Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:59

İki ümumtəhsil məktəbdə buraxılış imtahanları test üsulu ilə keçiriləcək


Təhsil naziri «Türkiyədən Azərbaycana qeyri-dövlət xəttilə gələn tələbələrin böyük hissəsi bura oxumaq üçün yox, diplom almaq üçün gəlir» - deyir
Bu il Azərbaycanın iki ümumtəhsil məktəbində buraxılış imtahanları test üsulu ilə keçiriləcək. Bunu Təhsil naziri Misir Mərdanov aprelin 5-də jurnalistlərlə söhbətində deyib. Həmin məktəblərdən biri Bakının Xətai, digəri isə İmişli rayonunda yerləşir. Orta məktəblərdə test üsulu ilə imtahan keçirilməsinin ilk sınaq olduğunu bildirən cənab Mərdanov deyib ki, mərkəzləşdirilmiş qaydada keçiriləcək testin nəticələri elə həmin gün elan olunacaq.

Misir Mərdanov Türkiyə səfirliyinin Təhsil müşaviri Səlahəttin Dikmənin Azərbaycanda təhsil alan türkiyəli tələbələrdən rüşvət alınması barədə narahatlığına da münasibət bildirib. Bu məsələ ilə bağlı müşavirlə dəfələrlə görüşdüyünü bildirən nazir daha çox türkiyəli tələbələri günahkar sayır. Onun sözlərinə görə, Türkiyədən Azərbaycana qeyri-dövlət xəttilə gələn tələbələrin böyük hissəsi bura oxumaq üçün yox, diplom almaq üçün gəlir.


Türkiyədən Azərbaycan Pedaqoji Universitetinə tələbə qəbulunun dayandırıldığını təsdiqləyən cənab Mərdanov bunu elə də ciddi bir problem hesab etmir.


Misir Mərdanov «Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev və AXCP Gənclər Təşkilatının sədr müavini Turan Əliyevin yenidən təhsil aldıqları universitetlərə bərpa oluna bilməmələri ilə bağlı problemə də münasibət bildirib. Nazir deyib ki, hər iki tələbənin təhsil aldığı universitetin rektoru problemi aradan qaldıracağına söz verib və o, inanır ki, həmin rektorlar verdikləri sözə əməl edəcəklər.


XS
SM
MD
LG