Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:47

«Praqa piratı» özünü Napoleona bənzədir


Kojeni Azərbaycanı 1997-ci ildə gözaltılayıb
Kojeni Azərbaycanı 1997-ci ildə gözaltılayıb
Viktor Kojeni Baham adalarında, öz yataq otağında, bambuk ağacından hazırlanmış iş masasının arxasında yalın ayaqlarını bir-birinin üstünə aşırıb, gününün 12 saatını kompyuter önündə keçirir. Kojeni London məhkəməsində ona qarşı irəli sürülən iddiada vəkillərinə kömək edir, alternativ enerjidən istifadəyə dair ideyalarını internet səhifəsinə yerləşdirir. Boş vaxtlarında isə Karib dənizinin mavi və yaşıla çalan sularında çimir. Bu dənizin ləpələri Kojeninin evinin arxa divarlarını yuyur.

«Qaçqın həyatı çox çətindir». Bunu Viktor Kojeni 29 milyon dollarlıq malikanəsində «Bloomberg» Agentliyinin müxbiri David Glovinə müsahibəsində deyir:

«Mən özümü Müqəddəs Yelena adasına sürgün edilmiş Napoleona bənzədirəm».

Milliyyətcə çex olan 45 yaşlı Kojeni bunu Baham həyatı barədə deyir. O, 1999-cu ildən Baham adalarında yaşayır.

O deyir ki, Havel də həbsdə yatıb:
«Kimsə onun prezident olacağını düşünəndə gülə bilərdi».

Kojeni həbsdə yatmış digər məşhurların adlarını da sadalayır:

«Nelson Mandela, Aleksandr Soljenitsın…»

Onun sözlərinə görə, adını təmizə çıxaracaq və 2014-cü ildə Avropa Parlamentinə üzv olmağa çalışacaq.

Ancaq ittihamçılar Kojeninin siyasi məqsədlərini poza, onu həbsə göndərə bilərlər. Nyu-York prokuroru deyir ki, Kojeni amerikalılardan 182 milyon dollar oğurlayıb. Bu amerikalılar 10 il bundan əvvəl Kojeniyə inanıb, Azərbaycan Dövlət Neft Şirkətinin səhmlərini almaq üçün investisiyalar yatırıblar. Kojeninin Azərbaycan rəsmilərinə milyonlarla dollar rüşvət verdiyi bildirilir. Bundan başqa, Çexiya ittihamçıları da Kojeniyə iddia irəli sürüblər. O, 1990-cı illərdə qarşılıqlı fondlarla bir milyard dollardan çox pulu mənimsəməkdə ittiham olunur.

Az qala Birləşmiş Ştatlar Kojeninin ekstradisiyasına nail olacaqdı. Ancaq vəkilləri buna mane olmağı hələlik bacarırlar. «Praqa piratı» 19 ay Bahamda Foks Hill həbsxanasında ciddi rejimli kamerada saxlanılıb.

Ötən il Baham məhkəməsi qərar çıxarıb ki, Kojeni Amerikanın rüşvət əleyhinə qanunlarına tabe deyil və onu azadlığa buraxıblar.

İndi Kojeni məhkəmənin qərarına əsasən adadan çıxa bilməz. O, vaxtının çoxunu internetdə enerji layihəsinə dair araşdırma aparmaqla keçirir.

Kojeniyə təzyiq edən ictimai qruplarsa deyirlər ki, onlar bu çexin yer kürəsinin müxtəlif guşələrində milyonlarla dollar yığmasından şübhələnirlər. Onların deməsinə görə, Kojeninin özünü kasıb adlandırması gülməli səslənir. Bir qrup hətta Kiprdə hesabların izinə düşüb və dediklərinə görə, bəzilərinin axırına çıxa bilib.

Ancaq müəllif yazır ki, Kojeninin bugünkü həyatı təxminən 10 il əvvəlki ilə müqayisədə daha az cazibədar görünür. Vaxt varıydı Kojeni bir nahara 23 min dollara yaxın pul xərcləyirdi, dünyanı şəxsi təyyarəsi ilə gəzirdi. İndisə onun sarışın saçı seyrəlməkdədir, 188 santimetrlik boyu eninə genişlənib, çəkisi isə 104 kiloqram olub.
Onun üç pozulmuş nikahdan dörd qızı var, bu qızlarını tez-tez görə də bilmir. Hazırda anasıyla birgə yaşayır.

Kojeni məhkəmə işləri ilə bağlı deyir ki, bu proseslər onun həyatının professional, sosial, maliyyə və ailə həyatı baxımından ən yaxşı və ən məhsuldar dövrünü korlayıb:

«Elə bil ki, səni yük maşını vurub».

Kojeni pul gizlətdiyini inkar edir, deyir ki, gizlədiləsi bir şey yoxdur. Soruşanda ki, son doqquz ildə hansı pula yaşayıb, vəkillər ordusunu necə saxlayıb, 68 yaşlı anası ilin yarısını Monakoda necə keçirə bilib, Kojeni cavab verir ki, anası bu xərclərin bir hissəsini özü ödəyib. Anası ailə şirkətləri tərəfindən Çexiyada halallıqla qazanılan pulu xərcləyib.

Kojeni Azərbaycanı 1997-ci ildə gözaltılayıb. Dövlət Neft Şirkəti dəyərindən çox aşağı qiymətlə satışa çıxarıla bilərdi. O, fikirləşib ki, bu şirkəti əldə edə və daha baha qiymətə - milyardlarla dollara sata bilər.

Kojeni investorlar cəlb etməyə başlayıb, bunun çox nadir fürsət olduğunu deyib. İnvestisiyaların qoyulması üçün «Oily Rock Group Ltd.»ni yaradıb. Kojeni öz çeklərinin satılmasında kömək istəyən qurumları da bu işə cəlb edə bilib. «Omega» Kojeniyə 126 milyon dollar, AİG sığorta şirkəti və Kolumbiya Universiteti hərəyə 15 milyon dollar yatırıblar. Ancaq Azərbaycan Dövlət Neft Şirkətini satmayıb, bu müəssisələrsə Kojeniyə iddia qaldırıblar.

Kojeni bu planının alınmadığını etiraf edir, ancaq investorların dediyi ilə razılaşmır. Dediyinə görə, investorların onun Azərbaycan rəsmilərinə rüşvət verməsindən xəbərləri olub. O, razılaşmanı xilas etmək üçün keçmiş prezident Heydər Əliyev və digər rəsmilərə neft şirkətinin səhmlərindən üçdə ikisini vəd edib, üstəlik, nağd şəkildə bir neçə milyon dollar verib.

Müəllif yazır ki, «Transparency İnternational» beynəlxalq şəffaflıq təşkilatının 2007-ci ilin indeksinə görə, Azərbaycan 179 ölkə arasında 150-ci olub. Ancaq Azərbaycanın ABŞ-dakı baş konsulu Elin Süleymanov korrupsiyayla bağlı deyilənləri təkzib edir.

Kojeni hələ də investorların pulunu oğurlaması barədə deyilənləri qəbul etmir, deyir ki, haqq onun tərəfindədir.

Kojeni «Bloomberg»in müxbirini qəhvəyi «Ford Mustanq»ında Foks Hillə - həbsxanaya da aparıb. Bu məhbəsi «Amnesty İnternational» sıxlıq və zorakılığa görə tənqid edib. Kojeni burda pnevmoniyaya yoluxduğunu deyir, az qala öldüyünü iddia edir. Həbsxana nəzarətçisi isə Kojeni ilə insani rəftar etdiklərini bildirir. Dediyinə görə, onu hər gün gəzməyə çıxarıblar, kamerasının qarşısında isə böyük elektrik ventilyatoru olub.

Foks Hill divarları arxasında Kojeni növbəti biznes müəssisəsi barədə də fikirləşib. O, elə qurğular, boya, divar kağızı istehsal etmək istəyir ki, tərkibində enerji yaradan maddələr olsun. Bu cür hissəciklər günəş işığını, istiliyi, titrəyişləri elektrik enerjisinə çevirsin.

Kojeni deyir ki, fizika onun həyatıdır, «hər hansı biznesmendən daha yaxşı riyaziyyatı və fizikanı bilirəm, hər hansı alimdən daha yaxşı qanunu və biznesi bilirəm». Hələliksə, «Praqa piratı» qızıl qəfəsdə, hələ uzun müddət bu nəzəriyyə üzərində işləməli olacaq. Elə özü də deyir ki, Baham adalarında bir neçə il qala bilər.

Dosye

DOSYE
Kojeni Azərbaycanı 1997-ci ildə gözaltılayıb. Dövlət Neft Şirkəti dəyərindən çox aşağı qiymətlə satışa çıxarıla bilərdi. O, fikirləşib ki, bu şirkəti əldə edə və daha baha qiymətə - milyardlarla dollara sata bilər.

Kojeni investorlar cəlb etməyə başlayıb, bunun çox nadir fürsət olduğunu deyib. İnvestisiyaların qoyulması üçün «Oily Rock Group Ltd.»ni yaradıb. Kojeni öz çeklərinin satılmasında kömək istəyən qurumları da bu işə cəlb edə bilib. «Omega» Kojeniyə 126 milyon dollar, AİG sığorta şirkəti və Kolumbiya Universiteti hərəyə 15 milyon dollar yatırıblar. Ancaq Azərbaycan Dövlət Neft Şirkətini satmayıb, bu müəssisələrsə Kojeniyə iddia qaldırıblar.

Kojeni bu planının alınmadığını etiraf edir, ancaq investorların dediyi ilə razılaşmır. Dediyinə görə, investorların onun Azərbaycan rəsmilərinə rüşvət verməsindən xəbərləri olub. O, razılaşmanı xilas etmək üçün keçmiş prezident Heydər Əliyev və digər rəsmilərə neft şirkətinin səhmlərindən üçdə ikisini vəd edib, üstəlik, nağd şəkildə bir neçə milyon dollar verib.
XS
SM
MD
LG