin idarə etdiyi Gürcüstanla da Rusiya arasında problemlər yarandı. İndiki vəziyyət isə daha mürəkkəbdir. Ölkənin real siyasi qüvvələri arasında Rusiyaya meyl edənlər demək olar ki, yox dərəcəsindədir. Bunu ötən prezident və parlament seçkiləri bir daha sübut etdi. Hazırda əhalinin əksəriyyəti prezident Saakaşvilini müdafiə edir.

İndi hər şey dünyanın böyük güc sahiblərinin səylərindən, Gürcüstana verəcəkləri dəstəkdən asılıdır. ABŞ politoloqu Henri Kissincerin belə bir fikri var ki, böyük güclər öz müttəfiqləri üçün intihar etmirlər. Amma bir respublika ilə bağlı yaranmış problem əslində keçmiş SSRİ-nin böyük hissəsi üçün təsirə malik ola bilər. Gürcüstan mühüm enerji dəhlizidir. İndi burada sözün əsl mənasında problemlər yaşanır. Vəziyyət enerji xətlərinin mühafizəsi ilə bağlı keçmişdə səslənən fikirləri yenidən gündəliyə gətirir. Əvvəllər dəfələrlə belə bir fikir səslənmişdi ki, enerji xətlərinin mühafizəsinin ən etibarlı yolu onların NATO qüvvələri tərəfindən qorunmasıdır. Bundan başqa, regionun təhlükəsizlik arxitekturası ilə bağlı problemlər yenidən aktuallıq kəsb edir. BMT üzvü, müstəqil dövlət olan Gürcüstan Rusiyanın təcavüzünə məruz qaldı. Digər dövlətlər üçün də belə təhlükə yoxdurmu? Yaranmış vəziyyətdən hansı nəticə çıxarmalı? Keçmiş SSRİ respublikalarının bir hissəsinin NATO-ya inteqrasiya olunmaq istəyi ilə vidalaşmalı, yoxsa, əksinə buna dəstək verməli? İndi tələsik qərarlar və nəticələr vaxtı deyil.

Amma problem göz önündədir. Aydındır ki, keçmiş SSRİ respublikalarının bir hissəsi hələ də etibarlı təhlükəsizlik sisteminə malik deyillər, hər an təcavüzə və hərbi müdaxiləyə məruz qala bilərlər. Bu, isə əbədi olaraq davam edə bilməz.
Gürcüstan ən çətin anda da seçimini etməkdədir. Bu respublika MDB-dən çıxdığını bəyan etdi. İndi söz dünyanın böyük güc sahiblərinindir. Onlar necə hərəkət edəcək? Yeni geosiyasi sövdələşməyə gedəcəklər, yoxsa müdafiəyə həqiqətən də ehtiyacı olan respublikalara dəstək verəcəklər? Çox güman ki, yaxın zamanda olmasa da, müəyyən müddətdən sonra bu sualın da cavabı veriləcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG