Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:35

«Parlamentdəki müzakirə sübüt edir ki, söz azadlığı yoxdur»


Ssenarist və kinorejissor Rüstəm İbrahimbəyov
Ssenarist və kinorejissor Rüstəm İbrahimbəyov
Tanınmış yazıçı, dramaturq, ssenarist və kinorejissor Rüstəm İbrahimbəyov «Azadlıq» radiosunun «İşdən sonra» proqramına müsahibə verib. Müsahibənin tam mətnini təqdim edirik:

- Verdiyiniz müsahibə Azərbaycan cəmiyyətində baş verənlərin tənqidi kimi qiymətləndirilir. Bəs yaranan vəziyyətdən çıxış yolunu necə görürsünüz?

- Mən dediklərimə aydınlıq gətirmək istəyirəm. Tənqid edənlər deyirlər ki, guya, mən əyalətdən Bakıya böyük insan axınını pisləyirəm. Bu, həqiqət deyil. İş orasındadır ki, dünyanın heç bir paytaxtı əyalətdən gələnlər olmadan yaşaya bilməz. Nəslimin yarısı Şamaxıdandır. Bakı ziyalılarının tam əksəriyyəti əyalətdən gələn insanlar hesabına formalaşıb. Söhbət başqa şeydən gedir. İstənilən demoqrafik proseslər normal gedişata malik olmalıdır. Normal tarixi inkişafa malik olmalıdır. Alov yaxşıdır, su da yaxşıdır. Lakin alov çox olanda, bu, yanğındır. Su çox olanda, subasmadır. Bakıya eyni anda iki milyon adam gəlirsə, bu, demoqrafik faciədir. Biz bunu inkar edə bilmərik. Gələnlər arasında layiqli və şəhərdə yaşamaq ixtiyarına sahib olanlar var. Eyni zamanda, gəlməyə məcbur olanlar da var. Onların günahı yoxdur ki, belə vəziyyətə düşüblər, zəhmətkeş olublar.

Amma nəticə etibarilə, Bakı simasını dəyişdi. Bu, artıq başqa şəhərdir. Bu sözlərimdə dəhşətli və sarsıdıcı nə var ki, anlaya bilmirəm. Ziyalı fəhlə də, kolxozçu da, həkim də, nazir də, yazıçı da, bəstəkar da ola bilər. Ziyalılıq - savadlıq səviyyəsinin göstəricisi deyil. Bu, xüsusi dünyagörüşdür. İçində isə mənəvi ideallar maddi düşüncəni üstələyir. Biz bilirik ki, hazırda Azərbaycanda insanlar vəzifəyə necə yiyələnirlər, nazir, deputat olurlar. Mən demirəm ki, hamısı. Böyük hissəsi. Bu insanlar, hansılar ki, rüşvəti verib götürürlər, ziyalı hesab oluna bilərlərmi? Əlbəttə, yox! Milli elitaya daxil ola bilərlərmi? Yox! Peşəkar olsalar da belə. Peşəkar elita milli elita demək deyil. Buna da onlar incidilər. Çünki xalq rəğbətini qazanan insan vətəndaş xüsusiyyətlərinə malik olmalıdır.

Dediklərimə gəlincə isə, o qısa olduğuna görə tənqidi səslənir. İndi deyirlər «Rüstəm İbrahimbəyov deyir ki, ermənilər Bakıdan getdi, onların yerinə azərbaycanlılar gəldi. Ona görə şəhər həyatının keyfiyyəti aşağı düşdü». Bu, axı cəfəngiyyatdır. Mən tamamilə başqa şey haqda danışıram. Çox sadə fikir var. Normal demoqrafik proses var. Şəhər həyatının nə olduğunu bilməyən iki milyonun birdən-birə gəlməsi onların günahı deyil. Məni günahlandıranlar isə sözlərimi təhrif edirlər. Əslində bu hadisə şəhər dünyagörüşünə ağır zərbədir. Mən bu haqda danışıram.

Keçən əsrin 20-30-cu illərində sovet hakimiyyəti Azərbaycan milli elitasının böyük hissəsini məhv etdi. Keyfiyyətli elita isə 60-cı illərdə formalaşmağa başladı. SSRİ-də baş verən ədalətsizliklərə rəğmən o zaman müsbət məqamlar da var idi. Sovet İttifaqı dağılanda bu elitaya da zərbə vuruldu. Yalnız indi, elitanın formalaşmasının növbəti prosesi başlayır. Amma məsələn, 20 ildir ki, normal kino təhsili olmayan yerdə bu necə baş verə bilər? Hazırda prosesin normal gedişatı pozulub.

- Sonuncu müsahibənizdə qeyd etmisiz ki, «yüksək səviyyədə tanışlığınız var və bir çox problemləri bu tanışlığın köməkliyi ilə həll edə bilirsiz. Lakin milyonlarla azərbaycanlı bu imkandan məhrumdur və reallıq qarşısında acizdir». Nə məsləhət görürsüz? Nə etsinlər?

- Nə etsinlər? Deməli, belə. Mənim müsahibəm Azərbaycanda söz azadlığının mövcudluğunun bariz nümunəsidir. Məni dəstəkləyən və ya tənqid edənlər də sərbəst olaraq öz fikirlərini söyləyirlər. Milli Məclisdəki müzakirə isə, əksinə, söz azadlığının olmamasını sübut edir. Parlament yüksək instansiyadır. Və əgər bu qurum öz iclasını hansısa özəl fikrin müzakirəsinə həsr edirsə, bu, həmin fikrə dövlət münasibətinin göstəricisidir. Azərbaycan həyatını formalaşdıran qurum üzvlərinin qeyri-peşəkarlıq göstəricisidir. Onlar anlamırlar ki, bu, Azərbaycanın imicinə fövqəl zərbə vurur. Əslində mənimlə deputatlar şəxsi, təkbətək polemika təşkil etməli idilər. Amma bunu parlament iclasına çıxarmaq olmaz. Çıxış yolu isə birdir - işləmək, çalışmaq. Mən heç vaxt düşünmədiyimi demirəm. Məsələn, kino sahəsinin inkişaf etdirmək haqda sənədlər var. İnsanlar oxumaq üçün xaricə göndərilirlər. Lakin rüşvətlə vəzifəyə gələnlər, intriqa vasitəsilə inkişafa mane olurlar. Buna görə də, Azərbaycanda təmiz, dürüst insana irəli getmək, layiqli vəzifəyə seçilmək çox çətindir. O, hansısa ailəyə mənsub olmalıdır, hansısa «yerin» nümayəndəsi olmalıdır, rüşvət verməlidir və s. Mən bundan danışıram. Təbii mexanizm pozulub. Onu bərpa etmək lazımdır. Çıxış yolu yalnız buradadır. Bu halda, istedadlı insanlar təhsil ala biləcəklər, savadlı və layiqlilər yüksək vəzifələrə sahib olacaq. Allah qoysa, bunu da yaşayıb görərik.

Buna da bax:

XS
SM
MD
LG