Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:29

Metro qatarları arasında interval 2 dəqiqəyə endiriləcək


Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov
Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov
«Oktyabrın 16-dan Bakı Metropolitenində qatarların sayı artırılacaq». «Azadlıq» radiosunun «Can Bakı» proqramına Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov belə deyib. Onun sözlərinə görə, hazırda qatarlar arasında interval 3 dəqiqə olsa da, oktyabrın 16-dan interval 2 dəqiqəyə endiriləcək:

«Xəttdə saatda 28 deyil, 30 cüt qatar olacaq».

A.Rəsulov qatarlarda yaranan basabası 15 il Bakı Metropolitenində tikintinin aparılmamasıyla əlaqələndirir:

«Sovet dövründə Bakı Metropoliteni Moskvadan maliyyələşirdi. Azərbaycan müstəqillik qazanandan sonra metroda aparılan bütün tikinti işləri dayandırıldı. Düz 15 ildən sonra, 2006-cı ilin noyabrından yenidən işlər bərpa olundu. Bu günlərdə müstəqil Azərbaycanın ilk metrostansiyası («Nəsimi») istifadəyə verildi».

Arif Rəsulov deyir ki, Bakı Metropoliteni xətlərinin yeni inkişaf planı hazırlanıb. Hazırda «Memar Əcəmi» stansiyasından tikilməkdə olan beynəlxalq avtovağzala metro xətti çəkilir:

«Memar Əcəmi» stansiyasındakı iki dalan yolları inkişaf etdiriləcək. Qatarların hərəkəti dayandırılmadan birbaşa avtovağzala yol olacaq».

Bundan başqa, planda 2 yeni stansiyanın və 1 deponun inşası da nəzərdə tutulur. «Azadlıq» və «İnqilab» stansiyaları 7 və 8-ci mikrorayonları birləşdirəcək. «Azadlıq» stansiyası gələn ilin dekabrında təhvil veriləcək.

A. Rəsulov onu da deyir ki, gələcəkdə stansiyaların sayı 20-dən 60-a çatdırılacaq. Yeni sxemə əsasən layihənin reallaşması ən geci 2025-ci ilədək hazır ola bilər. Gələcəkdə əhalinin sıx yaşadığı yerlərə də metro çəkiləcəyi nəzərdə tutulub:

«Planda var ki, Rəsulzadə qəsəbəsinədək metro stansiyası yerin altı ilə, Binəqədi, Novxanı, Corat və Sumqayıta qədər isə yerin üstü ilə çəkilsin».

Gediş haqqına gəlincə, Rəsulov deyir ki, hələlik metro haqlarının artımı nəzərdə tutulmayıb:

«Son 10 ildə Bakı Metropolitenində 75 milyon sərnişin daşınırdısa, ötən il bu rəqəm 170 milyona çatıb. Bu il daha çox sərnişin daşınması gözlənilir. Hazırda gündə 700 min sərnişin daşınır. Bu, normadan 30 faiz artıqdır».

Metrodakı təhlükəsizlik məsələlərinə gəlincə, Arif Rəsulovun dediyinə görə, MDB məkanında ilk dəfə tam videomüşahidə Bakı metrosunda təşkil olunub:

«İndi qatarlarda videokameralar quraşdırılır. Metroda baş verən bütün proseslər tam izləniləcək».

Buna da bax:

XS
SM
MD
LG