Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:37

Yanacağın qiyməti niyə düşmür?


«Bütün dünyada yanacağın qiyməti düşür. Biz də də düşsün də…»
«Bütün dünyada yanacağın qiyməti düşür. Biz də də düşsün də…»
Son vaxtlar bir sıra ölkələrdə yanacaq ucuzlaşsa da, Azərbaycandakı yanacaqdoldurma məntəqələrində qiymətlər dəyişməz qalır:
- Yanacağın qiymətinin Azərbaycanda düşməməsinə münasibətim çox pisdir. Bu qədər şəhərdə tıxac var. Bilmirik yanacağı necə çatdıraq.
- Yanacağın qiyməti düşərsə, hamımıza çox yaxşı olar.
- Bu qiymətlərlə çatdırmaq olmur…
Çörəyi sürücülükdən çıxan insanlar üçün isə yanacağın qiymətinin xüsusi əhəmiyyəti var. Mərkəzi avtovağzalın girişində dayanıb rayonlara gedəsi müştəri gözləyən sürücülərin sözü-söhbəti də elə yanacağın qiymətindəndir:
- Yanacağa ver, yağa ver, ehtiyat hissəyə ver. Bir də görürsən sənə heç nə qalmır. Qalanı da «QAİ» tutub əlindən alır. Dünən 20 manat vermişəm əsəbimdən gecə yatmamışam.
- Bütün dünyada yanacağın qiyməti düşür. Biz də də düşsün də…

Ancaq bu günlər mətbuata açıqlama verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yanacağın qiymətinin Azərbaycanda da düşəcəyi ilə bağlı gözləntilərin əbəs olduğunu deyib. O, bunu neftin qiymətinin dünyadakı qiymətlərdən asılı olmaması ilə izah edib:

- Bilirsiniz ki, dünyada neftin qiyməti qalxanda bizdə qiymətlər dəyişmədi. Məndə olan məlumata görə, Nazirlər Kabineti bu məsələyə baxacaq, ancaq dəyişiklik olmayacaq.
Halbuki, ötən ilin yanvarında yanacağın qiyməti artırılarkən hökumət rəsmiləri bunu dünyadakı qiymət artımı ilə izah etmişdi. O vaxt rəsmilər deyirdilər ki, başqa ölkələrdə yanacaq baha olduğundan Azərbaycandan qaçaqmalçılıq yolu ilə xaricə yanacaq çıxarılır. «Turan» İnformasiya Agentliyinin əməkdaşı İlham Şabanın sözlərinə görə, Azərbaycanda yanacağın qiymətinin hələ də ucuzlaşdırılmaması onu göstərir ki, bu ölkədə qiymətləri sərbəst bazar müəyyən etmir. Başqa bir iqtisadçı Samir Nemanoğlu isə deyir ki, hökumət bununla büdcədə yarana biləcək kəsirlərin qarşısını almaq istəyir. Onun fikrincə, əgər yanacağın qiyməti tezliklə aşağı salınmasa, bu, ölkə iqtisadiyyatını tamamilə iflic edəcək:
- Çünki xaricdə böhrandan sonra qiymətlər aşağı düşüb. Deməli, bizim mallar xarici mallarla rəqabətə girə bilməyəcək. Heç əvvəl də girə bilmirdilər. Məsələn, bizdə toyuq məhsulları Türkiyə ilə müqayisədə bahadır. Ona görə, hələ bu böhran ərəfəsində broylerlər bir-birinin ardınca bağlanırdı.
Samir Nemanoğlu deyir ki, əgər yanacağın qiyməti 30-40 faiz ucuzlaşsa, bu, ərzaq məhsullarının avtomatik 15-20 faiz aşağı düşməsinə gətirib çıxaracaq. Ancaq buna bir qədər şübhə edənlər də var. İlham Şaban yada salır ki, 2007-ci ildə yanacağın qiymətinin qalxması ilə ölkədə qiymətlər avtomatik 50-60 faiz artmağa başladı. Halbuki, o vaxt İqtisadi İnkişaf Nazirliyi yanacağın qiymətinin 60-70 faiz qalxmasının ümumən 5-10 faiz qiymət artımına səbəb olacağını proqnozlaşdırırdı. İ.Şaban əslində məhsulun maya dəyərində yanacağın bu qədər kəskin rol oynadığına şübhə edir. O, hesab edir ki, həmin vaxt monopoliyalar vəziyyətdən istifadə edərək qiymətləri belə kəskin qaldırdılar:
- Qiymətin qalxması-enməsi zəncirvari prosesdir. Vergi orqanlarının müdaxiləsi, qara iqtisadiyyatın üzərinə total hücumlar…Bu yay Lənkəranda pomidorun kiloqramı 8 qəpik idi. Bakıda isə 50 qəpikdən aşağı düşmədi. Kor-kor, gör-gör…
İlham Şaban hesab edir ki, hökumətin qiymət siyasətinin arxasında monopoliyaların marağı yox, real iqtisadi proseslər durmalıdır. Əks halda heç bir qiymət islahatı effekt verməyəcək.
XS
SM
MD
LG