Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Seyid Əbülqasim Nəbati. Gəraylılar


Maşaallah, qadir Allah
Gör necə dilbər yaradıb!
Gül üzündə əfşan-əfşan
Zülfi-müənbər yaradıb.

Ağzı qönçə, ləbi püstə,
Beli incə, boyu bəstə,
Tökülübdür dəstə-dəstə
Nə gözəl tellər yaradıb!

Qaşı fitnə, gözü cadu,
Üzü lalə, xalı hindu,
Mina gərdən, saçı qarqu,
Gül buxağın tər yaradıb.

Gündən göyçəkdir camalı,
Sərvi bənzər qəddi-dalı,
Ləbin əmən neynər balı?
Sözünü şəkkər yaradıb.

Dili almas, dişi inci,
Ağ sinəsi gövhər gənci,
Vəsfə gəlməz nazü ğənci,
Bunu əfsungər yaradıb.

Müsəlmanlar, bir pərizad
Məni etdi yaxşı Fərhad,
Qəmzəsi bir yağı cəllad,
Kipriyin xəncər yaradıb.

Hər kimi xaliqi-davər
Bir əmrə edib müqərrər,
Onu bir şuxi-gülpeykər,
Məni səməndər yaradıb.

O gün ki, yarandı insan,
Qələm yazdı belə fərman:
Səni bir şahi-gülruxan,
Məni qələndər yaradıb.

Edibdir saneyi-davər
Hər kimi bir şahə çakər,
Məni bir divaneyi-mehtər,
Səni bir sərvər yaradıb.

Əzəldən qadiri-biçun
Özü qoymuş belə qanun.
Səni bir dövlətli Qarun.
Məni bi müztər yaradıb.

Nə qılım, neyləyim, yarəb,
Dolmuşam qəmdən ləbaləb,
Səni bir şahi-müəddəb,
Məni bir məsxər yaradıb.

O dəm ki, rəbbiyəl-ə’la
Aləmi etdi hüveyda,
Səni bir şahi-lafəta,
Məni bir Qənbər yaradıb.

Bir tərzinən edib peyda,
Səni bir mehri-mücəlla,
Məni bir əxkər yaradıb.
Gülrüxsarı neynər ğazə,

Gəl bircə seyr eylə nazə,
Bulbul, çox göz dikmə yazə,
Gör nə gül peykər yaradıb.
Nəbati, çək Əli, Əli,

Könlün olsun cəli, cəli,
Onu Allah, bəli, bəli,
Bu dildə əzbər yaradıb.


* * *


Genə fələklər ünüşdü
Qurban-qurban sədasından.
Məəttəl qalmışam, billah,
Aşiqlərin ədasından.

Mövcə gəldi gözüm yaşı,
Alışdı bağrımın başı,
Səs götürüb dağı-daşı
Bu Məcnunun nəvasından.

Getdi gözümün qarası,
Getməz sərimdən havası,
Elə bil tərlan balası
Cüda düşüb yuvasından.

Kəsildi könlümün zarı,
Tükəndi səbrü qərarı,
Bir yol öldür qurtar barı,
Bu hicranın bəlasından.

Gəldi Nəbati divanə,
Kənar durun, qaçın yanə,
Baxmaz o, xanü sultanə,
Həzər qılın xətasından.


* * *


Nə xoşlayıb xanım bilməm,
Xərab Kürdəşdi, Kürdəşdi,
Gəl Üştibnə təfərrüc qıl,
Cənnət bağı Rəşti, Rəşti.

Qoymayaydım qızıl kanda,
Çəkəydim olsa hər xanda,
Bina qılaydım Iranda
Dini-Zərdüşti, Zərdüşt.

Talayaydım o Bağdadı,
Qalmıyaydı heçcə zadı,
Alaydım qəsri-Şəddadı,
Dolanaydım həşti, həşti.

Alaydım bir mülki-Rumi,
Əkəydim yerində qumi.
Qalmıyaydı onda bumi,
Olaydılar dəşti, dəşti.

Nəbati, bu cismi-mürdə
Aram tapdı bircə xırda.
Saqi, çox olmuş əfsürdə,
Dur mey gətir kəşti, kəşti.


* * *


Sənə qurban, gətir saqi,
Bircə piyalə, piyalə.
“Qallu bəli”dəndir qismət
Mənə nəvalə, nəvalə.

Gəl, Allaha təvəkkül et,
Ərənlərə təvəssül et,
Hafizə bir təfə’ül et,
Gör nə gəlir falə, falə.

Meyxanələr abad olsun,
Sakinləri dilşad olsun,
Məscid görüm bərbad olsun!
Saldı məni qalə, qalə.

Gəl qoy başə sən bu tacı,
Alginən eldən xəracı,
Yad elə şahi-me’racı,
Vilayəti, alə, alə.

Nəbati, qəmdən bükülmə,
Bərgi-xəzan tək tökülmə.
Dəi sellər tək sökülmə,
Çəkmə dəxi nalə, nalə.


* * *

Abad olsun görüm, yarəb,
Künci-meyxanə, meyxanə!
Kim, yetişdi onda dərdim
Yaxşı dərmanə, dərmanə.

Şükr olsun, iyzədi-mənnan
Eylədi dərdimə dərman,
Qərq eylədi piri-muğan,
Məni ehsanə, ehsanə.

Durma, saqi, aman hey-hey!
Dur gətir ver cami-mey, mey,
Genə işim düşdü ey, ey,
Şahi-mərdanə, mərdanə!

Atı Düldül, qulu Qənbər,
Zövci-Zəhra, babi-şəbbər,
Gözəl adı verib zivər
Çərxi-gərdanə, gərdanə.

Nəbati, nə çəng olmusan?
Yoxsa məsti-bəng olmusan?
Niyə genə dəng olmusan?
Dur ey, divanə, divanə!


* * *


İşim, peşəm od yandırmaq,
Qərib atəşpərəst oldum!
Içdim südü, çəkdim bəngi,
Əcaib şiri-məst oldum!

Qoy əldən cami-şərabı,
At getsin çəngü rübabı,
Tez ol, çək şişə kəbabı,
Mən ki, məsti-ələst oldum.

Keçdim tamami-aləmdən,
Süleyman ilə Xətamdən,
Guya deyildim Adəmdən,
Bir hübab idim, pəst oldum.

Mərhəba kəmana, şəstə, bir tirə,
Doqquz fələkləri tikdim bir-birə,
Rüstəmi-dəstanı etdim bir-birə,
Gör necə qəribə zəbərdəst oldum.

Şikar istər ikən, damə düşdüm mən,
Bir siyahməst olub camə düşdüm mən,
Nəbati, sübh ikən şamə düşdüm mən,
Bir əf’i ilana paybəst oldum.


* * *


Genə gəldi bahar fəsli,
Bülbül gəldi dadə, dadə.
Əhməri güllər açıldı,
Saqi, gətir badə, badə!

Genə səbz oldu çəmənlər,
Güldən bəzəndi gülşənlər,
Çıxmış seyrə gülbədənlər
Hamı üzü sadə, sadə.

Vəh, vəh güldür bu, ya lalə,
Gül üzünə qonub jalə,
Saqi, dur, ver bir piyalə
Dəli Fərhadə, Fərhadə.

Yar yolunda verdim başı,
Yastıq etdim qara daşı,
Döndü, billah, gözüm yaşı
Şətti-Bağdadə, Bağdadə.

Dəli könül, qəm zamanı,
Çox etmə ahü fəğanı,
Çağır Şahi-lafətanı,
Yetsin fəryadə, fəryadə.

Saqi, dur, ver bircə sağər,
Dindən döndüm, oldum kafər,
Tapammadım, qaldı gövhər,
Qə’ri-dəryadə, dəryadə.

Nəbati, dur hər səhərgah,
Oxu həmdü qülhüvvəllah,
Qalmadı əlhəmdü lillah,
Arzın dünyadə, dünyadə.


* * *


Aman, ağa, sənə qurban,
Məni salma nəzərdən sən!
Səndən savay kimsənəm yox,
Məni qovma bu dərdən sən!

Mən getmərəm kuhi-Turə,
Meyl etmərəm narü nurə,
Gətir məni sən bir şurə,
Kəm deyilsən şəcərdən sən.

Pəridə olmaz bu təl’ət,
Mələkdə olmaz bu surət,
Edə bilməm günə nisbət,
Münəvvərsən qəmərdən sən.

Dərdimi etmə ziyadə,
Məni gətirmə fəryadə,
Bir rəhm elə bu Fərhadə,
Gəl bu kuhi-kəmərdən sən.

Lə’li-ləbin nuşixəndi,
Mən neylərəm balı, qəndi,
Öldürdü bu dərdməndi,
Çox şirinsən şəkərdən sən.

Güldə hanı bu təravət?
Gündə hanı bu səbahət?
Dürdə yoxdur bu lətafət,
Müzəyyənsən gühərdən sən.

Qəm eyləmə, Xançobani,
Tapıldı dərdin dərmanı,
Yad elə şahi-Mərdanı,
Bir Əli çək cigərdən sən.
XS
SM
MD
LG