Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:51

Bir qrup ziyalı siyasi proseslərin axarından narahatlığını bildirir


Səs: Real audio
«Hakim komandanın ölkəni açıq-aşkar geriyə sürükləyən hərəkətlərini, demokratik cücərtiləri tapdamasını, seçkiləri saxtalaşdırmasını, öz vətəndaşları üzərində polis zorakılığını şiddətləndirməsini beynəlxalq aləm sərt reaksiya ilə qarşılamalıdır» Bir qrup ziyalı beynəlxalq siyasi və hüquq-müdafiə təşkilatlarına, demokratik dünyaya müraciət edib. Müraciətdə ölkədəki siyasi proseslərin axarının ciddi narahatlıq doğurduğu bildirilir. Qeyd olunur ki, qalmaqallı 2003-cü il prezident seçkisi, onun ardınca namizəd və partiyaların bir çoxunu narazı salan parlament seçkisi bu narahatlığı bir qədər də artırıb.



Müraciətdə bildirilir ki, mövcud iqtidar seçkinin nəticələri ilə bağlı beynəlxalq təşkilatların və sıravi vətəndaşların iradlarını qulaqardına vurur. Bu da onu göstərir ki, hakimiyyət ölkədə siyasi vəziyyətin normallaşmasına nail olmaq istəyinə yaxın deyil.



Daha sonra müxalifətin 26 noyabrda keçmiş «Qələbə» kinoteatrı qarşısındakı meydanda keçirdiyi aksiya zamanı polislə aksiyaçılar arasında baş verən qarşıdurma xatırladılır. Bildirilir ki, hakim dairələr siyasi proseslərdə öz mövqeyini israrlı şəkildə və nəyin bahasına olur - olsun qorumağa çalışır. «Hakim komandanın ölkəni açıq-aşkar geriyə sürükləyən hərəkətlərini, demokratik cücərtiləri tapdamasını, seçkiləri saxtalaşdırmasını, öz vətəndaşları üzərində polis zorakılığını şiddətləndirməsini beynəlxalq aləm sərt reaksiya ilə qarşılamalıdır» - deyə, sənəddə vurğulanır. Bildirilir ki, bütün bunları etmək hələ də gec deyil: «Hələ Azərbaycanın gözgörəsi antiqərb və antidemokratik yola sürüklənməsinin qarşısını almaq olar».



Müraciəti Milli Elmlər Akademiyasının akademiki Midhət Abbasov, fəlsəfə elmləri doktorları, professorlar, Əli Abbasov, Həsən Quliyev, politoloq Zəfər Quliyev, tanınmış hüquq-müdafiəçiləri və QHT rəhbərləri, bir qrup vəkil, aparıcı KİV rəhbərləri (ümumilikdə 30 nəfər) imzalayıb.
XS
SM
MD
LG