Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:59

Bələdiyyə seçkilərinə maraq varmı?


Qısa müddətdə iki dəfə səsvermədə iştirak edən adamlara daha bir seçki yorucu görünür
Qısa müddətdə iki dəfə səsvermədə iştirak edən adamlara daha bir seçki yorucu görünür
«Mənə elə gəlir ki, bələdiyyə seçkilərindən əvvəl elə bir mühit formalaşacaq ki, onun nəticələrinin 70-80 faizi əvvəlcədən məlum olacaq».

Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov bu fikirdədir. Bu səbəbdən də o, 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərindən müsbət bir şey gözləmir.

E.Məmmədov deyir ki, artıq bölgələrdə indiki bələdiyyə üzvləri, hətta bəzi bələdiyyə sədrləri səlahiyyətsiz saydıqları bu qurumda yenidən təmsil olunmaq istəmədiklərini dilə gətiriblər. Onun sözlərinə görə, heç seçicilər arasında da bələdiyyə seçkilərinə maraq hiss olunmur. Məmmədov bunun bir sıra səbəbləri olduğunu deyir. Onun fikrincə, qısa müddətdə iki dəfə səsvermədə iştirak edən adamlara daha bir seçki yorucu görünür:

«Seçki şəbəkəsi elə bir vəziyyətə gəlib ki, adamlar belə tezliklə əlavə enerji sərf edib başlarını ağrıtmaq istəmirlər».

E.Məmmədova görə, rayonlarda bələdiyyə seçkilərinə maraq daha çox bələdiyyə sədri olmağadı:

«Rayonlarda bələdiyyə sədri olmaq nisbətən gəlirli sahə idi. Amma torpaq və bəzi səlahiyyətlər onların əlindən alınandan sonra bu sahə adamlar üçün elə də cəlbedici görünmür».

E.Məmmədov deyir ki, bələdiyyələr az da olsa iş görürlər, nələrsə etməyə cəhd edirlər, amma çox vaxt rayon icra hakimiyyətləri onlara imkan vermir. Birlik rəhbərinə görə, bəzən rayon icra hakimiyyətləri bələdiyyələrə öz şöbələri kimi yanaşır. Hətta bələdiyyələrin dövlət büdcəsindən aldığı yardımlardan müəyyən faizlər də tələb edirlər.

E.Məmmədov bildirir ki, bəzi dövlət qurumları qəzet-jurnal abunəsindən tutmuş, rayona gələn qonaqların yola salınmasına qədər müxtəlif xərcləri bələdiyyələrin üzərinə qoyurlar.

Ötən bələdiyyə seçkilərini boykot edən müxalifət partiyaları isə budəfəki bələdiyyə seçkilərinə getmək barədə ilkin razılığa gəliblər. Artıq partiya strukturlarına hazırlıqla bağlı göstəriş də verilib. Amma bununla yanaşı müxalifət partiyaları da ilin sonunda keçiriləcək bələdiyyə seçkilərindən müsbət bir nəticə gözləmirlər. Müsavat Partiyasında hesab edirlər ki, indiki seçki komissiyaları ilə ədalətli seçkilər keçiriləcəyinə onlarda inam çox azdır. Amma onu da etiraf edirlər ki, partiya üzvlərinin yenidən fəallaşması baxımından bu seçkilərdə iştirak etməkdə qərarlıdırlar.

Badamdar bələdiyyəsinin sədr müavini Ramiq Mustafa isə bu fikirləri qəbul etmir. O deyir ki, əslində bələdiyyə seçkilərinə maraq indi daha çoxdur.

R.Mustafa hesab edir ki, Azərbaycanda bələdiyyələrlə bağlı problem bir çoxlarının bu qurumlara yanaşma tərzilə bağlıdır. Əksər adamlar öz şəxsi problemlərini həll etmək üçün bələdiyyə sədri, müavini olmağa can atır:

«Mənim danışdığım adamların əksəriyyəti bu fikirdədir, amma cəmiyyətin problemlərinin həlli baxımından bələdiyyələrdə təmsil olunmaq istəyənlər elə də çox deyil».

«Azərbaycan bələdiyyə sistemi» jurnalının baş redaktoru Vüqar Tofiqli isə deyir ki, son vaxtlar maliyyə qıtlığı, cəmiyyətdə bələdiyyələrin fəaliyyətinə birmənalı münasibətin olmaması bu qurumda təmsil olunmaq istəyənlərin marağını xeyli azaldıb:

«Bəlkə də indiki bələdiyyə üzvlərinin 30 faizi yenidən namizədliyini verməkdən imtina edəcək».

Onsuz da hazırda ölkə üzrə bələdiyyələrin sayının azaldılmasıyla bağlı müzakirələrə başlanılıb. Artıq müxtəlif rayonlarda bu məsələ ilə bağlı rəsmi qurumların da qatıldığı bir neçə toplantı keçirilib.

Salyan rayon Cəngən kənd bələdiyyəsinin sədri Oruc Məmmədov xırda bələdiyyələrin birləşməsini normal hal sayır. Onun sözlərinə görə, xırda bələdiyyələrin hansı vəziyyətdə olması göz qabağındadır. Bu baxımdan da xırda bələdiyyələrin hamısı iri bələdiyyələrlə birləşsə, bu, müəyyən inkişafa səbəb ola bilər.

Hətta məlumatlar var ki, bələdiyyələrin sayı yarıbayarı azaldılacaq. Bəzi iri bələdiyyə rəhbərləri təklif edir ki, bələdiyyələrin ümumi sayı 400-ə endirilsin. Hazırda isə Azərbaycanda 2750 bələdiyyə fəaliyyət göstərir.
XS
SM
MD
LG