Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:56

«Azadlığa çıxmaq istəyirəm»


Uşaqlar deyir burada ən maraqlı dərs «yatmaq dərsidi»
Uşaqlar deyir burada ən maraqlı dərs «yatmaq dərsidi»
Dinlə

16 yaşlı Rza deyir ki, hər gün anası ilə dava edirmiş: çünki evdə yeməyə bir şey yox imiş.

Rzanın anası da bunu təsdiqləyir. Deyir onun imkanı ancaq makaron almağa çatırmış.

2008-ci ilin fevralından isə Rza Qafarov səhərlər yumurtasını, sıyığını, günorta borşunu, axşam da «qreçka»sını yeyə bilir. Amma dəmir barmaqlıqlar arasında...

O, mobil telefon oğurluğuna görə, 3 il azadlıqdan məhrum edilib və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan 39 uşaqdan biridir. Azadlığa çıxmasına isə hələ 1 il 6 ay var. Amma o, da həbsxana yoldaşları kimi bircə şey arzusundadır – təki evə getsin: «Azadlığa çıxmaq istəyirəm. Azadlıqda ürəyim istəyini edə bilirəm, maşın yuya bilirsən burda yuya bilmirsən. İcazə verilmir».

Arayış

Uşaq koloniyasındakı 39 uşaqdan 11-i seksual xarakterli hərəkətlərə, 10 nəfəri oğurluğa, 7-si quldurluğa, 7-si qəsdən adam öldürməyə görə tutulub. Zorlama və sağlamlığa qəsdən zərər vurma maddəsilə 6 uşaq həbs olunub. Qalan uşaqlardan 2-si soyğunçu, 1 narkotik maddə istifadəçisi kimi, 1 nəfər isə yol hərəkətini pozduğu üçün bura düşüb. Orada demək olar ki, respublikanın bütün bölgələrindən uşaqlar var.

Torpaqla məzələnən…

Rza Qafarov Bakının Mehdiabad qəsəbəsindəndir. Həbsxanaya daxil olandan «mən də danışmaq istəyirəm» deyə ətrafımda dolaşırdı. Nə ilə məşğul olduğunu soruşanda cavabı qəribə oldu: «Mən ot biçirəm. Torpaqla məşğul oluram, məzələnirəm torpaqla». Deyir ki, həbs olunmamışdan əvvəl maşın yuyan olub, avtomobillərin təkərlərini qaraldıb. Rza 13 yaşınadək Şüvəlandakı 2 saylı internat məktəbində böyüyüb. Anası Reyhan Qafarova isə deyir ki, oğlunun oxumağa böyük marağı olub, ancaq imkansızlıq ucbatından təhsilini davam etdirə bilməyib.

Reyhan Qafarova özü isə 3-cü qrup əlildir və aylıq təqaüdündən başqa gəliri yoxdur. Mehdiabaddakı evində günlərini krossvord doldurub oğlunu gözləməklə keçirir.
Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində 39 uşaq saxlanılır
Ev deyəndəki, suvaqsız iki otaqdan ibarətdir, pəncərəsi taxtadan, qapısı deşik-deşik. Reyhan Qafarova deyir ki, yuyunmaq üçün anasıgilə, Biləcəriyə gedir. Tualet ehtiyaclarını yalnız gecələr ödəyə bilirlər. Çünki həyətdəki tualetin divarları yoxdur. «Gəlsinlər baxsınlar görsünlər ki o uşaq nə üçün düşüb həbsxanaya»-, deyə ana bildirir. Reyhan Qafarova deyir ki, telefonu oğurlanmış şəxs ərizəsini geri götürsə də, Rzanın cəzası geri götürülməyib. Bunun üçün işi aparan müstəntiq rüşvət tələb edib.

«Ürəyim partlayır. Darıxıram…»

Uşaq Hüquqları Klinikasının rəhbəri, məhkum uşaqlarla dəfələrlə sorğular aparan Nazir Quliyev deyir ki, yetkinlik yaşına çatmayanların işi məhkəmələrdə diqqətlə araşdırılmadığından təsadüfi həbslər də olur: «Hesab edirəm ki, bir neçə uşaq doğurdan da o müəssisədə olmamalıdır. Bəziləri həyatda çox yaxşı, tərbiyəli, bəlkə də normal uşaqlar olublar. Cüzi bir səhv nəticəsində o müəssisəyə düşüblər».

Anası deyir ki, həbsxanaya Rzanı yoluxmağa 9 ay ərzində cəmi iki dəfə gedə bilib. Rza da bundan incimir, çünki: «Açığı evdəkilər xəstədirlər də, imkansız adamdılar. Ona görə də burada qala bilmirəm. Ürəyim partlayır. Darıxıram…»

Yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsinin rəisi İmran Məmmədov deyir ki, qanunvericiliyə əsasən uşaqların valideynlərilə əlaqə saxlamasına şərait yaradılıb: «Ayda 4 dəfə telefon danışığına icazə verilir, 4 dəfə görüş verilir. Onların burada orta məktəbi də var, təhsillərini başa vurduqdan sonra attestat da ala bilərlər, şəhadətnamə də».

«Yatmaq dərsi»

Həbsxananın yeməkxanasında rastlaşdığım Kənan və Valehlə elə dərsləri haqqında söhbət edirəm. Onlar adam öldürdüklərinə görə, həbs olunublar. 17 yaşlı bu yeniyetmələr azadlığa çıxanda 27 yaşları olacaq. Deyirlər ən çox xoşlarına gələn dərs «yatmaq dərsidir».
Yaxşı nərdtaxta var
Heç orta məktəbdə hansı fənlərin tədris olunmasından xəbərsizdirlər. Buna görə də sualıma cavabları qısa oldu: «Ən çox xoşumuza gələn dərs yatmaq dərsidir». Bir də kompyuteri xoşlayırlar, çünki müxtəlif oyunlar oynamağa maraqları böyükdü. Amma həbsxanadakı vur-tut 6 kompyuterin cəmi ikisi işlək vəziyyətdədir.

Həbsxanada uşaqların tərbiyəsilə 40-dan çox işçi məşğul olur. Burada 1 orta məktəb, 1 peşə məktəbi fəaliyyət göstərir. Orta məktəbin direktoru Bədirxan Borçalı Əsgərsoy dərsə davamiyyətin 100 faiz olduğun deyir: «Uşaqlar bütün dərs ləvazimatları ilə təmin olunurlar. Buranı bitirib Neft Akademiyasına, Dövlət İqtisad Universitetinə, Aviasiya Akademiyasına daxil olanlarımız var». Amma direktor onu da əlavə edir ki, burada dərsə davamiyyət icbaridir: «Uşağı özbaşına buraxmaq olmaz axı. Körpə uşaqlardır».

Direktor bildirir ki, uşaq koloniyasında təhsilin keyfiyyətilə bağlı Təhsil Nazirliyi yoxlamalar aparmır. Həbsxanada təhsilin keyfiyyətinin aşağı olmasını günahını tarix müəllimi bu uşaqların bir vaxtlar təhsil aldıqları orta məktəblərdə görür: «Bu uşaqlar həbs olunanda orta məktəbin müəllimləri sevinirlər ki, canımız qurtardı onlardan. Bura gələndə görürük ki, heç əlifbanı də bilmirlər».

Məktəbin direktoru burada uşaqlara xüsusi yanaşıldığını deyir: «Burada ömürlük həbs olunmuş uşaqlar var. Eləsi var ki, oğurluq edib evdəki iki körpəni boğub öldürüb, 72 yaşında ağsaqqalı öldürüb gələn var».

Həbsxana içində həbsxana

Qaydalara tabe olmayan uşaqları cəzalandırandasa onları həbs içində həbsxanaya - karsa salırlar. Uşaqların cəzalandırıldığı intizam təcridxanasının eni təxminən yarım metr, uzunluğu 2 metrdir.

Hüquqşünas Nazir Quliyev deyir ki, karsın görünüşü elədir ki, nəinki uşaq, heç böyüklər də orda dözə bilməz. «Tutalım, orda havalanmadır, təbii ehtiyacların ödənilməsidir, eyni zamanda yatmaq üçün, istirahət etmək üçün çox çətin bir yerdir.
Həbsxanadakı vur-tut 6 kompyuterin cəmi ikisi işlək vəziyyətdədir
Bunun özü elə orada hər hansı işgəncə verilməsə, hər hansı zorakılıq olmasa, orada saxlanma özü zorakılığın bir formasıdır».

Dustaq uşaqlar həbs olunmalarını hardasa haqsızlıq kimi qiymətləndirirlər. Məsələn, 4 nəfərlə birlikdə 1 mobil telefon və 16 manat pul oğurlamaq üstündə tutulan Elman Məmmədov düşünür ki, məhkəmə ədalətsiz olub: «Bir dənə mobil telefon aparmışdıq, bir də 8 «şirvan» pul. Hamısını da qaytarmışıq. Amma 8 il iş almışam».

Uşaq koloniyalarında dustaqların davranışlarını araşdıran psixoloq Elmir Əkbər deyir ki, yeniyetməlik dövründə izaholunmaz dəyişiklik baş verir. Onların psixoloji vəziyyətləri düzgün qiymətləndirilmədiyindən bilərəkdən cinayətə cəlb olunurlar. Ona görə də uşaqların özlərini günahsız sayması da təbii haldır: «Çünki onların hələ həyatı dərki, həyata verdikləri qiymət hələ tam formalaşmayıb. Və onları biz cəzalandırarkən, təhtəlşüur səviyyəsində onlar başa düşmürlər ki, niyə bu cəza oldu? Çünki onlara cəzadan çox tərbiyə lazımdır».

Psixoloq rus dili öyrədir

Koloniyanın yeganə qadın əməkdaşı psixoloqdur amma, onun otağını uşaqlardan dəmir hasar ayırır. Müəllimlərin dediyinə görə, burda qadının işləməsi əslində mentalitetə uyğun deyil. Onun iş vaxtı qurtardığından münasibətini öyrənməyimiz mümkün olmadı. Həbsxanadakı uşaqlardan biri Murad deyir ki, psixoloqdan xahiş edib ki, ona rus dilini öyrətsin.

Psixoanalitik Elmir Əkbər deyir ki, həbsxanada psixoloq işi daha gərgindir, öz işini görən psixoloqun əlavə məşğuliyyətə vaxtı olmamalıdır: «Psixoloq nə vaxtdan rus dili öyrədən çıxıb? İşini qoyub kənara rus dili tədrisi ilə məşğuldur».

«Ana mənə kontur yolla»

Qanunvericiliyə görə, Koloniyadan uşaqlar ailələri ilə həftədə 1 dəfə müddəti 15 dəqiqə olmaqla telefon əlaqəsi saxlaya bilər. Danışıq gününü Rza səbirsizliklə gözləyir.
Uşaqlar deyir ki, istirahətimiz televiziyadakı verilişlərdən asılıdı
Anası Reyhan Qafarova isə Rzadan zəng gələn kimi telefon xəttinin o başında ürəyini yediyini deyir: «Narahat oluram, başqa şeylər fikirləşirəm. Anayam da, gizlin soruşam ki, nə var, nə yox, incitmirlər ki...»

Həbsxanadan evə telefon danışıqları pulsuzdur. Rza isə anasıyla danışandan sonra ondan kontur göndərməyini xahiş edir. Deyir ki, rəisin telefonu ilə zəng etdiyindən kontur lazımdır.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin əməkdaşı Mehman Sadıqov isə bunu təkzib edir. Reyhan Qafarovanı isə narahat edən başqa məsələdir, belə ki, oğlunun 18 yaşı tamam olan kimi böyüklər üçün həbsxanaya göndərilə bilər.
Psixoanalitik Elmir Əkbər Reyhan Qafarovanın bu fikrinə haqq qazandırır, deyir ki, böyüklər həbsxanasında müxtəlif cinayətlər törətmiş şəxslərin arasında hansısa təsirlərə məruz qala bilər.

Koloniyanın rəisi İmran Məmmədov deyir ki, davranışlarında müsbət meyllər gördükləri uşağı qanunvericiliyə əsasən 20 yaşına qədər də burada saxlamaq olar. Amma uşaqlar arasından böyüklərin məhbəsinə gedənləri də oradakı şəraitə hazırlayırlar

«Görürsünüz də poqonlular qoymurlar…»

Artıq saat 6-nın yarısı olan nəzarətçilər deyirlər ki, artıq həbsxananı tərk etmək vaxtıdır. Qapıya tərəf gedəndə Rza yenidən məni çağırır. Qaça-qaça gəlib məni kənara çəkir, amma dərhal nəzarətçilər onu çağırdığından sözünü ağzında qalır: «Görürsünüz də poqonlular qoymurlar…»

Nəzarətçilərsə Rzaya fikir verməməyi məsləhət görürlər, deyirlər ki, onun psixi problemləri var.
Hüquqşünas Nazir Quliyev də təsdiqləyir ki, uşaq koloniyasında bir neçə məhkum psixoloji problemlər yaşayır. Bəs belə şəxslər həbsxanaya salına bilərmi?

Reyhan Qafarova krossvord doldurub oğlunun yolunu gözləyir
Psixoanalitik Elmir Əkbər deyir ki, Rza kimi uşaqlar həbsxanaya deyil, müalicəyə göndərilməlidir.

Penitensiar Xidmətin əməkdaşı Mehman Sadıqov məhkum uşaqlar arasında qüsurluların olduğunu təsdiqləyir və bildirir ki, bu, ailə qayğısından məhrum olmaq və təhsili yarımçıq qoymaqdan irəli gəlir. Amma o Rza ilə bağlı məsələdə vəziyyəti başqa cür qiymətləndirir:

«Ola bilsin ki, istintaq və ya məhkəmə zamanı müəyyənləşib ki, həmin məhkumun hansısa qüsurları var. Amma o qüsurları ola bilər ki, hansısa xəstəlikdən irəli gəlmir, digər bir səbəbdən büruzə verir özünü. Yəni əgər bu anlaqsız idisə və yaxud da hansısa psixi xəstəliyə düçar olubsa, onu cinayət məsuliyyətindən azad edərdilər».

Mehman Sadıqov Rzanın tərbiyə müəssisəsində döyülməsi ehtimalını da həqiqətə uyğun hesab etmir: «Tərbiyə müəssisəsində saxlanılan 18 yaşına çatmayan məhkumları məhkum da adlandırmırıq, tərbiyəolunan adlandırırıq. Biz bu yanaşmamızla onu göstərmək istəyirik ki, biz dərk edirik ki, hansı cinayəti törətmiş olursa-olsun, o hələ 18 yaşına çatmayıb. Tərbiyəolunanlar mütəmadi olaraq həmişə QHT-lərlə, beynəlxalq qurumların nümayəndələrilə görüşürlər. Və ona görə də mən inanmıram ki, orda kimsə hansısa tərbiyəolunana əl qaldırsın».

Dekabrın 22-də Rza həbsxanada 1 yaş da böyüyüb. Anası oğlunu necə təbrik etməyin həyəcanını keçirirdi.
Rza isə söz verir ki, bir daha oğurluq etməyəcək. «Məni buraxsınlar gedim Allaha şükür edim... Evimizə getmək istəyirəm…»

P.S. Yazıda barələrində danışılan uşaqların adları şərtidir
XS
SM
MD
LG