Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:50

Zöhrab İsmayıl: «Büdcə 2 milyard azaldılacaq»


Zöhrab İsmayıl
Zöhrab İsmayıl
«Büdcə 2 milyard azaldılacaq». Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə belə deyib.

Onun sözlərinə görə, neftin qiymətinin hansı aralıqda olacağı barədə proqnozları hökumət özü aparmalıdır:

«Büdcədə neftin qiyməti ən aşağı səviyyə ilə götürülməlidir. Əgər neftin qiyməti daha yüksək olarsa, həmin fərq hansısa bir sabitləşdirmə fondunda yığılmalıdır. Bu, qəbul edilən praktikadır, vaxtilə Azərbaycanda bundan istifadə ediblər. Amma sonradan nədənsə həmin fond ləğv olundu».

Z.İsmayıl deyir ki, əldə olunan gəlirlərin maksimum xərclənməsi halları var:

«Gözləyirəm ki, mayda dövlət büdcəsinə yenidən baxılacaq. Buna səbəb neftin qiymətidir. Hökumət artıq bu istiqamətdə bir addım atıb. Dövlət investisiya xərclərinin bölüşdürülməsi haqqında Nazirlər Kabinetinin sərəncamında 1,6 milyard manat bölüşdürülməyib və ehtiyat vəsait başlığı altında saxlanıb. Bu, büdcə qanunvericiliyinə ziddir».

Z.İsmayıl deyir ki, hökumət özünü sığortalamaq və proseslərin gedişatına baxmaq istəyir:

«Çox güman ki, bu məbləğ may ayında ixtisar oluna bilər. Digər tərəfdən, yeni layihələr də başlanmayıb. Yalnız əvvəlki layihələr tamamlanır. Bütün bunlar onu deməyə imkan verir ki, hökumət xərcləri təxminən 2 milyard manat ixtisar edəcək. Bu dəyişikliklər iş yerlərinin sayında öz əksini tapacaq».
XS
SM
MD
LG