Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:31

A.Gül: «Biz bir həmlə etdik»


Türkiyə prezidenti Abdulla Gül və «Azadlıq» radiosunun müxbiri Mais Əlizadə
Türkiyə prezidenti Abdulla Gül və «Azadlıq» radiosunun müxbiri Mais Əlizadə
Türkiyə prezidenti Abdulla Gül «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:

- 1993-cü ildə «Turkish Daily News» qəzetinə verdiyiniz müsahibədə demişdiniz ki, biz iqtidara gələn kimi Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq. Yerevana səfəriniz müəyyən mənada 15 il əvvəl dediyiniz həmin sözlərə istiqamətlənməyib ki?

- Biz proaktiv bir siyasət həyata keçiririk. Bir də məsələnin psixoloji tərəfi var, bu psixoloji mühiti dəyişdirmək lazımdır. Sülh və sabitlik hamının mənafeyinədir, bunun olması üçün problemlərin həll edilməsi lazımdır. Məsələlərin həlli üçün isə müzakirə və dialoq lazımlıdır. Mən inanıram ki, Türkiyə ilə Ermənistan, Ermənistanla Azərbaycan arasındakı problemlər sadəcə ikitərəfli məsələlər deyil - bu problemlər bütün bölgəni yaxından maraqlandırır. Əgər bir yerdə yaxşılaşma olursa, bütün bölgədə yaxşılaşma olar. Bir yerdə problemlər yarananda, bütün bölgədə işlər pis getməyə başlayır. Gürcüstanla Rusiya savaşdı, ancaq bu, hər kəsə mənfi təsir göstərdi. Əgər Türkiyə ilə Ermənistan arasında münasibətlər yaxşılaşarsa, bunun faydasını Azərbaycan da görəcək. Bunların hamısını bir bütöv şəkildə görmək lazımdır. Müzakirə etmək - hansı məsələdəsə güzəştə getmək deyil. Müzakirə etmək məsələlərin həlli yollarını tapmaqdır. Mən Xarici İşlər naziri və Baş nazir olanda da, prezident vəzifəsinə seçiləndən bəri də Azərbaycanın torpaq bütövlüyünə və Qarabağ probleminin ədalətli şəkildə həllinə Türkiyə olaraq böyük dəstək vermişik. BMT, İKT, Avropa Şurası və ATƏT-dəki çıxışlarım Türkiyənin nə qədər səmimi olduğunu göstərib. Biz dəstəyimizi sözdə deyil, işdə göstəririk. Əminəm ki, bu təqdir edilir və ediləcək. Problemin davam etməsimi yaxşıdır, yoxsa problemin həll edilməsi üçün ciddi-cəhd göstərilməsimi?

- Problemin həll edilməsi üçün Azərbaycan və Ermənistan prezidentləri də görüşürlər. Sarkisyan seçiləndən sonra iyun ayında İlham Əliyevlə Sankt-Peterburqda görüşüblər...

- O görüşləri biz də dəstəkləyirik. Hətta biz Xarici İşlər nazirlərinin üçtərəfli iclaslarını da keçirdik. NATO-nun İstanbuldakı zirvə toplantısında. Ancaq bir həqiqət var: Minsk Qrupunun yaradılmasından 17 il keçdi. Çox da mühüm nəticələr əldə edilə bilmədi. Madam ki, Qafqazda daşlar yerindən oynadı, biz də bir həmlə etdik. Bu həmləmiz nəticə versə, hamımız xoşbəxt olarıq.

- Bölgədə hərəkətli günlər yaşanır. Sizin səfərinizdən əvvəl Rusiya Xarici İşlər naziri Lavrov Türkiyədə idi. Daha sonra ABŞ-ın vitse-prezidenti Dik Çeyni Bakıya gəldi, oradan Tbilisiyə və Kiyevə getdi. Çeyni Rusiyanı terror təşkilatlarına silah satmaqda günahlandırdı. Kremlin ideoloqları deyir ki, bundan sonra boru xətlərini NATO deyil, Rusiya qoruyacaq. Bununla bağlı nə demək istərdiniz?

- Qafqazda sabitlik və əməkdaşlıq olarsa, enerji məsələləri də özlüyündə həll edilər. Boru xətlərinə müdaxilə edilməsi çox sıxıntı yarada bilər. Ona görə də bölgədəki əməkdaşlığın enerji məsələsinə də müsbət mənada çox təsiri olacaq. Bəzi ölkələr deyir ki, Bakı-Tbilisi-Ceyhanın önəmi azaldı, ancaq bu doğru deyil. Mən Rusiyadan bölgədəki enerji xətlərinə zərər verəcək bir davranış gözləmirəm. Biz enerji sahəsində hər kəslə əməkdaşlıq etməyə hazırıq. İndi Rusiyanın təbii qazını Türkiyə üzərindən dünyaya çıxarmaq üçün planlarımız var. Əgər sabitlik olsa, hər yerdə inkişaf olacaq. Biz Ermənistanın da bizim qədər inkişaf etməsini istəyirik. Qoy, onlar da inkişaf etsin.

- Qərb mediasında artıq «Nabucco» layihəsinin də aradan qalxdığına dair fikirlər səslənir. Bu barədə Sizin fikriniz nədir?

- Mən o cür fikirləşmirəm. Ehtiyac olduğu təqdirdə ikinci bir «Mavi axım» inşa edilə bilər. Biz bunlara açığıq. Elə vaxt gələcək ki, mövcud xətlər kifayət etməyəcək. Ona görə də mən əvvəl-axır «Nabucco»nun həyata keçəcəyindən əminəm. Bir gün Xəzər, Orta Asiya və Qafqaz regionunun enerji xətləri ilə birləşəcəyinə inanıram.

- Ermənistana Rusiyanın təsirinin çox olması barədə fikirlər var. Bu fikirlərin doğru olduğunu qəbul edərsək, Ermənistana səfəriniz Moskvanın Yerevan üzərindəki təsirini də azaltmağa xidmət edə bilərmi?

- Rusiya Türkiyənin nə qədər açıq və dürüst bölgə ölkəsi olduğunu gördü. Buna görə də Rusiyanın kömək etməsi lazımdır. Rusiya Qarabağ məsələsinin bir an əvvəl həll edilməsinə kömək etməlidir. Mən dekabr ayında Moskvaya rəsmi səfərə gedəcəyəm, bu məsələlər barədə orada danışacağam. Ermənistan rəhbərliyinin qərarlılığı çox önəmlidir, diasporun bir əli yağda, bir əli balda yaşayır, ancaq əsas sıxıntını Ermənistan çəkir. Mən inanıram ki, Ermənistanın qonşuları ilə yaxın münasibət yaratması diasporun da ürəyindən olacaq. Türkiyə bir-birinin ardınca cəsarətli addımlar atdı, arxivlərimiz açıqdır. «Soyqırımı» ilə bağlı müstəqil mütəxəssislərin çıxaracaqları nəticələrə biz razıyıq.
XS
SM
MD
LG