Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:19

Gənclər üçün ipoteka şərtlərinin yaxın on günə açıqlanacağı gözlənilir


«Gənclər və İdman Nazirliyi gənclər üçün ipoteka kreditlərinin faizləri və ilkin ödəniş barədə məlumatı yaxın on gündə açıqlamağa hazırlaşır». Gənclər və İdman naziri Azad Rəhimovun sözlərinə görə, onlar indi ipoteka kreditlərinin kriteriyalarını, gənclər üçün salınacaq qəsəbələrdə kimlərin mənzil ala biləcəyini müəyyənləşdirirlər: «Yeni salınacaq qəsəbədə kim yaşamalıdır? İpoteka kreditləri 25 yaşdan yuxarı gənclərə verilməlidir, yoxsa 20-22 yaşlı gənclər də bu imkandan istifadə etməlidirlər? Bundan başqa, işləyənlərə, yoxsa işləməyənlərə kredit verilməlidir, hər hansı sahədə uğur qazanan, yoxsa sıravi gənclərə imkan verilməlidir…Çox çətindir seçim etmək».


Cənab Rəhimov deyir ki, ölkədə iki milyondan artıq gənc var və onların böyük bir hissəsi mənzil almaq istəyir: «Deyək ki, iki yüz min gənc ev istəyir, onlardan beş mininə kredit verdik, bəs yerdə qalanlar? Biz narazıların sayını minimuma endirmək istəyirik».


Nazir bildirir ki, gənclər üçün nəzərdə tutulan qəsəbəylə bağlı layihə uğurlu alınsa, onu gələcəkdə də davam etdirəcəklər. Bundan başqa, qəsəbədə yalnız gənclərin yox, imkansız ailələrin də mənzil almasına şərait yaradılacaq. Cənab Rəhimovun sözlərinə görə, bu proqram üzərində iş üç ay ərzində başa çatdırılmalıdır. Hazırda nazirlik torpaq sahəsi axtarır, bundan sonra isə tender elan olunacaq.


XS
SM
MD
LG