Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:48

Rəhim Ağa Çavuş Əkbəri: «Molla Nəsrəddin»i çox baha qiymətə aldım»


«Molla Nəsrəddin» dərgisindən (1906-1920) karikatura
«Molla Nəsrəddin» dərgisindən (1906-1920) karikatura
Bu «İz»in qonağı Tehranın Azadi-İslam Universitetinin müəllimi Rəhim Ağa Çavuş Əkbəridir.


AZADLIQ: Rəhim Ağa, Azərbaycanın çox böyük ədibi və jurnalisti Cəlil Məmmədquluzadənin qohumusunuz. Nə vaxtdan bunun fərqindəsiz?


RƏHİM AĞA ÇAVUŞ: 14-15 yaşımdan. Atamla Mirzə Cəlil əmioğludurlar. Babam Məşrutə hərəkatının fəal üzvlərindən, Səttarxanın ardıcıllarından olub. Mən yoxsul bir ailədə dünyaya gəlmişəm, atam kisəçi olub, 11 uşaq dünyaya gətirib. İxtisasca tarixçi olan böyük qardaşıma danışanda eşitmişəm ki, Cəlil Məmmədquluzadə böyük bir ədib olub və «Molla Nəsrəddin» məcmuəsini də yaradıb... Sonralar məcmuənin bəzi nüsxələrini çox baha qiymətə alıb oxumağa başladım...


AZADLIQ: Bakıya gəlişinizin məqsədi nədir, Rəhim müəllim?


RƏHİM AĞA ÇAVUŞ: «Molla Nəsrəddin»in və Mirzə Cəlilin yubiley tədbirlərinə qatılmaqdır məqsədim. Binəqədidəki məktəbdə yaxşı bir görüş oldu.


AZADLIQ: «Molla Nəsrəddin» dərgisinin Təbriz nüsxələri Mirzə Cəlilin ev muzeyində yoxdur. Bu 8 nüsxəni gətirməyə söz vermisiz. Təbriz nəşrləri kitab şəklində də çapdan çıxıb. Çətin olmadı həmin nüsxələri tapmaq? Görün üstündən neçə il ötüb, axı...


RƏHİM AĞA ÇAVUŞ: Məcmuəni hələ də qoruyub-saxlayanlar var. Təbrizdəki bir tanışımla şərtləşdim ki, onda olan 4 Təbriz nömrəsinin üzünü köçürüb Bakıya Mirzənin ev muzeyinə göndərim. Təbrizdə cəmi 8 nömrə çap olunub. Sizdə var o nömrələr. Mirzə Cəlilin ev muzeyində yoxdur. İnşallah, bu işi bitirərik...


AZADLIQ: Rəhim müəllim, necə və nə tövr oldu ki, Mirzə Cəlilin qohumları İrana köç etdilər?


RƏHİM AĞA ÇAVUŞ: Daha öncələr – Türkmənçay Müqaviləsi dönəmlərində bizim nəsil – ya Təbriz, ya Naxçıvan olsun – gedib-gəlib-yaşayıb. Qacarlar sülaləsi çökəndən və Pəhləvilər gələndən, Arazın bu tərəfində isə rus kommunistləri hakim olandan sonra get-gəl kəsilib və mənim atam da kommunistlərin yanında yaşamaqdansa, yenidən Təbrizə dönməyi üstün bilib.


AZADLIQ: Çalışdığınız universitetdə – Tehran universitetində «Molla Nəsrəddin» və bütövlükdə Azərbaycan mədəniyyəti araşdırılır və tədris edilirmi?


RƏHİM AĞA ÇAVUŞ: Təəssüf ki, yox. Türk ədəbiyyatını bilənlər az olub. Biz 300 nəfər Azərbaycan türk ziyalısı dövlətə yazılı müraciət etmişik ki, universitetlərdə «türk dili və ədəbiyyatı» fənninin tədrisinə icazə verilsin. Məsələnin həlli 90 faizlik həddə yaxınlaşıb. İnşallah, universitetlərin birində həmin fənnin tədrisinə başlarıq. «Molla Nəsrəddin» elə böyük məktəbdir ki, onu təkcə türk balaları deyil, fars bacı və qardaşlarımız da bilsə yaxşıdır...


AZADLIQ: Son sual, Rəhim müəllim: «Molla Nəsrəddin» dərgisinə, onun qurucusu qohumunuz Mirzə Cəlilə Azərbaycandakı münasibət Sizi razı saldımı?


RƏHİM AĞA ÇAVUŞ: Cəlil Məmmədquluzadə elə böyük şəxsiyyət və onun yaratdığı «Molla Nəsrəddin» məcmuəsi elə böyük məktəbdir ki, hər il bir yubiley keçirsən, yenə azdır. Mirzə Cəlilin təkcə «nə qədər yazırıq, amma bu dünya düzəlmir ki düzəlmir» cümləsi haqqında illərcə yazmaq-düşünmək olar...


Buna da bax:

XS
SM
MD
LG