Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:14

İlham Əliyevin Moskva səfəri nə vəd edir?


Dmitri Medvedevin dəvətilə baş tutan səfər indi siyasi müşahidəçilərin diqqət mərkəzindədir
Dmitri Medvedevin dəvətilə baş tutan səfər indi siyasi müşahidəçilərin diqqət mərkəzindədir
Prezident İlham Əliyev Moskvada səfərdədir. Rusiya prezidenti Dmitri Medvedevin dəvətilə baş tutan səfər indi siyasi müşahidəçilərin diqqət mərkəzindədir. Rusiyanın Azərbaycanla bağlı sualları çoxdur. Gürcüstanla münaqişə vaxtı Azərbaycan hadisələrə fəal müdaxilədən çəkinsə də, bu hələ də Rusiyanın bütün sual və tələblərinə «hə» demək deyil. Rusiya öz neytrallığını qismən saxlamış Cənubi Qafqaz respublikasından daha aydın mövqe gözləyir.

Regionda isə vəziyyət mürəkkəbləşməkdə davam edir. Üstəlik, Rusiyanın spesifik bir xüsusiyyəti var: Qərbdən fərqli olaraq Rusiya əvvəlcə nəsə edir, sonra bunun ətrafında müttəfiq toplamağa başlayır. İndi Rusiya Cənubi Osetiya ilə Abxaziyanın tanınması prosesinin dönməz olduğunu bildirir, yaxın vaxtlarda onlarla diplomatik əlaqələrin qurulacağını vəd edir, bu ərazilərdəki öz sülhməramlılarının adını dəyişib hərbi kontingent qoyur.

Rusiyanın inadı göz qabağındadır. Amma digər sektorda da proseslər donmayıb. NATO üzvləri Gürcüstana toplaşıb, Gürcüstan – NATO Şurasının yaradılmasına cəhd edilir.

Elə bu səbəbdən Rusiyanın problemi təkcə Gürcüstanın NATO-ya daxil olması perspektivi deyil. Rusiyanın yaxın müttəfiqi Ermənistan da kommunikasiya baxımından çox pis vəziyyətdədir. Üstəlik, vasitəçilik etimadını itirmiş Rusiya Minsk Qrupundakı mövqeyini də əldən vermək istəmir.
Cənubi Qafqazda siyasi qürubunu yaşayan Rusiya yeni dayaqlar və müttəfiqlər axtarır. Amma vəziyyət ürəkaçan deyil. Hətta Rusiyaya ən yaxın olan MDB üzvləri belə Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımaq istəmir
Cənubi Qafqazda siyasi qürubunu yaşayan Rusiya yeni dayaqlar və müttəfiqlər axtarır. Amma vəziyyət ürəkaçan deyil. Hətta Rusiyaya ən yaxın olan MDB üzvləri belə Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımaq istəmir. Bunu Azərbaycandan da gözləmək əbəsdir. Bu vaxta qədər Azərbaycan bir neçə dəfə bəyan edib ki, Gürcüstanın ərazi bütövlüyünü müdafiə edir.

Amma çox güman ki, Rusiya Azərbaycanın Gürcüstanla əlaqələrini zəiflətməyə, onları minimuma endirməyə çalışacaq. Amma bu əlaqələr o qədər dərinləşib ki, onları zəiflətmək o qədər də asan məsələ deyil. Neft xətləri, GUAM, çəkilməkdə olan dəmiryolu xətti... Bütün bunları zəiflətmək bir o qədər də asan məsələ deyil. Ola bilsin, Rusiya Azərbaycanı Gürcüstana qazı daha baha qiymətə satmağa təhrik etməyə çalışacaq. Ümumiyyətlə, qaz məsələsi danışıqlarda mühüm rol oynayacaq. Rusiya Azərbaycan qazını tamamilə almaq niyyətindən hələ də əl çəkməyib.
Azərbaycanın NATO ilə bağlı planları da Rusiya üçün az maraq kəsb etmir. Düzdür, Azərbaycan bu məsələdə çox ehtiyatlıdır. Üstəlik, bu ehtiyat təkcə sırf geosiyasi səbəblərdən yaranmır. Hökumət Qərblə inteqrasiyaya çox ehtiyatla yanaşır. Daxildəki avtoritar meyllər bundan çəkindirir. Elə bu da hazırda Azərbaycan üçün arzuolunmaz koalisiyaya yol açır. İndi Rusiyanın ətrafında Belarus və bir də avtoritar Orta Asiya respublikaları qalıb. Demokratik Ukrayna və Gürcüstan da bir vaxtlar Baltik respublikaları kimi bu məkanı tərk edirlər. Təsadüfi deyil ki, bu proses SSRİ-nin ikinci dəfə dağılması ilə müqayisə edilir.

Çox güman ki, Azərbaycanın siyasi tərəddüdləri NATO-nun bölgəyə fəal şəkildə gəlişinə yardımçı olmağa imkan verməyəcək. Rusiya rəhbərliyi hələ də əmin etməyə çalışır ki, onlar Qarabağ münaqişəsinə fərqli şəkildə yanaşırlar. Amma bu təminatsız vədlərdir. Rusiya o vaxta qədər belə deyəcək ki, Azərbaycan onun siyasi orbitindən çıxmasın və Qarabağ diplomatiyası da onun cızdığı ssenari üzrə hərəkət etsin. Zaman keçdikcə istisna deyil ki, Rusiyanın Azərbaycana qarşı hərbi və geosiyasi tələbləri sərtləşsin. Baxmayaraq ki, bölgədə güc balansı dəyişir.

Amma balansın dəyişməsi, NATO-nun bölgəyə müdaxilə etməsi Rusiyanı vadar edə bilər ki, özünün məhdud hərbi ittifaqını daha da gücləndirsin. O vaxt Azərbaycanın qarşısına Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olmaq tələbi qoyula bilər. Bu, isə faktiki olaraq ölkənin müstəqilliyinin məhdudlaşdırılması deməkdir.

Hər halda bunu istisna etmək olmaz. NATO bölgəyə sirayət edərsə Rusiya çalışacaq ki, öz ətrafında etibarlı hərbi çətir qursun. Bunun üçün isə MDB respublikalarına müraciət edəcək.

Hər halda Moskvanın dostluğu yaxşı heç nə vəd etmir. Təcrübə göstərir ki, bu ölkə yaxın xaricinə, xüsusən də keçmiş SSRİ respublikalarına münasibətdə imperiya ambisiyalarından qurtula bilmir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG