Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:25

Obamanın zəngli mesajı


Obama Azərbaycan, Türkiyə və Ermənistan arasındakı mübahisənin dinc həllinə çağırıb
Obama Azərbaycan, Türkiyə və Ermənistan arasındakı mübahisənin dinc həllinə çağırıb
ABŞ Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasında göstərilən səyləri dəstəkləyir. Bu sözlər ABŞ prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla çatdırdığı mesajdandır. Ağ Evin yaydığı xəbərdə bildirilir ki, cənab Obama Azərbaycan, Türkiyə və Ermənistan arasındakı mübahisənin dinc həllinə çağırıb. ABŞ prezidenti azərbaycanlı həmkarına onu da çatdırıb ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması regiona sülh və əmin-amanlıq vəd edir. Telefon zəngində Barak Obama Dağlıq Qarabağdan da danışıb və ABŞ-ın münaqişənin həllində dəstək verəcəyini söyləyib.

Prezidentin mətbuat xidmətinin məlumatında İlham Əliyevin amerikalı həmkarıyla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdiyi göstərilir.

Türkiyə-Ermənistan münasibətləri ilə bağlı isə İlham Əliyev öz ölkəsinin mövqeyini Barak Obamaya çatdırıb.

İctimaiyyətə isə Türkiyənin Ermənistanla sərhədləri açmaq istəməsi və Türkiyə dövlət məmurlarının bu məsələylə bağlı bəyanatlarına rəsmi Bakının münasibəti bəlli deyil. Düzdür, İlham Əliyev aprelin 6-da keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib ki, regiondakı mümkün geosiyasi dəyişikliklərə uyğun Azərbaycan da öz mövqelərinə dəyişiklik edəcək.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, əslində bəzi məsələlərlə bağlı ictimaiyyət yetərincə məlumatlı deyil. Ekspertin fikrincə, Obamanın mesajında ABŞ-ın Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın ərazi bütövlüyü, yoxsa Dağlıq Qarabağ ermənilərinın öz müqəddəratını həll etməsi müstəvisindən yanaşdığı aydın görünmür.

B.Obamanın ABŞ-ın Türkiyə-Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasını dəstəkləməsiylə bağlı mesajına diqqət yönəldən digər siyasi şərhçi Elxan Şahinoğlu isə deyir ki, əslində amerikalı prezident məsələyə öz ölkəsinin maraqlarından yanaşır:

- Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması Obama üçün vacibdir. Bir tərəfdən, erməni lobbisi Obamanı sıxır, digər tərəfdən, Amerika prezidenti Türkiyə kimi müttəfiqini itirmək istəmir. Hər iki ölkə arasında münasibətlər yaxşılaşandan sonra onun Dağlıq Qarabağ münaqişəsinə diqqəti arta bilər.

Ərəstun Oruclu isə Obamanın telefonla söylədiyi mesajı həm də Azərbaycana təzyiq kimi qiymətləndirir. Bu təzyiqlər rəsmi Bakının mövqeyini dəyişdirə bilərmi?

Ərəstun Orculu: «Hər halda güclü beynəlxalq mexanizmlər var ki, onlar işə düşərsə, Azərbaycan geri çəkilməyə məcbur ola bilər».

Ekspert deyir ki, yerli ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Azərbaycana edilən təkliflər haqqında detallı məlumata sahib deyil. Amma onun fikrincə, rəsmi Bakının müəyyən müqavimət göstərməsi o qənaəti yaradır ki, təkliflər Azərbaycanın maraqlarını əks etdirmir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə hesab edir ki, Azərbaycan hakimiyyətinin göstərdiyi müqavimət sərhəd söhbətindən təşvişə düşən yerli ictimaiyyətə hesablanmış da ola bilər. Onun fikrincə, hətta bu müqavimətin Türkiyəylə razılaşdırılması ehtimalı da var. Ola bilsin ki, rəsmi Bakı Türkiyəyə bu ölkənin Qərblə və Ermənistanla danışıqlarında əlavə arqument vermək üçün bu cür davranır.

İsa Qəmbər deyir ki, əslində Azərbaycan regionda yeganə müttəfiqi Türkiyəni itirmək təhlükəsilə üzləşib və ona görə də seçimini etməlidir. Onun fikrincə, Azərbaycan Türkiyə ilə münasibətləri korlamaq səviyyəsinə çatacaq addımlara yol verməməlidir. Partiya rəhbərinin proqnozuna görə, bu yöndə danışıqlar getsə də, Türkiyənin Ermənistanla yaxın perspektivdə sərhədini acacağı real görünmür.
XS
SM
MD
LG