Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:56

Yaşamaq həmişə gözəldirmi, qardaşım?!


Ən çətini yalan mühitində yaşamaqdır
Ən çətini yalan mühitində yaşamaqdır
Nədənsə siyasəti həmişə hisslərdən, emosiyalardan, hətta mədəniyyətin özündən kənarda təsəvvür etməyə çalışırlar. Qəribə adlar da fikirləşirlər: «Dəmir Ledi», «Dəmir Feliks» və s. Amma nədir siyasət? Kimdir siyasətçi?

Hələ heç kim bunun dəqiq anlamını verə bilməyib, amma ən sadə cavab budur ki, onlar da, ən azı, nə vaxtsa bizlərdən biri olublar, lap elə bizim kimi olublar! Məsələnin daha qəliz tərəfi budur ki, sonradan bizlərdən ayrılaraq, hətta bəlkə də özlərindən qoparaq bu və ya başqa şəkildə hamımızın həyatına
təsir etməyə, hətta müdaxilə etməyə başlayıblar – bəzən bu, mütərəqqi, digər hallarda isə əksinə mürtəce xarakter daşıyıb.

Amma bu yazı siyasət və siyasətçilər haqqında deyil. Söhbət, sadəcə inkarolunmaz fondan gedir - fonu isə siyasət yaradır. Məhz bu fon bizim ovqatımızı, ümidlərimizi, həyata baxışımızı, arzu, inam və istəklərimizi müəyyənləşdirir. Özlərini siyasətdən kənarda «təsəvvür edənlər», guya ki, «heç siyasətə qarışmadıqlarını» iddia edənlər də var - xüsusən də bizim ölkəmizdə.

Eləsi var ki, hətta Milli Məclisin üzvüdür, mandat almaq üçün bəlkə də ən azı yüz qapını döyüb, yüz adama yalan danışıb, kimlərləsə küsüşüb, başqaları ilə barışıb, vaxtilə yazdıqlarından, dediklərindən tövbə edərək dönüb, indi də ən azı düyməni basmaqla hansısa növbəti mürtəce siyasətin qəbul edilməsinə səs verir, amma yenə də özünü siyasətçi hesab etmir.

Azərbaycan qəribə ölkədir - rolların və statusların ayrılmadığı, deyilənlərlə düşünülənlərin dərin uçurum və ziddiyyət təşkil etdiyi ölkə! Sovetlər dönəmində Ali Sovetdə oturmaq, deputatlıq «fədakar sağıcılar», «əmək adamları», «böyük incəsənət xadimləri» üçün bir hədiyyə idi. İndinin özündə də həmin tendensiya yaşayır və siyasi qüvvəsini saxlayır.

Eləsi var ki, hətta Milli Məclisin üzvüdür, mandat almaq üçün bəlkə də ən azı yüz qapını döyüb, yüz adama yalan danışıb, kimlərləsə küsüşüb, başqaları ilə barışıb, vaxtilə yazdıqlarından, dediklərindən tövbə edərək dönüb, indi də ən azı düyməni basmaqla hansısa növbəti mürtəce siyasətin qəbul edilməsinə səs verir, amma yenə də özünü siyasətçi hesab etmir...
Sosioloq Maks Veber ilk tədqiqatlarını intihar hadisələrini tədqiq etməklə başlamışdı. Bu, sizlərə qəribə gəlməsin. Həyat da akvarium kimidir – burada yaşaya bilən və yaşaya bilməyib ölən balıqlar olur. Bizdə belə təsəvvür edilir ki, intihar daha çox məişət problemləri ilə, sosial çətinliklərlə bağlıdır. Amma ciddi araşdırmalar göstərir ki, ona daha çox varlı, inkişaf etmiş ölkələrdə təsadüf olunur. İlk baxışda bu, bir qədər qeyri-adi görünür: insanın hər şeyi varsa, həyatı təmin olunubsa, o, niyə intihar etməlidir?! Onlarla səbəb göstərmək olar, onlardan biri də mənəvi böhran, bəli, mənəvi böhrandır! İnsan təkcə bir parça çörəklə tox olmur! Hərçənd, Brejnev deyirdi ki, çörək olsa, mahnı da olacaq! Amma həmişə belə olmur! İnsan bəzən özü ilə onu əhatə edən mühit arasında konflikt yaşayır və bu da son nəticədə onu ölümə, heçliyə sürükləyir!

Ən çətini isə yalan mühitində yaşamaqdır. İnanmıram ki, Azərbaycanda nə vaxtsa totalitarizm qurulsun. Hələlik avtoritarizmin dəmir həlqələrinin bir qədər də bərkidilməsi prosesi gedir. Onu da etiraf edirəm ki, totalitarizm bizim üçün bir o qədər də yeni hadisə deyil – düz yetmiş il onun yükünü çəkmişik. Amma o, dəhşətdir!

Yazıçı Andrey Platonovun 15 yaşlı oğlunu «KQB» atasına qarşı agentə çevirmişdi! Aleksandr Soljenıtsının birinci arvadı «KQB» ilə əməkdaşlıq edirdi. Kommunal mənzildə yaşayan Lev Qumilyovun yazı masasının yeşikləri hər gün yoxlanırdı. Bunu hiss edən və dözməyən alim axırda kiçik bir qeyd yazmışdı ki, heç olmasa, götürdüklərini yerinə qoy!

Budur totalitarizm! İndi arabir kimlərinsə psixoloji dispanserə salındığını eşidəndə adamın yadına Yuri Andropovun «repressiv psixiatriyası» düşür!
Andropov günlərin birində Saxarovu dəli elan etdi – hidrogen bombasının yaradıcısını, 28 yaşında akademik olmuş bir şəxsi, fizika sahəsində ideyaları ilə bir neçə istiqamətin əsasını qoymuş insanı! Baxtin kimi ədəbiyyatşünas ömrünün axırına kimi doktor ola bilmədi! Pasternak Xruşşova yalvarırdı ki, ona heç olmasa, tərcümə etmək üçün icazə versinlər! Nobel mükafatından imtina etməyə məcbur etdilər!

Kino bəlkə də sənətlərin ən gözəlidir – ona görə ki, burada söz, hərəkət və musiqi var, necə deyərlər, bu, sözün əsl mənasında sintetik sənətdir, özündə bir çox elementləri birləşdirir. İnsanın ölümlə mübarizəsini əks etdirən, dəhşətli səhnələrlə dolu bir filmə baxmışdım – adı da «Yaşamaq gözəldir, qardaşım!» idi. Heç kim bu fani dünyanı, hətta onun bütün əzablarına, çirkinliklərinə və məşəqqətlərinə baxmayaraq tərk etmək istəmir, hamı burada qalmaq, yaşamaq, elə hey yaşamaq istəyir.

Əslində belə də olmalıdır. Ən pisi həyatdan məğlub kimi getməkdir.Azadlıq, ləyaqət, həqiqət uğrunda çarpışmağa dəyər! Hərçənd, «mütləq azadlıq yoxdur» deyənlər də var. Hətta Martin Lüter Kinqin qəbir daşının üstündə yazılıb ki, nəhayət ki, azadam! Amma o, bir an dayanmadı, öz işini gördü...

Bir də ki, çalışıb həyatı maraqlı etmək lazımdır. Hətta arabir mənə elə gəlir ki, insan Yer üzünə xüsusi tapşırıqla, missiya ilə gəlir. Bu da bir sınaqdır. Əks təqdirdə cənnətdə qalıb, elə hey kef çəkərdik...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG