Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:41

Xalq sənətkarlarının ümidi xarici turistlərə qalıb


Sandıqçı Sadəddin kişi, 1 mart 2006
Sandıqçı Sadəddin kişi, 1 mart 2006
«Oturmuşuq, turist gözləyirik...»

Sandıqçı Sadəddin kişinin 62 yaşı var, bu qədim sənəti o, vaxtilə atasından öyrənib. Onun emalatxanası Şəki şəhərinin "Yuxarı məhlə" adlanan hissəsində yerləşir, bura həm də dükandır. Amma Sadəddin kişi gileylənir ki, dükanı sandıqla, mücrüylə dolu olsa da, müştərisi azdır: «Oturmuşuq, turist gözləyirik, yazda bir-iki turist bizdən nəsə alsa, dolanırıq, yoxsa şəkililər demişkən, acından qırılmaq üzrəyik…».


Sadəddin kişi deyir ki, bir tərəfdən, cehiz üçün qıza sandıq verilməsi adətinə riayət edənlər azalır, o biri tərəfdən isə, camaatın dolanışıq səviyyəsi yaxşı deyil. Bir çoxları qədim üsulla hazırlanan sandıq əvəzinə ucuz materiallardan düzəldilən sandıqlar almağa məcburdur.


Şəki -- Yuxarı-Karvansaray
Şəkidə sənətkarlığın 18 sahəsi var: şəbəkə sənəti, xalçaçılıq, papaqçılıq, kəlağayıçılıq, təkəlduz, dulusçuluq, misgərlik və sair. Bu sənətlərin əksəriyyəti indi böhran vəziyyətindədir. Bunun bir səbəbi də odur ki, zavod-fabriklərdə müasir texnikayla müasir dəbə uyğun hazırlanan mallar sənətkarların bazarını bağlayır. Köhnə üsullarla işləyən sənətkarlar rəqabətdə uduzur.


Amma vəziyyət nə qədər faciəvi görünsə də, çıxılmaz da deyil. Üç il əvvəl Şəkidəki sənətkarlar əl-ələ verib öz birliklərini yaradıblar. Bu, Azərbaycanda Mədəni İrsin Qorunması Layihəsi həyata keçirən Dünya Bankının dəstəyi ilə olub. İndi bu birlikdə Şəkinin müxtəlif yerlərindən 80-ə yaxın sənətkar var. Təşkilatı yaratmaqda məqsəd o olub ki, həm sənətkarlar öz problemlərini həll etmək üçün birgə iş görə bilsinlər, həm də onlara müasir dövrə uyğunlaşmaq üçün məsləhətlər verilsin. Hətta bunun üçün xaricdən mütəxəssislər dəvət edilib. Həmin mütəxəssislər sandıqçı Sadəddin kişiyə də məsləhət görüblər ki, xırda mücrülər hazırlamağa başlasın. Çünki Şəkiyə gələn turist heç vaxt suvenir kimi sandıq və ya böyük mücrü almaz.


Mədəni İrsin Qorunması Layihəsi sənətkarları Şəkidə turizmin inkişafı layihələrinə cəlb etməyi nəzərdə tutur. Məqsəd odur ki, qədim sənətkarlıq Şəkini turizm baxımından daha cəlbedici, daha koloritli etsin. Sənətkarların da müştəriləri artsın, maddi vəziyyətləri yaxşılaşsın və onların sənəti sıradan çıxmasın. Artıq Şəki şəhərində Karvansarada sənətkarlara 26 otaq ayrılıb. Bundan başqa, indi qədim Şəki təcridxanası bərpa edilir və həmin binanın bütövlükdə sənətkarlara verilməsi nəzərdə tutulur. Orda həm emalatxanalar olacaq, həm mağaza, həm də qonaq qəbul etmək üçün ofis.



Şəki İpək Kombinatı, 1 mart 2006
Amma bütün bunlar heç də qədim sənətkarlıq sahələrinin inkişafı üçün ideal şəraitin yaranması demək deyil. Şəkidə turizm yeni inkişaf etməyə başlayıb və sənətkarların müştəriləri elə də çox deyil. Üstəlik, turizmdən gələn gəlir mövsümidir.


Şəki Sənətkarlar Assosiasiyasının rəhbəri, kəlağayıçı Əmiraslan Şamilov deyir ki, sənətkarlar xaricdə də öz mallarına müştəri tapa bilərlər. O xatırladır ki, Mədəni İrsin Qorunması Layihəsi çərçivəsində onlara öz məhsulları barədə İnternetdə məlumat yerləşdirməyə imkan yaradılıb və onlar xaricilərin qədim sənətə marağını hiss ediblər. Hətta İnternet vasitəsilə bir sifariş də olub. Finlandiyadan bir müştəriyə kəlağayı satılıb. Amma həmsöhbətim deyir ki, xarici bazara çıxmaq üçün tək İnternet saytı kifayət etmir. Onun fikrincə, dövlət sənətkarların xarici sərgilərdə iştirakına şərait yaratmalıdır: «Əgər mən o sərgilərdə iştirak etsəm, ingilislərin, almanların zövqünü görərəm, bilərəm. Mən onların ürəyincə olan ornamentlərə uyğun da naxışlar yarada bilərəm».


Əmiraslan Şamilov hesab edir ki, xalq sənətkarlarının xarici sərgilərdə iştirakı üçün vəsaiti dövlət ayırmalıdır.


Sandıqçı Sadəddin kişi isə deyir ki, əgər dövlətdən yardım olsa, o, özünə müasir dəzgahlar ala bilər, bununla da həm hazırladığı sandıqların, mücrülərin keyfiyyəti yaxşılaşar, həm də işi yüngülləşər. Sadəddin kişiyə görə, təkcə turistlərə ümid bağlamaqla birtəhər dolanmaq mümkündür, amma sənəti yaşatmaq çətindir: «İki oğlum var, hansına deyirəm ki, gəl sənəti öyrən, deyir, neyləyirəm, sən düzəldib yığırsan sandıqları üst-üstə, alan yoxdur... Gərək bunlar satılsın ki, əl pul görüb sevinsin ki, sənətə də maraq yaransın».


Növbəti söhbətimizdə Şəkinin daha bir qədim sənəti – halvaçılıq haqqında danışacağıq.


XS
SM
MD
LG