Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:27

Təqaüdçü: «Ailəmin yanında başı aşağıyam»</a> <img src="/img/icon-photogallary.gif" border=0 />


«Yoxsulluğun həddinin 30 faiz olduğunu deyənlər, rəqəmləri şişirdirlər»
«Yoxsulluğun həddinin 30 faiz olduğunu deyənlər, rəqəmləri şişirdirlər»
«Əgər özləri bazarın, mağazaların, aptekin yolunu tanımırlarsa, bizim halımızı necə bilə bilərlər…»

Ələsgər dayı təqaüdçüdür, ayda 80 manat alır. Hökumətin hesablamasına görə, aylıq gəliri yaşayış minimumu dəyərindən, yəni 70 manatdan az olan şəxslər yoxsuldurlar. Bu göstərici ilə yalnız təqaüdlə dolananlara, elə Ələsgər dayıya da yoxsul demək olmaz. Amma həmsöhbətim deyir ki, təkcə 80 manatın ümidinə qalsa, bugünkü qiymətlərlə heç qarnını da doyuzdura bilməz:

«Ailəmin yanında başı aşağıyam, özümü cinayətkar hesab edirəm, çünki ailəmi saxlaya bilmirəm. 40 il dəniz qazma idarəsində işləmişəm, mənə indi 80 manat verirlər. Bunun 25 manatı gedir dava-dərmana. Bu məbləğlə su, işıq və qaz pulu verirəm. Bir dəfə götürsün özü hesablasın ki, 80 manatla bir ayda nə ala bilər? Toxun acdan xəbəri olmur».

Rəsmi statistik göstəriciyə görə, ötən ilin sonunda ölkədə yoxsulluğun səviyyəsi azalaraq 15,8 faizə düşüb. 2002-ci ildə bu göstərici 46 faiz, 2005-ci ildə isə 29 faiz olub.
Prezident İlham Əliyev 2008-2015-ci illərdə yoxsulluğun daha da azaldılması və davamlı inkişaf Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu gedişlə bu il üçün ölkədə yoxsulluğun səviyyəsinin 14 faiz, 5 il sonra isə 4 faizədək azalacağı proqnozlaşdırılır. Amma müstəqil iqtisadçılar bu rəqəmlərlə razılaşmırlar.

İqtisadçılara görə, hazırda Azərbaycanda bir nəfərin minimum tələbatını ödəməsi üçün ən azı 110 manat tələb olunur. Ölkədə isə hər üç nəfərdən birinin gəliri bu məbləğdən azdır, başqa sözlə, 30 faiz əhali yoxsul hesab olunmalıdır. İqtisadçı Rövşən Ağayev deyir ki, hökumət yaşayış minimunu belə düzgün hesablamır:

«Dünyada əhalinin gəlirlərinə görə yox, xərclərinə görə yoxsulluq ölçülür. Yoxsulluq həddi hesablanarkən minimum istehlak xərclərinin obyektiv dəyəri götürülməlidir. O halda Azərbaycanda yoxsulluğun həddi elan olunan 15 faiz yox, bundan iki dəfə çox olardı».

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da deyir ki, yoxsulluğun həddi hesablanarkən beynəlxalq normalar nəzərə alınmalıdır:

«Yoxsulluq məsələsinə biz yalnız gəlir məsələsi kimi baxırıq. Amma yoxsulluq sadəcə bununla ölçülmür, başqa indikatorlar da var. Məsələn, ayrı-ayrı ölkələrdə yoxsulluğun səviyyəsi 5 yaşında uşağın boy artımı, ana və uşaq ölümünün səviyyəsi, vətəndaşların içməli suyla təminatı, kanalizasiya, təhsil, səhiyyə və digər xidmətlərin səviyyəsi ilə ölçülür. Azərbaycanda belə bir hesablama aparılmır. Yalnız adambaşına düşən gəlirlər götürülür».

Qubad İbadoğlu da deyir ki, bütün bu normalar üzrə dəqiq hesablamalar aparılarsa, hazırda ölkədə yoxsulluğun səviyyəsi 30 faizdən az deyil. Başqa sözlə, reallıq onu göstərir ki, yoxsulların sayı ötən illə müqayisədə azalmayıb, əksinə artıb.

Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasından Musa Quliyev isə bu deyilənlərlə razılaşmır. Onun fikrincə, yoxsulluğun həddinin 30 faiz olduğunu deyənlər, rəqəmləri şişirdirlər.

Müstəqil iqtisadçılar isə deyirlər ki, işsizlik və pensiya təminatı sistemi yenidən qurulmasa, inhisarçılar və korrupsiya ilə mübarizə gücləndirilməsə, bölgələrdə iqtisadi inkişafa nail olunmasa, yoxsulluğun həddinin real azaldılması mümkün olmayacaq.
XS
SM
MD
LG