Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:50

Test imtahanlarında istifadə olunan 0-700 ballıq şkalanın dəyişdirilməsi təklif olunur


«Ali məktəblərə sənəd qəbulu yubanmayıb, sadəcə, bəzi yeni məlumatlar, sənədlər toplanıb». Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə belə deyir: «Artıq bütün məlumatlar toplanıb, məsələn, əvvəllər sənəd qəbulu rayon təhsil mərkəzlərində təşkil olunurdu, indi isə Bakı şəhərindəki rayon təhsil mərkəzləri ləğv olunub. Deməli, Bakı şəhərində bizə sənəd qəbul etmək üçün bəzi məktəbləri müəyyən etmək lazım idi».


Mərkəzi ofisi ABŞ-da yerləşən Beynəlxalq Test Agentliyi - Təhsil üzrə Test Xidməti (ETS) isə TQDK-nın fəaliyyətini araşdıraraq Azərbaycanda ali təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün 17 tövsiyə verib. TQDK-ya təklif olunur ki, universitetlərlə birgə işləsin və qəbul imtahanında yüksək bal toplamış tələbələrin universitetlərdə necə oxumasına dair məlumatlar toplasın. Yaxud etimadı artırmaq üçün test ballarının dəqiqliyi ictimaiyyətlə bölüşdürülsün. Həmçinin qəbul imtahanlarında istifadə olunan 0-700 ballıq şkalanın dəyişdirilməsi təklif olunur. Daha bir tövsiyə test suallarının tərtibatıyla bağlıdır. Təklif olunur ki, test suallarının hazırlanması prosedurası sənədləşdirilsin.


ETS-in ekspertlərindən biri Meri Pitanika: «Bizim daha bir müşahidəmiz orta məktəb proqramları ilə bağlıdır. Fikrimizcə, orta məktəblərdə yazı, tənqidi fikir yürütmə və məntiqi düşünmə bacarıqları da öyrədilməlidir».


Bu tövsiyələr əsasən texniki xarakterli olsa da, həm TQDK, həm də agentliyin özü onun yerinə yetirilməsi üçün bir neçə il lazım olduğunu deyir. TQDK-nın sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu tövsiyələrin yerinə yetirilməsi üçün ilk növbədə ictimaiyyət buna hazır olmalı, bir sıra normativ aktlara dəyişikliklər edilməli, eyni zamanda ali məktəb rəhbərləri ilə əməkdaşlıq qurulmalıdır.


XS
SM
MD
LG