Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:19

Anım mərasimi iki aksiya ilə müşayiət edildi


Həlak olan tələbələr və müəllimlər
Həlak olan tələbələr və müəllimlər
Mayın 1-də günün birinci yarısı Neft Akademiyası tələbələrinin anım mərasiminə gələnlər rəsmi qurumların faciəyə münasibətinə etiraz olaraq iki yerdə aksiya keçiriblər. «Azadlıq» prospektilə Dilarə Əliyeva küçəsinin kəsişməsində aksiyanın qarşısını polis tez alsa da, günün ikinci yarısı əksər universitet tələbələrinin qoşulduğu aksiya Milli Bankın yaxınlığından metronun «28 may» stansiyasının qarşısına qədər yürüşlə davam edib.

«Bayraqlar endirilsin, matəm elan olunsun», «Terrora yox», «Tələbələr ölməz, vətən bölünməz» şüarlarını səsləndiriblər. Tələbələrin dediyinə görə, onlar bu qədər tələbənin ölümündən sonra bir günlük də olsa matəm elan edilməməsindən narahatlıqlarını bildirib, hökuməti, ölkə rəsmilərini Azərbaycanda mətəm elan edilməsinə çağırıblar.

Aksiyada Xəzər, Bakı Dövlət, Qərb, Azərbaycan Beynəlxalq, İqtisad Universitetinin tələbələri iştirak ediblər. Hər hansı təxribatın baş verməməsi üçün təşkilatçılar aksiyanı tez də dayandırıblar. Tələbələr bəyan ediblər ki, onların tələbləri yerinə yetirilməsə aksiyaları davam etdirəcəklər.

«Əsas tələbimiz budur ki, bayraqlar endirilsin, matəm elan olunsun. Biz belə qərara gəldik tələblərimiz yerinə yetirilməsə aksiyaları yenidən davam etdirək. Hər gün davam etdirək. Terrora qarşı aksiya. Biz terrora qarşı çıxdıq, biz gəncliyin birliyini göstərdik, həm də göstərdik ki, gənclik həmişə birdir və bir olacaq».

Neft Akademiyası tələbələrinin anım mərasimi
Aksiyada iştirak edən «Respublikaçı» Alternativ İctimai Birliyinin həmtəsisçisi İlqar Məmmədova görə, bu aksiya birdən başlayıb və hər hansı bir təşkilatçılıqla həyata keçirilməyib.

O baş verənləri tələbələrin haqlı narazılığı sayır və hesab edir ki, bu tələblər yerinə yetirilməlidir. Günün sonu olmasına baxmayaraq tələbələri anmağa gələnlərin sayı hələ də azalmırdı.

Akademiyanın tələbəsi olmayan bir qız isə qonşularında kirayə qalan tələbənin ölümündən anım mərasimində xəbər tutmuşdu.

Dediyinə görə, hadisənin eşidəndən sonra ona zəng edib amma zəng çatmayıb. Sonra Neft Akademiyasına gəlib və ölənlərin şəkilləri arasında onun da şəklinin olduğunu görüb.

Kafedra müdiri və tələbələrdən bir neçəsinin gözü qarşısında öldürülməsi səhnəsindən hələ də özünə gələ bilmədiyini deyən Akademiyanın müəllimi Osman Mirzəyev deyir papağını gözünün üstünə basmış, orta boylu qatil qarşılaşdığı adamların hamısına atəş açırdı:

Parkı Gül bayramına hazırlayan fəhlələr arasında Hacıbala Abutalıbov da var idi
«Qatil kafedra müdiri Ramiz müəllimi vurdu, o yerə yıxılandan sonra daha bir neçə tələbəni güllələdi, mən tələbələrdən bir neçəsilə otaqların birinə girib gizləndik. Mən ona qarşı heç cürə çıxa bilməzdim, o gördüyü adamların hamısını vururdu».

Akademiya qarşısında adamların bir narazılığı da təxminən 200 metr aralıda Heydər Əliyev adına sarayın qarşısındakı parkda 10 may - gül bayramına hazırlığın davam etməsilə bağlı idi.

Mən Akademiyadan redaksiyaya dönəndə bu parkı gül bayramına hazırlayan fəhlələr arasında Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da var idi. Amma parka giriş hər yerdən bağlandığından mənim ona yaxınlaşıb sual vermək cəhdlərim alınmadı. Həmsöhbətim olan, amma adını deməyən Bakı Şəhər İcra Hakimiyyəti rəsmisinin bu narazılığa cavabı belə oldu ki, xeyirlə şər həmişə qardaşdırlar. Və elə bu baxımdan o gül bayramının Akademiyada baş verən faciəli hadisəyə görə təxirə salınacağına inanmadığını bildirdi. Parkda işləyən fəhlələrdən biri isə əksini dedi:

«Səlahiyyətim olsaydı, bu bayramı təxirə salardım».

Neft Akademiyasındakı anım mərasimində gözə dəyməyən bir şey də var idi. Bu da ölkə rəsmilərinin, nazirliklərin müxtəlif anım mərasimlərinə, ad günlərinə, yubileylərə apardıqları bahalı gül və əklillər idi. Universitetin qarşısına yalnız bir əklil qoyulmuşdu, onun da üstündə müstəqil şirkətlərdən birinin adı yazılmışdı.
XS
SM
MD
LG