Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:29

Medvedev Bakıya niyə gəlmək istəyir?


Prezident Medvedev 2008-ci ilin iyulun 3-də Bakıda rəsmi səfərdə olub
Prezident Medvedev 2008-ci ilin iyulun 3-də Bakıda rəsmi səfərdə olub
Rusiya prezidenti Dmitri Medvedevin yaxın vaxtlarda Bakıya səfər edəcəyi haqda xəbərlər yayılıb. Bu ilk baxışdan bir qədər təəccüblü görünür, çünki iki dövlət arasında yüksək səviyyəli səfərlər son dövrdə intensiv xarakter alıb. Amma o da faktdır ki, Rusiya Medvedevin hakimiyyəti dövründə olduğu qədər heç vaxt təklənməmişdi. İndi MDB respublikalarının bir hissəsi Rusiyanın demək olar ki, yeganə anlaşma və dialoq yeridir.

Səfər ərəfəsində artıq müəyyən fərziyyələr səslənir.

Heç kim üçün sirr deyil ki, Minsk Qrupunun həmsədrlərinin bir yerə toplaşmaq istəməməsi, qonşu Gürcütsandakı hadisələr Rusiyanı öz imicini azacıq da olsa yaxşılaşdırmağa sövq edir. Ona görə də Rusiya Qarabağ məsələsində fəallığını bir qədər artırıb. Amma o da aydındır ki, Rusiyanı ilk növbədə narahat edən Ermənistan ətrafında yaranan blokadadır. Qarabağ məsələsinə gəldikdə isə ən azı yerli müşahidəçilər prosesdə hər hansı inkişaf görmürlər. Düzdür, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iddia etdiyinə görə «iki-üç məsələ qalıb ki, prezidentlərin növbəti görüşlərində onların razılaşdırılması gözlənir». Amma məsələ də elə bundadır. Qarabağ probleminin həllində razılaşdırılması çətin olan həmişə bir-iki məsələ olur.

Yeni haldır ki, Lavrov Türkiyənin prosesə qoşulmasını təqdir edir. Bu da ilk növbədə Ermənistanın blokadası ilə bağlıdır. Türkiyə şərtlərini yumşaldacaqmı? Hər halda bu, onun Azərbaycanla münasibətlərinə təsir edən məsələdir.

Bu vaxta qədər münasibətlər o qədər korlanıb ki, onların tez bir zamanda həll ediləcəyini gözləmək əbəs olardı. Rusiya Ermənistana özünün Cənubi Qafqazda «forpostu» deyirdi. İndi deyəsən geosiyasi münasibətlər dəyişir. Rusiya hətta Türkiyəni Qafqaza yaxın dövlət hesab edir.
Rusiyanı ilk növbədə narahat edən Ermənistan ətrafında yaranan blokadadır. Qarabağ məsələsinə gəldikdə isə ən azı yerli müşahidəçilər prosesdə hər hansı inkişaf görmürlər
Müşahidəçilər Medvedevin Bakıya səfərini müxtəlif cür yozurlar. Sabiq dövlət müşaviri Vəfa Quluzadənin fikrincə, Medvedev Bakıya alver etməyə gəlir. O, belə hesab edir ki, Rusiya prezidentinin müəyyən təminatları olacaq.

Azərbaycan Rusiyaya doğru istiqamət götürəcək, Qərblə, Amerika ilə, Türkiyə ilə əsgəri əməkdaşlığa son qoyulacaq. Əvəzində isə Qarabğla bağlı hansı güzəştlərə söz verəcəklər. Vəfa Quluzadənin fikrincə, belə alver baş tutsa, azad olunan ərazilərə rus sülhməramlıları gəlsə, onun qiyməti bir qəpikdir. Sonda politoloq belə bir fikir deyir ki, Azərbaycan müstəqilliyini itirib Qarabağ məsələsini həll etsə, bu bizə heç nə vermir.

Həqiqətən də indiki vəziyyətdə Rusiyadan başqa şərtlər gözləmək əbəsdir.Amma təəccüblü olan başqa məsələdir. Rusiya son vaxtlar xeyli zəifləyib.

Gürcüstan onun geosiyasi və hərbi iflası oldu. Azərbaycan nədən ehtiyat edir? Azərbaycan Rusiya ilə ziddiyyətlərə cəlb olunacaq halda əlavə təhlükəsizlik təminatları haqqında düşünür. Belə təminatlar var. Hazırda Gürcüstan Amerikanın himayəsindədir. Bundan başqa Türkiyə var. Qərb dünyası var. Axı bütün dünya Rusiyadan ibarət deyil? Rusiyanın hərbi qüdrəti də mifdir. Bunu hələ bir neçə il bundan əvvəl çeçenlər sübut etmişdilər. Gürcüstanda isə əsl biabırçılıq oldu. Ruslar ən başlıca istəklərinə, yerli hakimiyyəti dəyişməyə nail ola bilmədilər. Bütün Qərb dünyası Gürcüstanın müdafiəsinə qalxdı.

Geosiyasi müstəvi artıq dəyişmək üzrədir. Bəlkə də dövlət rəsmilərinin bildiyi daha incə məqamlar var. Amma illüziyalar da çoxdur. Ən böyük illüziya isə odur ki, Rusiya Qarabağı hansısa şərtlərlə Azərbaycana qaytaracaq. Bu bir halda ola bilər – ikinci respublikanın, sovetlərin vaxtında olduğu kimi. Bu, isə əlvida müstəqillik demək olardı! Azərbaycana bu lazımdırmı?

Bəlkə də bu vaxta qədər ən böyük səhvlərdən biri o olub ki, Rusiyanın Qarabağ məsələsində oynadığı rol tam aşkarlığı ilə dünyaya açıqlanmayıb.

Gürcüstanda Rusiya sülhyaratma missiyasını tam aşkar etdi, özünün əsl geosiyasi ambisiyalarını ortaya qoydu, Cənubi Osetiyanı və Abxaziyanı tanıdı. Bu, açıq hərbi teatr idi. Rusiya özünü elə aparır ki, sanki Qafqazda ona əbədi mandat verilib. Bəli, Qafqaz Rusiyanın əsarətində olub. Amma bütün müstəmləkələrin sonu var və olacaq. Artıq bütün proseslər, xüsusən də geosiyasi proseslər buna doğru gedir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG