Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:43

Jurnalistləri döyənlərdən birinin əlində ATV-nin vəsiqəsi olub


Famil İbrahimov
Famil İbrahimov
Naxçıvanın Nehrəm kəndində yaşlı adamların bir araya yığışmasına qadağa qoyulub. Bunu «Azadlıq» radiosuna kəndin camaatı söyləyir.

Onların sözlərinə görə, kənd sakinləri tez-tez «Cin bazarı» adlandırdıqları əraziyə toplaşır, söhbət edir, günlərini keçirirlər. Sakinlər bildirir ki, hətta kənddə iki-iki, üç-üç gəzmək də qadağan olunub. Nehrəm camaatı deyir ki, polislər camaatı dağıdıb ki, gedin evinizdə oturun.

Sakinlərin problemini araşdırmaq üçün Nehrəmə gedən «Azadlıq» radiosunun Naxçıvan müxbirləri Məlahət Nəsibova və İlqar Nəsibov isə tanımadıqları mülki geyimli şəxslərin təzyiqlərilə üzləşiblər. FOTOSESSİYA

Məlahət Nəsibova deyir ki, sakinlərlə söhbət edib öz vəzifə borclarını yerinə yetirdikləri vaxt mülki geyimli şəxslər onlara hücum edib mikrafonu sındırıblar.

«Bizi bura kənd ağsaqqalları problemlərə görə çağırmışdılar. Bu gün səhər Babək rayon polisinin nümayəndələri Nehrəmdə olub və sakinlərə deyiblər ki, kəndin mərkəzindən kənara çıxmasınlar. Camaatla görüşdük, şəkillərini çəkdik, səslərini yazdıq. Bundan sonra əllərində press-kart tutmuş mülki geyimli şəxslər üstümüzə hücum edib mikrafonları əlimizdən aldılar və sındırdılar. Polis də bu hadisələrə seyrçi qaldı».

Məlahət Nəsibova deyir ki, İlqar Nəsibov sifətindən xəsarət alıb:

«Bizi təhqir etdilər, dedilər ki, kənddəki problemləri işıqlandırmayın».

Naxçıvan Daxili İşlər Nazirliyindən isə «Azadlıq» radiosuna deyiblər ki, Nehrəm kəndində baş verənlərlə bağlı onlara hər hansı məlumat daxil olmayıb. Babək Rayon Polis İdarəsindən də məsələdən xəbərsiz olduqlarını bildiriblər:

«Bir şey olsaydı, bizə xəbər verərdilər»

Nehrəm kəndinin Səfər adlı sahə müvəkkili isə deyir ki, kənddə polis camaata qarşı heç bir zor işlətməyib və müxbirlərə də hücum edən olmayıb:

«Yalan söhbətdi, burda belə şey olmayıb».

Məlahət Nəsibovanın dediyinə görə, onlara hücum edən mülki geyimli şəxslərdən birinin - Famil İbrahimovun əlində «Azad Azərbaycan» televiziyasının (ATV) vəsiqəsi olub. ATV-nin departament rəhbəri Natiq İbrahimov isə deyir ki, onların Famil İbrahimov adlı əməkdaşları olub və o, mühafizədə işləyib. Amma həmin şəxs bir neçə il əvvəl işdən kənarlaşdırılıb. Natiq İbrahimov bildirir ki, onlar əməkdaşlara vəsiqəni bir illik verirlər, həmin vaxt bitəndən sonra isə sənəd etibarsız sayılır. O, məsələni araşdıracaqlarını söyləyir:

«Araşdırarıq görək nə məsələdi».

Nehrəm sakinlərinin sözlərinə görə, mülki geyimli şəxslər müxbirlərə hücum edərkən kənddə olan polislər hadisəyə müdaxilə etməyiblər. Məlahət Nəsibova deyir ki, onlar üzləşdikləri təzyiqlə bağlı Babək rayon prokurorluğu və polisinə müraciət etsələr də, ərizələri qəbul olunmayıb. Babək Rayon Polis İdarəsinin növbətçisi isə deyir ki, idarədə ondan başqa heç kəs yoxdur, şikayət ərizələrini isə rəis özü qəbul edir.
XS
SM
MD
LG