Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:41

Orduya son çağırış yaşının 27-yə endirilməsi təklif olunur


Səs: Real audio
Zavodun işçiləri müəssisədəki bir neçə sexin sökülərək yerində məscid tikilməsinə etiraz edirlər Fevralın 15-də Milli Məclisin insan hüquqları daimi komissiyasının iclasında bəzi millət vəkilləri hərbi xidmətə son çağırış yaşının 35-dən 27-yə endirilməsini təklif ediblər



Bu cür fikirlər yeni deyil. 2001-ci ildən bəri bir sıra ictimai təşkilatlar, deputatlar və siyasətçilər belə təşəbbüslə çıxış ediblər. Məhz həmin il, 5 il bundan əvvəl hərbi xidmətə çağırış qaydaları dəyişdirildi – bir çox güzəştlər ləğv olundu, son çağırış yaşı 8 il artırılaraq 27-dən 35-ə çatdırıldı. Üstəlik, əgər əvvəllər himayəsində iki həddi-buluğa çatmayan uşağı olanı hərbi xidmətə çağırmırdılarsa, yeni qaydalarla artıq üç uşaq atalarına güzəşt edilir.



Çağırış qaydalarının korrupsiyaya yol açdığına dair ittihamları ötən parlamentin iclaslarında Zahid Oruc da səsləndirirdi. Amma bu 5 ildə etiraz edənlər konkret layihəni səsverməyə çıxarmağa nail ola bilmədilər.



Fevralın 15-də Milli Məclisdə bu məsələni yenidən gündəmə gətirən İqbal Ağazadə isə artıq parlamentdə yetərincə həmfikirinin olduğunu, hətta yaz sessiyasında məsələnin müzakirəyə çıxarılmasına nail ola biləcəklərini düşünür. O deyir ki, hələ ötən ilki parlament seçkilərindən öncə ona hərbi çağırışın problemləri ilə bağlı müraciət edənlər olmuşdu. Və bu müraciətlər indi də davam edir.



İqbal Ağazadə fikrini belə əsaslandırır ki, böyük yaş fərqi hərbi xidmət zamanı "dedovşina" [nizamnamədən kənar hərəkətlər] problemini ortaya çıxardır, bu da öz növbəsində, orduda intizama və döyüş ruhuna təsir edir. Cənab Ağazadənin fikrincə, Azərbaycanın müharibə şəraitində olmasının çağırış yaşına elə də aidiyyəti yoxdur. Çünki müharibə başlasa, səfərbərlik haqda qanun 45 yaşınadək olanları orduya çağırmağa imkan verir.



Müdafiə Nazirliyinin mövqeyi bu məsələdə 5 il əvvəllə müqayisədə elə də dəyişməyib. Nazirliyin Mətbuat xidmətindən İlqar Verdiyev hərbi xidmətdən yayınmaların qarşısını almaq üçün indiki 35 yaşlıq həddi optimal sayır. O, yaş həddinin azaldılmasının geriyə addım olduğunu düşünür.



Müstəqil hərbi ekspertlərsə hərbi xidmətə çağırış qaydalarıyla yanaşı, alternativ hərbi xidmətin və ordu standartlarının dəyişdirilməsinin tərəfdarıdırlar.



Bir müddət öncə "Azadlıq" radiosuna müsahibədə keçmiş müdafiə naziri Tacəddin Mehdiyev və İstefada Olan Zabitlər Birliyinin rəhbəri Üzeyir Cəfərov kontrakt əsasında hərbçilərdən qurulan professional ordunun tərəfdarı olduqlarını demişdilər. Onlar təklif edirdilər ki, hərbi xidmət keçmək istəməyəni zorla orduya aparmaqdansa, onlardan alınan rəsmi ödənişlər hesabına yaxşı maaş alan ordu qurulsun. Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, Azərbaycanın böyük çağırışçı ordusuna hərbi baxımdan ehtiyacı yoxdur. Amma ordudan yayınanlar o qədər çoxdur ki, onların yerini doldurmaq üçün yaşlıları xidmətə çağırırlar.



Qonşu ölkələrdən Gürcüstanda həm xidmətdən yayınma hallarını aradan qaldırmaq, həm də ordunun maddi təminatını yaxşılaşdırmaq üçün alternativ xidməti də özündə birləşdirən bir sistem tətbiq olunur. Bu sistemə görə, hərbi xidmətə getmək istəməyən vətəndaş hərbi xidmət müddətində əsgərə çəkiləcək xərcləri tam ödəməklə ordudan rəsmi olaraq yayına bilər. Orduya getmək istəməyən vətəndaşların verdiyi vəsait isə hərbçilərin maddi vəziyyətinin yaxşılaşmasına yönəldilir.



Azərbaycanda isə orduya çağırış yaşının endirilib-endirilməyəcəyi İqbal Ağazadənin nə qədər tərəfdar toplaya biləcəyindən, daha doğrusu, hakim komandanın buna qol qoyub-qoymayacağından asılı olacaq.
XS
SM
MD
LG