Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:48

Siyasətdə nəhs rəqəmlər olurmu?


Konstitusiya zəruri dövlət səlahiyyətləri istisna olmaqla heç kimə imtiyaz vermir
Konstitusiya zəruri dövlət səlahiyyətləri istisna olmaqla heç kimə imtiyaz vermir
Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 13 ili tamam oldu. Şərhlər də oldu, tarixə ekskurslar da. Amma hər şeydə bir natamamlıq elementi hiss olunur. Real həyat kağızda yazılanlardan, çıxışlarda səslənənlərdən daha qəlizdir. Konstitusiyanın onlarla maddəsi insan hüquq və azadlıqlarına həsr olunub. Amma bir həftədir ki, bir ziyalının söylədiyi bir neçə tənqidi fikir ölkəni qeyri-adi hadisə kimi təlatümə gətirib, sanki hansısa epidemiya baş verib, qeyri-adi təhlükə var! Əslində isə insan sadəcə öz fikirlərini, düşüncələrini dilə gətirib! Bəs hanı həmin «onlarla maddə»?

Konstitusiya ali dövlət sənədidir. Amma hakim Yeni Azərbaycan Partiyası ona öz nizamnaməsi kimi baxır. Gah bu dəyişiklikdən söhbət gedir, gah da başqa! Bir dəfə dəyişdilər. Özü də Avropa Şurasının tələbləri ilə bağladılar!

Məgər Avropa Şurası proporsional seçki sisteminin ləğvini tələb etmişdi? Ümumi nəticə nə oldu? Baş nazirə ikinci şəxs statusu verildi və bununla da hakimiyyət hamar trayektoriya ilə yenidən YAP-ın namizədinə ötürüldü! Proses bitibmi? YAP funksionerləri sakitləşmək bilmirlər. Əbədi, uzunmüddətli hakimiyyət yolunda Konstitusiya onlar üçün hələ də böyük maneədir. Hələlik deyirlər ki, Ali qanuna dəyişiklik etmək bir nəfərin təşəbbüsüdür. Amma təminat varmı ki, bu beşilliyin sonunda həmin bir nəfər 125 nəfər olmayacaq? Bədbəxtlikdən təcrübə də kifayət qədər var.

Məhdud hakimiyyət, hakimiyyət bölgüsü – bütün bunlar hələ Azərbaycan üçün nəzəri müddəalardır. Bütün hakimiyyət, demək olar ki, icra hakimiyyətinin əlində cəmləşib. Hətta ara-sıra peyda olan konseptual yazılarda bu təcrübə təqdir edilir və onun genişləndiriləcəyi bildirilir. Maraqlısı budur ki, belə konseptual yazılarda Konstitusiyaya deyil, prezidentlərin çıxış və məruzələrinə istinad olunur. Konstitusiya ölkənin siyasi sisteminin əsaslarını müəyyənləşdirib. Belə olan təqdirdə «alternativ» inkişaf tendensiyaları axtarmaq nə qədər məqsədə uyğundur? Bu sualın cavabı yoxdur.

Konstitusiya ali dövlət sənədidir. Amma hakim Yeni Azərbaycan Partiyası ona öz nizamnaməsi kimi baxır. Gah bu dəyişiklikdən söhbət gedir, gah da başqa! Bir dəfə dəyişdilər. Özü də Avropa Şurasının tələbləri ilə bağladılar!
Biz Konstitusiya ilə yaşayırıqmı, onun müddəalarını həyata keçiririkmi? Digər qanuni aktlar necə? Prezidentin təqdimatı ilə parlament ölkənin hərbi doktrinasını təsdiq etməlidir! Düzdür, Milli Təhlükəsizlik Konsepsiyası təsdiq olunub. Amma hərbi doktrina hələ də qəbul olunmayıb.

13 il keçib, amma bu vaxta qədər bu məsələ həll olunmayıb! Hərbi büdcə ildən-ilə artırılır, halbuki, bu vəsaitin yönələcəyi inkişaf xəttini müəyyənləşdirən sənəd yoxdur.

Deyirdilər ki, Milli Məclisin payız sessiyasında bu məsələ də həll olunacaq. Amma hələ ki, bir məlumat yoxdur.
Konstitusiya, qanun deyəndə insanlar daha çox qadağaları başa düşürlər.

Hüquq məfhumu hələ abstrakt məzmun kəsb edir. Keçmiş sovet Konstitusiyasında da insan haqları ilə bağlı çoxlu maddə vardı. Bəlkə də bu, bütün Konstitusiyalara xasdır. Hüquqlarla bağlı müddəalar da sadəcə Konstitusiyanı bəzəmək, gözəgəlimli etmək üçündür. Hər halda reallıqda gördüyümüz budur ki, hüquq və imtiyaz anlayışları tamamilə bir-birinə qarışıb. Konstitusiya zəruri dövlət səlahiyyətləri istisna olmaqla heç kimə imtiyaz vermir. Hüquq bərabərliyi və bərabər imkanlar! Onlardan faydalanan varmı?
Bəzən belə təəssürat yaranır ki, bir çox şeylər gərgin mübarizə və səylərin nəticəsində meydana gəlməyəndə onların dəyəri də olmur. Yüz illərlə insanlar kralların, monarxların hakimiyyətini və səlahiyyətlərini məhdudlaşdırmaq üçün mübarizə aparıblar. Bəlkə həmin ölkələrdə hüquq anlayışı məhz buna görə dəyərlidir?
Hər halda 13 il ciddi bir irəliləyiş nümayiş etdirmir. Geriləmə, qazandığımız hüquq və azadlıqları itirmək tendensiyası daha qabarıqdır. İtkilər getdikcə özünü daha çox hiss etdirir. Partiyalar zəifləyir, qeyri-hökumət təşkilatları hakimiyyət klublarına çevrilirlər, mətbuat isə həm çeşidcə, həm də tirajca azalmaqda davam edir. Sanki illər də nəhs gəlir!

Son zamanların mübahisə predmeti elita və elitarizmdir. Bu mübahisələrdə də Konstitusiyaya yanaşmadakı çalarları görmək olar. Elitarizm özündə xüsusi imtiyazı yox, məsuliyyəti ehtiva edir. Həqiqət budur! Rusiyanın elitası kimlərdən təşkil olunmuşdu? Onlardan biri bu yaxınlarda vəfat edən Aleksandr Soljenitsın idi - elitadan biri olmaq haqqını hansısa yolla əldə etdiyi imtiyazları ilə deyil, düşüncələri və mübarizəsi ilə qazanmışlardan birisi!

Bir çox hallarda iqtisadi təbəqələrlə elitanı qarışdırırlar. Amma varlı olmaq hələ elitar təbəqəyə daxil olmaq demək deyil!

İstənilən halda, Konstitusiyada elita anlayışı yoxdur. Konstitusiyada bir ali subyekt var - o da vətəndaşdır! Odur ki, elita sayılan və sayılmayan bütün vətəndaşların o imtiyazlara haqqı çatır - istisnasız olaraq!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG