Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:53

«Cəhənnəmi görmək istəyən plaskarta minsin»


«Azərbaycan qatarında o baş bu başa bilet almaq olmur»
«Azərbaycan qatarında o baş bu başa bilet almaq olmur»
Nəqliyyatda hər gün yaşanan problemlər o həddə çatıb ki, bir qrup gənc «Azərbaycan Nəqliyyatından Narazıların Birliyi»ni yaradıb. «Azadlıq» radiosunun gənclər üçün «14-24» verilişində qonaqların müzakirə etdiyi problemlər və Nəqliyyat Nazirliyinin (NN) cavablarından bir qismini sizə çatdırırıq:

«Azərbaycan nəqliyyatındakı problemləri kənddə araba sürən insandan tutmuş, təyyarədən istifadə edən insana qədər hamı öz dərisində hiss edir».

«Azərbaycanda təyyarəyə bilet qiymətləri o qədər bahadır ki, biz burdan qatarla Tbilisiyə gedirik, ordan da Avropa ölkələrinə».

NN: «Baxır hansı hava yollarıyla uçursan. «Türk Hava Yolları»yla uçursansa, başqa qiymətdir, «Luftansa» ilə başqa qiymətdir. Həm də məsafədən asılıdır qiymət. Axı Gürcüstan Qərbə daha yaxındır. Məncə, bizdə qiymətlər o qədər də baha deyil».

«İritutumlu avtobuslar gətirilsə də, tıxaclar və avtobuslar arasında böyük intervallar heç nəyin dəyişilmədiyini göstərir».

NN: «Maşını dayanacaqdan kənarda saxlamaq ümumi mentalitetlə bağlı məsələdir».

«Elə olub ki, Sumqayıtdan Bakıya 2 saata gəlmişəm».

NN: «İntellektual nəqliyyat sistemi işə düşəndən sonra bütün avtobuslar monitorlar vasitəsilə izlənəcək və qrafikdən yayınma, intervalı keçmə hallarına qarşı tədbirlər görüləcək».

Bakı avtovağzalı
«Dəniz vağzalının yanından Keşləyə taksi ilə 3 manata da getmişəm, 5 manata da aparıblar, 20 manat istəyən də olub, «12 manata gedərəm» deyən də olub».

«Niyə Azərbaycan qatarında o baş bu başa bilet almaq olmur? Niyə Tbilisidə Batumiyə və geriyə bilet alıram? Bəs niyə Azərbaycanda bu mümkün deyil? Niyə mən əvvəlcədən kassirlərə zəng edib, məsələn, Şəkidən qayıtmaq üçün bilet saxlatmalıyam? Budamı bir-birini dolandırmaq siyasətidir?»

NN: «Qatara bileti o baş bu baş almaq mümkün deyil? Mən bunu burda sizdən eşidirəm. Özümə də qəribə gəlir bu. Bu, mümkün olan bir şeydir axı. Niyə də olmasın? Böyük məmnunniyyətlə araşdıraram bu məsələni».

«Əsl cəhənnəmi görmək istəyən getsin Azərbaycan qatarında plaskarta minsin».

«Qatarların tualeti elə dəhşətli yerdir ki, ən böyük cəza kimi insanı ora salmaq olar. Getsin 1 saat orda cəzasını alsın, ondan sonra özü tövbə edib çıxacaq».

NN: «Qatarların bəzilərində bu hal aşkarlanıb və dəmiryolu idarələri rəhbərlərinə məlumat verilib. Bu istiqamətdə işlər görülür. Amma bəzən vətəndaşın özündən də çox şey asılıdır. Qatarı zibilləmək, orda müəyyən ab-hava yaratmaq sərnişindən də asılıdır».

Müzakirədən bütünlüklə xəbərdar olmaq üçün verilişi dinləyə bilərsiniz.

Buna da bax:

XS
SM
MD
LG