Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:37

Kadr karuseli


Səs: Real audio
Ömər Eldarov: «Onun abidəsinin nə vaxtsa, haradasa qoyulacağına artıq inamım qalmayıb» Hökumətdə yerdəyişmələr davam edir



Yeni nazirliklərin yaradılması və bir sıra məmurların iş yerlərinin dəyişdirilməsinə siyasi ekspertlərin münasibəti birmənalı deyil.



Onların bir qismi dövlət başçısının bu cür addımlarının islahat xarakteri daşıdığını desə də, digər qismi bunun konkret bir qrupun maraqları naminə edildiyini və beynəlxalq təşkilatların tövsiyə etdiyi struktur islahatlarına dəxli olmadığını deyirlər.



Politoloq Zərdüşt Əlizadənin fikrincə, yeni strukturların yaranması heç bir səmərəli idarəçilik məqsədi daşımır. Sadəcə dövlətin başında duranlar özlərini saxlamaq üçün imkanlarını genişləndirirlər. Zərdüşt Əlizadə deyir ki, Avropa Birliyi Azərbaycanda struktur islahatları layihəsinin hazırlanmasına 400 milyon dollar əvəzsiz maliyyə ayırıb. Avropanın bir sıra mərkəzləri, institutları isə müxtəlif sahələrdə konkret islahatların aparılması ilə bağlı təkliflər hazırlayıb Azərbaycan hökumətinə veriblər. Hökumət isə bu təkliflərin həyata keçirilməsinin özünə təhlükə olduğunu anladığı üçün buna getmək istəmir. Ancaq Avropanı aldatmaq üçün müəyyən addımlar atılır ki, son dövr dəyişikliklərinin bir səbəbi də budur.



YAP–dan olan millət vəkili, politoloq Aydın Mirzəzadə isə bu fikirlərlə razılaşmır. Onun fikrincə, məmurların bir vəzifədən başqasına təyin edilməsi görüntü xarakterli deyil. Bu, həmin şəxslərin potensialından istifadə etmək məqsədi daşıyır.



Aydın Mirzəzadə hesab edir ki, kadr məsələsində yalnız təcrübəlilərdən və ya yalnız yenilərdən istifadə etmək düz deyil. Onun fikrincə, bir qayda olaraq həm təcrübəli, həm də gənc kadrların sintezindən istifadə özünü daha çox doğruldur.



Struktur dəyişikliyi məsələsinə gəlincə, millət vəkili deyir ki, Azərbaycan müstəqil dövlətdir və burada həyata keçirilən islahatlar hansısa beynəlxalq qurumların tələbinə görə yox, milli maraqlar naminə həyata keçirilir. Prezidentin bu yöndə həyata keçirdiyi son dəyişikliklər də həmin islahatların davamıdır.



«Turan» informasiya agentliyinin şərhçisi Zəfər Quliyevin fikrincə isə, həyata keçirilən dəyişikliklər nə kadr, nə də struktur islahatına oxşayır. O deyir ki, hakimiyyətin əvvəlki illərdə də etdiyi dəyişikliklər nəzərə alınsa, bu, faktiki olaraq daha çox cəmiyyətin və Qərbin qarşısında verilən vədlərin imitasiyasıdır. Burada ciddi məntiq, təkmilləşməyə aparan yol görünmür. Ola bilsin ki, prezident bu yolla əvvəlki kadrları yavaş-yavaş təzələyib yaxın gələcəkdə özünə məxsus bir komanda formalaşdırmaq istəyir. Lakin bu işin hansısa ciddi bir proqram əsasında görülməsi hiss olunmur.



Zəfər Quliyev Aydın Mirzəzadədən fərqli olaraq hesab edir ki, kadrlardan istifadə və onların təyinatı həmin şəxslərin iş keyfiyyətinə deyil, hakimiyyətdəki aparıcı klanlara sadiqliyinə əsasən həyata keçirilir.



Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra bir neçə naziri, eləcə də 30–dək icra başçısını vəzifəsindən kənarlaşdırıb. Ancaq həmin nazirlərin əksəriyyəti ya xarici ölkələrə səfir göndərilib, ya da başqa nazirliyə rəhbər təyin ediliblər. Eyni hal icra başçıları ilə bağlı da müşahidə edilib. Onların əksəriyyətinə başqa rayonların rəhbərliyi tapşırılıb.



Struktur dəyişikliyinə gəlincə, isə dövlət başçısı Mədəniyyət və Gənclər, İdman və Turizm nazirlikləri ilə bağlı dəyişiklikdən əvvəl iki yeni nazirlik də yaradıb.
XS
SM
MD
LG