Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:19

Məhbusların yeməyinə ayrılan pul hara gedir?


10 saylı cəzaçəkmə müəssisəsinin qarşısı
10 saylı cəzaçəkmə müəssisəsinin qarşısı
«Bizim uşaq indiyə kimi gedib «stalova»da çörək yeməyib». 10 saylı cəzaçəkmə müəssisəsinin qarşısında rastlaşdığım adının çəkilməsindən ehtiyat edən həmsöhbətim belə deyir. O, məhbus oğlu ilə görüşə əlidolu gəlmişdi. Təkcə onun yox, həbsxananın görüş zalına keçmək üçün növbə gözləyənlərdən hər birinin əlində ərzaqla dolu torbalar vardı. Çoxu məhbus qohumlarının cəzalandırılacaqlarından qorxub danışmaqdan imtina etdi. Bircə özünü təqdim etməyən həmsöhbətim gətirdiyi sovqatdan danışdı:

- Çalışırıq ki, ayda iki dəfə gələk. Adi insana gündəlik tələbatda nə lazımdısa çalışırıq gətirək: düyüdən tutmuş yumurta, toyuq, balıq, kartof, soğan, yağına kimi.

Həmsöhbətim deyir ki, oğlu həbsxananın yeməkxanasında verilən yeməyi yeyə bilmir, ona görə də məcbur olur ki, valideynlərini bu qədər xərcə salsın. Deyir ki, ucuz ətin şorbası olmadığı kimi, pulsuz verilən qida da dilə vurulası olmur. Amma alınıb gətirilən ərzaqla da iş bitmir:

- Hər valideyn gələndə çalışır uşağına ən azı 50 manat versin ki, ərzağı bitəndə içəridən ala bilsin. Kalonun özünə bişirilmək üçün gələn ərzaq məhsulları ikinci dəfə dustaqların özünə satılır, onlar da alıb bişirirlər.

Cəzaların İcrası Məcəlləsinə görə, məhkumlara gün ərzində üç dəfə orqanizmin normal fəaliyyətini təmin edən yemək verilməlidir.
Həbsxananın görüş zalına keçmək üçün növbə gözləyənlərdən hər birinin əlində ərzaqla dolu torbalar vardı
Bu məqsədlə hər il dövlət vəsait də ayırır.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətdən bu vəsaitin nə qədər olduğunu açıqlamasalar da, hər il artırıldığını dedilər. İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq müdafiəçisi İradə Cavadova da deyir ki, dövlətin bir məhkuma nə qədər pul xərclədiyi açıqlanmadığına görə, bu sahədə nə qədər vəsait mənimsənildiyini bilmək olmur. O ki qaldı qidanın keyfiyyətinə, İ.Cavadova deyir ki, əvvəlki illərlə müqayisədə bu gün irəliləyiş var, amma bu, heç də vəziyyətin normal olduğu demək deyil. Çünki qida ilə bağlı məhkumlardan hələ də şikayətlər eşidilir:

- Kimin imkanı varsa çalışır ki, həbsxanada verilən yeməkdən imtina etsin, çünki çox keyfiyyətsiz olur. Eyni yeməklərin verilməsindən şikayətlənirlər. Mən özüm orda çörəyə baxmışam və narazı qalmışam. Çünki üzdən bişmiş görünsə də, içi qənaətbəxş deyil. Əhaliyə paylanan çörəklə məhkuma verilən çörək eyni olmalıdır. Mən şəxsən ondan narazıyam ki, nəyə görə onlar üçün çörək ayrı yerdə bişirilir və bütün kalonlara paylanır. Bu, şübhəli görünür.

İradə Cavadovanın dediyinə görə, məhkumlar həm də ərzağın onlara baha qiymətə satılmasından şikayətlənirlər. Amma şikayətlərini rəsmiləşdirə bilmirlər, çünki cəzalanmaqdan qorxurlar.

«Adi insana gündəlik tələbatda nə lazımdısa çalışırıq gətirək: düyüdən tutmuş yumurta, toyuq, balıq, kartof, soğan, yağına kimi»
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətdən Mehman Sadıqov isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində hər şey nəzarət altındadır və bu cür pozuntulardan söhbət gedə bilməz:

- Mən sizi tam əmin edə bilərəm ki, məhkumlara təqdim olunan qidanın, ərzaqların hamısı tam nəzarət altındadır və çox yüksək keyfiyyətdədir, müxtəlif çeşidlidir. Məhkumun fiziki durumunun lazım olduğundan da artıq saxlanması üçün orda bütün şərait yaradılıb, qida da tam normaya uyğundur. Kimsə deyirsə ki, orda bişirilən yemək keyfiyyətsizdir, bu, həqiqətəuyğun olmayan bir məsələdir.

Həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında qanuna görə, məhkumlar nədənsə narazıdırlarsa, öz şikayətlərini bildirə bilərlər. Həbsxana rəhbərliyi həmin şikayəti qeydə almağa borcludur. Mehman Sadıqov narazı məhkumlara bu hüquqlarından istifadə etməyi məsləhət görür.
XS
SM
MD
LG