Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:19

«Azərbaycanda 55 mindən çox əlil uşaq var»


Teymur Rzayev və Nigar Hüseynqızı, 3 dekabr 2008
Teymur Rzayev və Nigar Hüseynqızı, 3 dekabr 2008
Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, Bakı şəhər İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiə komitəsinin üzvü Teymur Rzayev deyir. Onun sözlərinə görə, 2007-ci ildə ölkədə əlil uşaqların sayı 55 min 66 nəfər idisə, 2008-ci il oktyabrın 1-dək olan statistik göstərici 55 min 88 nəfərdir.

Azərbaycan Uşaq Fondunun Bakı şəhər şöbəsinin sədr müavini Nigar Hüseynqızının fikrincə, son 6 ay ərzində Azərbaycanda əlil doğulan uşaqların sayı artıb:

«Bu, həm ekologiya ilə, həm də hamiləlikdən əvvəl qadınların öz sağlamlıqlarına tam riayət etməmələriylə əlaqədardır. Müxtəlif infeksiyalara yoluxan qadınlar sağlam uşaq dünyaya gətirə bilmirlər. Bu, çox böyük problemə çevrilib». Nigar xanım deyir ki, təkcə dekabrın 3-ü – Beynəlxalq Əlillər Günündə deyil, ilin bütün aylarında əlil uşaqlara diqqət, qayğı göstərir, onların problemləri ilə maraqlanırlar: «Çalışırıq ki, ilboyu onlarla mümkün qədər çox ünsiyyətdə olaq. Bu insanlar özlərini cəmiyyətdən təcrid hiss etməsinlər».

Bu ilin mayında Azərbaycan Respublikası Əlillərin Hüquqlarının Müdafiəsinə dair konvensiyaya qoşulandan sonra əlillərin problemlərinin həllində hansı dəyişikliklər olub? Teymur Rzayev konvensiyaya qoşulmağımızı müsbət hal sayır:

«Amma bu o demək deyil ki, biz tam o konvensiyada olanları həyata keçirməliyik. Elə şeylər var ki, müzakirə olunmalıdır, mentalitetə uyğun məsələlər daha qabarıq göstərilməlidir. Əlavə və yaxud dəyişikliklərlə bağlı təkliflər paketi hazırlanaraq nəzərdən keçiriləcək və qanun formasına salınacaq».

Verilişə zəng vuran əlil insanlar dövlət qayğısından kənarda qaldıqlarından, evsizlikdən, çox az təqaüd aldıqlarından, əlillik qruplarının rüşvətlə təyin olunduğundan gileyləndilər. Teymur Rzayev isə onların bu gileyi ilə razılaşmadı. Dedi ki, dövlət tərəfindən əlillər üçün evlər tikilib, növbə ilə onlara verilir. Əlillər xüsusi avtomobillə də təmin olunurlar: «Təqaüdə gəlincə, mən öz sahəmdən danışa bilərəm ki, bir əlil uşağın orta aylıq müavinəti 35 manat təşkil edir. Bu müavinət onlara 16 yaşa kimi verilir. 16 yaşdan sonra əlillik qrupu təyin olunur və təqaüd qrupa görə artır».

Buna da bax:

XS
SM
MD
LG