Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:31

Təhsil Nazirliyinin məlumatına görə, rayonlarda 6600 müəllimə ehtiyac var


Daşkəsən rayonunun Astav kəndi. Müəllimlər Evi.
Daşkəsən rayonunun Astav kəndi. Müəllimlər Evi.

Bakıda anadan olan Cavid Əliyev Azərbaycan Pedaqoji Universitetini bitirəndən sonra Gədəbəyin bir dağ kəndinə orta məktəbdə müəllim işləməyə gedib. O, əvvəlcə Bakıda özünə iş axtarıb, tapa bilmədiyindən Təhsil Nazirliyinin yüksək maaşla dağ kəndində dərs demək təklifini qəbul edib: «Coğrafiya dərsi deyirəm. Məndən qabaq bu fənni tarix müəllimi deyirdi».


Cavid getdiyi kənddə yurd salıb ailə qursa da, uzun illər bu kənd məktəbinə bağlanıb qalacağına əmin deyil. O, hesab edir ki, maaşı digər həmkarlarınınkından yüksək olsa da, bu pula dolanmaq çətindir. Ona görə də ali məktəblərə qəbul imtahanına şagird hazırlaşdırıb ailəsini saxlayır


Təhsil Nazirliyi ötən ildən kənd orta məktəblərində kadr qıtlığını aradan qaldırmaq üçün stimullaşdırıcı proqram həyata keçirir. Əgər ötən il bu proqrama qoşulan müəllim təxminən 400 min manat əmək haqqı alırdısa, bu ilin sentyabr ayından məbləğ kəndin yerləşdiyi əraziyə uyğun iki-üç dəfə artırılacaq. Nazirliyin əməkdaşı Kəmalə Mirzəyeva deyir ki, proqram öz müsbət nəticəsini verib, ötən il nazirliyə 900-dən çox müraciət olub və hamısını da ehtiyac olan məktəblərdə yerləşdiriblər.


Proqram çərçivəsində 3 illik müqaviləylə ucqar kəndə dərs deməyə gedənlər torpaq sahəsiylə də təmin olunmalıdırlar. Bunun icrası isə yerli icra hakimiyyətlərinə tapşırılıb. Amma proqramı həyata keçirmək o qədər də asan deyil, məktəbə yeni gələn müəllimin yerli həmkarından çox əmək haqqı alması digərlərində qısqanclıq yaradır.


Kəmalə xanım ümid edir ki, 2009-cu ildə stimullaşdırıcı proqram bitəndən sonra ucqar kəndlərə gedənlər elə orda da qalacaqlar. Ümumi əmək haqları da o vaxta qədər artacaq. Ancaq Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı hesab edir ki, təkcə yüksək maaşla problemi həll etmək olmaz: «Gərək kəndin sosial-iqtisadi vəziyyəti düzəlsin, infrastruktur yaxşılaşdırılsın. Bakının asfaltını görən tələbə sonra kəndinə qayıtmaq istəyəcəkmi? Bakıda fəhlə işləməyə daha çox üstünlük verəcəklər. Gərək regional inkişaf proqramı bu proqramla paralel işləsin».


Həm QHT rəhbərinin, həm də Təhsil Nazirliyinin nümunə göstərdikləri Cavid Əliyev isə həm maaşının qaldırılacağını, həm də kəndin sosial infrastrukturunun yaxşılaşdırılmasını gözləyir. Cavid Əliyev: «Mən kəndi tərk etsəm uşaqlar yenə də coğrafiya fənnindən xəbərsiz qalacaqlar. Amma bunu mən yox Təhsil Nazirliyi fikirləşməlidir»


Təhsil Nazirliyindən verilən məlumata görə, ölkənin ucqar bölgələrində daha çox Azərbaycan dili və ədəbiyyatı, xarici dil və ibtidai sinif müəlliminə ehtiyac var. Əksər ucqar kəndlərdə şagirdlər fizika, coğrafiya, tarix, kimya, biologiya fənlərindən də xəbərsiz böyüyürlər. Təhsil Nazirliyinin məlumatına görə, rayonlarda 6600 müəllim kadra ehtiyac var.


XS
SM
MD
LG