Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:31

Siyasi məhbuslar üzrə məruzəçi təyin edilsə nə dəyişəcək?


Bütün bunlara Avropa Şurası nə qədər dözməlidir?
Bütün bunlara Avropa Şurası nə qədər dözməlidir?
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının havası Azərbaycanı da vurdu. Strasburqdan gələn xəbər - AŞPA-nın Monitorinq Komitəsində Azərbaycana siyasi məhbus məsələləri üzrə məruzəçi təyin etmək istəməsi ölkədə birmənalı qarşılanmayıb.

Hakim partiya təmsilçiləri, iqtidarın mövqeyini müdafiə edən deputatlar bunun əleyhinə çıxıb, bəzi QHT təmsilçiləri isə AŞPA-nın bu addımı atmasını zəruri sayıblar. Məsələn, hüquq müdafiəçisi Arzu Abdullayevanın fikrincə, belə bir qərar olarsa, bunu Azərbaycana qarşı sanksiya kimi qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, qərarı zəruri edən səbəb Azərbaycan hökumətinin siyasi məhbusları, xüsusilə jurnalistləri həbsdə saxlaması, xarici radiostansiyaların yayımını dayandırması və 18 martda keçiriləcək referendumla bağlı Avropa Şurası Venesiya Komissiyası ilə məsləhətləşməməsidir.

Digər hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyir, Avropa Şurası Azərbaycan hakimiyyətinə bir neçə dəfə şans verib ki, siyasi məhbusları və jurnalistləri azadlığa buraxsın:

«Hər halda Azərbaycan bu cəhdləri də bir şans kimi qiymətləndirib Assambleyanın yaz sessiyasına qədər jurnalistləri azadlığa buraxmalıdır. Eyni zamanda hər üç xarici radiostansiyanın yayımını bərpa edilməlidir».

Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Monitorinq Komitəsinin bu niyyətinə qarşı çıxıb. O deyib ki, Azərbaycan Avropa Şurasıyla münasibətlərinə yenidən baxa bilər.

Siyasi məhbus məsələləri üzrə məruzəçi təyin olunarsa, Azərbaycan Avropa Şurasıyla münasibətlərinə hansı kontekstdə baxacaq? Səidə Qocamanlının fikrincə, Azərbaycan uzaqbaşı Avropa Şurasından çıxa bilər. Amma ölkəni AŞ PA-da təmsil edən digər deputat Rəfael Hüseynov isə «Azadlıq» radiosuna bildirib ki, Səməd Seyidovun fikirlərini bu qurumdan çıxmaq anlamında yozmaq olmaz. O deyir ki, sadəcə, bütün kürsülərdən danışmaq imkanlarından istifadə edəcəklər.

Digər deputat, Yeni Azərbaycan Partiyasının üzvü Aydın Mirzəzadə də «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Azərbaycanda siyasi məhbus olmadığını və siyasi məhbus məsələlər üzrə məruzəçiyə ehtiyac görmədiyini deyib.

İnsan hüquq müdafiəçiləri isə hesab edirlər ki, «ölkədə insan haqları sahəsində problem yoxdur» deməklə problemi çözmək olmaz. Onların fikrincə, görünən dağa nə bələdçi. Yəni üç jurnalist hələ də həbsdə saxlanılır. Bir neçə şəxs beynəlxalq qurumlar tərəfindən siyasi məhbus kimi tanınır. Ölkədə alternativ informasiya funksiyasını daşıyan xarici radiostansiyaların milli tezliklərdə yayımı dayandırılır, üstəlik, prezidenti ömürlük seçmək üçün referendum hazırlığı görülür. Bütün bunlara Avropa Şurası nə qədər dözməlidir?
XS
SM
MD
LG