Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:37

Dağlıq Qarabağla bağlı Minsk Qrupu yeni həll prinsipləri təklif edir


Fransalı həmsədr Bernar Fasye deyir ki, problemin nizamlanması üçün çox çətin qərarlar qəbul edilməlidir

Bernar Fasyenin mətbuat konfransı, Bakı, 11 aprel 2006
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu yeni həll prinsipləri təklif edir. Qrupun Fransanı təmsil edən həmsədri Bernar Fasye deyir ki, problemin nizamlanması üçün çox çətin qərarlar qəbul edilməlidir. Çünki heç bir sülh razılaşması istəkləri tam ödəmir. Onun dediyinə görə, yeni təklif Azərbaycan və Ermənistanın istəklərinin 80 faizinin həyata keçirilməsinə şərait yaradır: «Heç bir sülh razılaşması tərəflərdən hər hansı birinin ümidlərinin 100 faiz doğrulmasını təmin etmir. Lakin onu deyə bilərəm ki, elə bir çıxış yolu var ki, o hər iki tərəfə ümidlərinin 50 faizdən də çoxunun doğrulmasına imkan verəcək. Hətta, mən deyərdim ki, onların istəklərinin 80 faiz reallaşmasına şərait yaradacaq. Lakin son qərar dövlət başçılarından, hökumətdən asılı olacaq».

Cənab Fasye bildirir ki, gələn həftə amerikalı həmsədr Stiven Mann regiona gələcək. Ola bilsin ki, tezliklə rusiyalı həmsədr Yuri Merzlyakov da bölgəyə səfər etsin. Mayın əvvəlində isə Minsk Qrupunun hər üç həmsədri aprel səfərlərinin yekunlarını müzakirə etmək üçün Moskvada görüşməyi planlaşdırıblar.


Bundan sonra onların yenidən bölgəyə səfəri gözlənilir. Həmin səfər prezidentlərin ehtimal edilən növbəti görüşünə hazırlıq olacaq. Hələlik həmin görüşün vaxtı məlum deyil. Prezidentlərin həmin görüşündə onlara münaqişənin yeni həll prinsipləri təqdim olunacaq.


Bugünlərdə yayılan məlumatlara görə isə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ABŞ-ın da yeni təklifi var.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, Bakı həmin təklifə Stiven Mannın Bakı səfərindən – yəni aprelin 18-dən sonra münasibət bildirəcək.


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunda Amerika, Rusiya və Fransa təmsil olunur.


XS
SM
MD
LG