Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:23

Keyfiyyətsiz qida, «dedovşina», tibbi yardımın olmaması...


Apellyasiya Məhkəməsi Elmin Əsgərova (şəkildə ortada) 46 min 982 min manat təzminat verilməsi haqqında qərar çıxarıb
Apellyasiya Məhkəməsi Elmin Əsgərova (şəkildə ortada) 46 min 982 min manat təzminat verilməsi haqqında qərar çıxarıb
Elmin Əsgərov ordudan 1-ci qrup əlil kimi qayıdıb. O çətinliklə danışır və hərəkət edə bilmir. Deyir ki, 2004-cü ildə orduda onu bu vəziyyətə salıblar. Elmini əlil edənlər haqqında sonradan cinayət işi açılıb, onu döyənlər həbs edilib.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədr müavini Bayram Sadıqov deyir ki, Elmin Əsgərovun valideynləri onlara müraciət edəndən sonra məhkəmələrə üz tutublar:

«Bu gənc 2004-cü ildə döyülüb şikəst edilib. Valideynləri yer qalmayıb ki, ora aparmasınlar, evlərində satmadıqları əşya qalmayıb, kəllə-beyin xəsarətlərindən sonra bu günə qalıb. Məhkəməyə də xərəkdə gətirmişdilər, hakimlər də onun bu vəziyyətini gördü...»

Beş ildən sonra, bu ilin fevralında Apellyasiya Məhkəməsi Elmin Əsgərova 46 min 982 min manat təzminat verilməsi haqqında qərar çıxarıb.

Bayram Sadıqov deyir ki, orduda təkcə döyülmələrlə bağlı deyil, qida və tibb çatışmazlığlı ilə bağlı da onlara hər il onlarla müraciət daxil olur:

«Orduda yemək həddindən artıq keyfiyyətsizdir, əsgərlərin döyülüb-incidilməsi faktdır, əsgərlərə verilən müavinətlərin çox hissəsini komandirlər alır, onlara vermir, tibbi xidmət demək olar ki, yox dərəcəsindədir».

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə deyilənlərlə razılaşmır:

«Orduda əsgərin incidilməsi, ona çatacaq müavinətin əlindən alınması haqqında deyilənlərin hamısı yalandır. Mən iddia etmirəm ki, bizim ordu ideal şəkildədir. Ola bilsin ki, müəyyən çatışmazlıqlar var. Ancaq ordunun mənəvi ruhunu, əsgərin döyüş qabiliyyətini sarsıda biləcək mənfi tendensiya yoxdur».

Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin rəhbəri Yaşar Cəfərli isə deyir ki, ordudakı ölüm hallarıyla bağlı apardıqları monitorinqə görə, keçən il 65 nəfər ölüb. Bu ilin yanvar-fevral aylarında isə ölənlərin sayı 12 nəfərdir:

«Səbəblərə gəldikdə, bura döyüş itkiləri və qeyri-döyüş itkiləri daxildir. Təəssüf ki, qeyri-döyüş itkilərinin sayı daha çoxdur. Ümumilikdə isə atəşkəsdən sonra 3 minə qədər hərbçi dünyasını dəyişib».

Yaşar Cəfərli deyir ki, orduda insan haqlarının pozulmasıyla bağlı onlara da çoxlu şikayətlər daxil olur.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə ölüm hallarıyla bağlı deyilənləri uydurma adlandırır:

«Onda belə çıxır ki, iki gündən bir orduda əsgər ya həlak olur, ya da başqa səbəbdən dünyasını dəyişir. Bu rəqəm tamamilə uydurmadır».

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsindən verilən məlumata görə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəisin öz tabeçiliyində olan şəxsi döyməsi və işgəncə verməsinə görə, 2002-ci ildə həbs olunanların sayı 19 nəfər, 2007-ci ildə isə 94 nəfər olub.
XS
SM
MD
LG