Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:00

«Kredit vermirlər, «şapka» istəyirlər»


İqtisadçılar hesab edirlər ki, sahibkarların əksəriyyəti rüşvət verib fəaliyyət göstərməyə məcburdurlar
İqtisadçılar hesab edirlər ki, sahibkarların əksəriyyəti rüşvət verib fəaliyyət göstərməyə məcburdurlar
«Biz girinc qalmışıq, bütün sənədlər var. İndi bilmirik Nəqliyyat Nazirliyinə gedək-getməyək. Boş ərazilər var, yer istəyirik vermirlər. Məsələn, yerimi genişləndirə bilsəm hardasa burda 20 nəfər işləyə biləcək».

Aydın İsmayılov Masallı rayonunda «Kamaz» markalı yük maşınlarına texniki xidmət göstərən müəssisənin fəaliyyətini heç cür genişləndirə bilmir. Deyir birincisi, müəssisənin fəaliyyətə başlaması üçün Nəqliyyat Nazirliyi həmin sənədləri təsdiqləməlidir, amma bilmirlər bu sənəd təsdiqlənəcək ya yox.

Bundan başqa sahibkar müəssisənin ərazisini bir qədər genişləndirib yeni avadanlıqlar quraşdırmaq istəyir ki, əl əməyindən istifadəni minimuma endirsin. Amma nə torpaq ala bilir, nə də kredit götürə bilir: «Məsələn, bəzi dəzgahlar götürmək istəyirik alınmır, ağır əl əməyilə işləyirik. Gedirsən banka kredit vermirlər «şapka» istəyirlər. Ona görə boğuluruq. Əsas boğulmağımıza səbəb üç məsələdir, birincisi pulun olmamağı, ərazinin olmamağı və bir də sənəd məsələsidir».

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun min kiçik sahibkarlıq subyekti arasında keçirdiyi sorğuda isə rəyi soruşulan sahibkarların yarıdan çoxu bildirib ki, qanunları pozmadan sahibkarlıq fəaliyyətilə məşğul olmaq mümkün deyil.
«Yeni Azərbaycan» qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Elbrus Cəfərlisə xırda və orta sahibkarlıq üçün olduqca müsbət şərait yaradıldığını deyir. Onun sözlərinə görə, 2004-cü ildən bir sıra proqram və layihələr həyata keçirilməkdədir. Elbrus Cəfərli sahibkarların kredit ala bilməməsilə bağlı səslənən mənfi fikirlərlə də razılaşmır: «Bir çox yerlərdə sahibkarların özləri qanunvericiliyi bilmirlər. Elə sahibkarlar var ki, son dövrlər sahibkarlıq sektorunun inkişafıyla bağlı xeyli təlimatlar, qanunvericilik sənədləri hazırlanıb, amma onlar həmin sənədlərdən xəbərsizdilər».

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bu nəticəni bölüşür. O, hesab edir ki, sahibkarlıqla bağlı qanunların işləməsi sahibkarların xeyrinə olsa da, onlar həmin qanunlarla işləməkdə elə də maraqlı görünmürlər: «Qanundankənar o qədər ödənişlər var ki, həm qanunla işləmək, həm də qanundankənar ödənişləri eləməklə sahibkarlıqla məşğul olmaq mümkün deyil. Ona görə, iki yol var və sahibkarlar da həmin iki yoldan birini seçirlər. Çox az qisim istəyir ki, qanunlarla işləsinlər».

İqtisadçı hesab edir ki, sahibkarların əksəriyyəti rüşvət verib fəaliyyət göstərməyə məcburdurlar və bu iş üsulu bəlkə də onlar üçün daha rahatdır: «Burda qanunların tələblərinə uyğun, qeydiyyat, hesabat və s. məsələlər elə də əhəmiyyətli deyil. Burda yeganə bir göstərici var, o da bir ayda nə qədər gəlir əldə olunmasıdır və bu kifayətdir ki, hər şeyi hesablayasan işini buna uyğun qurasan».

Qubad İbadoğluna görə, əvvəlki illərlə müqayisədə xırda və orta sahibkarlıqla bağlı müəyyən müsbət dəyişikliklər var. Yəni sahibkarlar indi hüquqi normalara uyğun, daha sivil fəaliyyət göstərirlər. Amma iqtisadçı hesab edir ki, bu sahədə müəyyən sistem qurulsa da bu o demək deyil ki, sahibkarların problemləri bununla da həll olunub. İqtisadçıya görə, yersiz müdaxilə və yoxlamalar, qeyri-rəsmi ödənişlərin artması kimi hallar hələ də qalmaqdadır.
XS
SM
MD
LG