Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:36

20 Yanvar əlili Rusiyanı məhkəməyə verib


Səs: Real audio
Vüqar SSRİ-nin varisi kimi Rusiyadan kompensasiya tələb edir «Necə deyim, adam istəyir ki, o hadisələri yaddaşından pozsun, yaşadıqlarımı yenidən yaşamaq istəmirəm. İstəyirdim ki, o şeyləri yaşamayım, kitablardan oxuyum».



20 Yanvar hadisələrində əlil olmuş Vüqar Əlizadə 16 il əvvələ qayıtmaq istəmir. Ancaq o, bunu istəməsə də, 16 il əvvəlin izi hər addımda onunladır. 20 Yanvarda sağ ayağından yara alıb əlil olanda Vüqarın 18 yaşı olub. 16 ildə ayağından bir neçə dəfə cərrahiyyə əməliyyatı olunub, imkan olanda xəstəxanada müalicə alıb, olmayanda əli çatan dərmanların ümidinə qalıb:



«Ayda 139 min manat pensiyadır, 130 min də əvvəl olan güzəştlərin ləğvinə görə verirlər. Adi, ən ucuz dərman 39 min manatdır, içində 30 dənə var. Gündə üç dəfə atmaq üçün bir ayda 4 dənə bundan lazımdır. Pensiyama bərabərdir».



Vüqar yeni ailə qurub, bir müddət kirayədə yaşayıb, imkanı çatmayanda, valideynlərinin evinə sığınıb. İşləmək istəyir, ali təhsil də alıb. Ancaq 20 Yanvarın izinə görə ona iş vermirlər.



«Əvvəl məni ona görə işə götürmürdülər ki, ali təhsilin yoxdur. İnstituta girdim, 5 il oxudum, fərqlənmə diplomuyla qurtardım. Sonra dedilər ki, xarici dili, kompüteri bilməlisən, öyrəndim. Mənim əlillik kitabçama yazılıb ki, əmək qabiliyyətim yoxdur, ona görə işə götürmürlər...».



Vaxtını boş keçirməmək, dərdlərinə məğlub olmamaq üçün şərq təbabətinə üz tütüb. Deyir bununla elə bil itirdiyim gücümü, sağlamlığımı geri alıram:



«Dərmana pulum çatmır, özümü yoqayla sağaldıram. Normal adamlar çətinlikdən, ağrılardan qaçır. Üzləşdiyin xəstəlik, bədbəxtlik ya adamı məhv etməlidir, ya da sən ona qalib gəlməlisən. Hiss edirəm ki, ona qalib gəlirəm».



Vüqar 20 Yanvar hadisəsində əlil olmasına görə SSRİ-nin varisi kimi Rusiyanı məhkəməyə verib kompensasiya tələb edir. Bütün yerli məhkəmə instansiyalarını keçib, rayon məhkəməsindən Ali Məhkəməyə qədər ona iddiasının əsassız olduğunu deyiblər. Keçən il isə sənədləri Avropa İnsan Haqları Məhkəməsinə göndərib, ümid edir ki, burda onun hüquqlarını bərpa edəcəklər.
XS
SM
MD
LG