Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:20

Rəhim Əliyev "Zabitəli kişinin arvadı" (Hekayə)


Güldar mədəndə qaynaqçı işləyən hündür, sarışın, yekəbaş bir kişi idi. Şəhərdən xeyli aralı, dənizqırağı Quta qəsəbəsində yaşayırdı.

Yaşı əlli üçə çatmışdı, amma ailə qurmaqda bəxti gətirmirdi.

Anası öləndə ata həyətində tək qaldı. Birinci dəfə evlənəndə otuz səkkiz yaşı vardı.

Qohumları onun atasının uzaq qohumunu ona gəlin gətirdilər. Amma Gəlin iki il tamam izsiz rəhmətə getdi.

Kişi on il də tək yaşadı. Bir gün kontorda pul alanda cavan bir qadına rast gəldi. Qadın ortaboy, iriburun, dolu bədənli idi.

Üzünə, qəhvəyi gözlərinə səbəbsiz təbəssüm yazılmışdı. Burnunu yanında yekə xal vardı.

Qadın gülümsəyib kontorun qabağında ondan kirayə ev soruşdu.

Sonra qadınla həyətə gəldilər. Güldarın evi iki otaqlı idi, amma heç kirayə verməmişdi.

Otaqların qabağı şüşəbənd idi, pəncərələr göy, döşəmə qırmızı rəngliydi. Evə baxıb tanış oldular. Adı Gülbacı idi, otuz altı yaşı vardı, Masallıdan idi.

-- Uşağım olmur, ərim təzə arvad gətirdi, dedi hara gedirsən, get... Sumqayıtda xalam qızı var, onlara gəldim... İki uşaqnan, ərnən bir otaqda güclə yatırlar...

Güldar bu sözlərə mat qaldı, amma sual vermədi. Gülbacı hələ gedib avadanlığını gətirəsi idi, qorxdu ki, qayıtmaz. Tək yaşamaqdan bezmişdi. Amma nigaranlığı əbəs oldu. Gülbacı o gün avadanlığını gətirməyə getmədi.

Axşam Güldar anasının yükündən ona yatacaq verdi.

Doqquz ay sonra onların oğlu oldu. Güldar əlli dörd yaşında ata oldu və buna hədsiz sevindi. Bir il uç ay sonra onların qızları oldu.

Kişi təzə həyata başladı.

*****

Oğlu üç yaşında olanda Güldarın xoşuna gəlməyən hadisə baş verdi. Onun həyətinin o tayında yaşayan əmisi oğlu ev-eşiyi Neftdə işləyən Baxşı mühəndisə satdı.

Baxşı 45-50 yaşlarında orta boylu, mehriban sifətli bir kişi idi. Təzə qara volqası vardı. İstirahət günləri maşını küçədə saxlayıb yuyurdu.

Günorta qonaqları gəlir, manqal tüstülənir, qonşu həyətdə kişi və arvad səsləri bir-birinə qarışırdı. Bu səslər Güldarın həyətində yaxşı eşidilirdi. Qonşu alayı cür yaşayırdı.

Təzə qonşu gələn gündən Güldar narahat oldu. Gülbacıya inanırdı, amma yaş fərqləri çox idi. Fikir onu üzsə də arvada heç nə demirdi.

İlk vaxtlar Baxşı mühəndis onun qapısını tez-tez döyüb cürbəcür xahişlər eləməyə başladı: gah balta, gah bel, gah solyarka, gah şiş istəyirdi.

Siftə qonşular dostlaşdılar: Baxşı mühəndis odun yarmaq, ət doğramaq ya manqalı qalamaq üçün Güldarı çağırır, sonra süfrəyə araq içməyə dəvət edirdi.

Güldar əvvəlcə yad arvadlardan utanırdı, amma bir-iki badə içəndən sonra rahat olur, həvəslə yeyib içir, keflənir, qonşu və qonaqlarla əhvalatlar danışırdı.

Evə gedən kimi uşaqları həyətə qovur və günün işıq vaxtı Gülbacını xalçanın üstünə yıxıb yırğa eləyir, qalxıb çarpayıda uzanıb xorultu ilə yatırdı.

Bir gün qonaqlıqdan sonra Baxşı mühəndis kefli halda Güldardan xahiş etdi:

-- Qonşu, bulaşıq qab-qaşıq çoxdu, bəlkə Gülbacı bunları yumağa kömək eləsin?

Güldar özü də kefli idi. Gedib arvadı çağırdı. Gülbacı dalınca iki uşaq gəlib Baxşı mühəndislə salamlaşdı, qabları yudu. Qadın işləyəndə Baxşı mühəndis uşaqlara stolun üstündən konfet verdi.

Bunu görəndə Güldar kişini elə bil ildırım vurdu. Uşaqların götürdüyü konfeti onlardan alıb stolun üstünə atdı və əllərindən tutub qab yuyan arvadı gözləmədən, bir söz demədən həyətdən çıxdı.

Gülbacı axırıncı nimçəni yuyub tələsik ərinin dalınca getdi.

-- Bacı, allah razı olsun, -- Baxşı qonşunun mehriban səsini arxasınca eşitdi.

*****

Gülbacı qaranəfəs evə girdi: Güldar öz çarpayısının qabağında xəlçənən üstündə dayanıb onu gəzləyirdi. Arvad onun yırğa eləmək ucun gözlədiyini bilirdi.

Otağın qapısını bağlayıb ərinə yanaşdı: yanaşan kimi əri bir söz demədən ona ilk dəfə sillə vurdu. Qadın tələsik soyuna-soyuna dedi:

-- Uşaqların ağlı kəsmir, məni niyə vurursan...

Güldar mexaniki olaraq yastığı yerə atdı, aşağıda onu gözləyən arvadın üstünə uzandı və hönkürüb ağlamağa başladı. Arvad dinmədən onun üz-gözünü sığallayıb öpməyə başladı. Güldar sakitləşdi və arvadının çiynini öpməyə başladı...

Qalxıb çarpayıda uzanan Güldar kişi dedi:

-- O Baxşının gözündən uzaq ol, şorgöz köpək oğludur... Səni yoldan çıxarar, onda öldürrəm səni...

-- Qadam ağzına, məəttələm onunçün, arvad kimi ətir vurur...

-- Kəlmə kəsmə onnan, -- Güldar sakitləşdi, sonra öz kasıb, dava illərinə düşmüş uşaqlığından danışa-danışa yuxuladı.

****

Həmin gündən qonşuların salam-kəlamı kəsildi. Baxşı mühəndis Qapıdan “Güldar kişi” deyib iki-üç dəfə çağırdı.

Amma evdə olan Güldar küçə qapısını içəridən bağlayıb hay vermirdi. Baxşı mühəndis məsələni anladı və daha qonşunu çağırmadı.

Güldar isə hər dəfə çarpayıdan yastığı xəlçənin üstünə atıb arvadla yırğa eləyəndən sonra deyirdi:

-- O şorgöz köpək oğlundan uzaq ol... Səni yoldan çıxarar. Eşidirsən?

-- Anqırsın tayını tapsın, -- cavabını eşidirdi.

Amma gecə Gülbacı yuxuda özünü Baxşı mühəndisin qara volqasında gördü. Burnuna qabları yuyan günü tanıdığı ətir iyi doldu.

Sonra xain yuxular təkrar olundu. Belə günlərdə qadın ərini görəndə qızarır, xəcalət çəkirdi. Amma sakit vaxtlarda fikirləşirdi ki, onun heç bir günahı yoxdur, ərini aldatmayıb, heç bir pis iş eləməyib...

Həftələr keçdikcə qadının içindəki həyəcan və qorxu böyüdü. Yavaş-yavaş Gülbacının içi alt üst-olub dağılırdı, həmişəki rahatlığı yox olurdu.

Küçədən bir maşın keçəndə ona elə gəlirdi ki bu, Baxşı mühəndisdir.

Güzgüyə baxır və özünü qaydaya salırdı, elə bilirdi qonşu indi qapını açıb evə girəcək. Mühəndis isə şənbə günləri gəlirdi.

Küçədə görüşəndə əri ilə küsülü olsalar da Baxşı ilə salamlaşır, hər ikisi bir-birinə yüngülcə gülümsəyirdilər. Sonra Baxşının yaraşıqlı üzü, göy gözləri qadının gözünün qarşısından getmirdi.

Bir necə ay sonra Gülbacı arıqlamağa başladı. Güldar kişi bundan narahat oldu: birinci arvadın ölümü onu qorxutmuşdu.

Başladı bazarlığına fikir verməyə, arvada təzə paltarlar almağa. Gülbacı bu qayğıdan sıxılırdı, amma iştahı kəsilmişdi, yemək yadına düşmürdü.

Evdə, həyətdə oynaşan uşaqlarını də görmür, icindəki ovqata qapılıb qalır və öz halının xəstəlik, yoxsa qəfil bir bəla olduğunu aydınlatmağa çalışırdı.

Güldar arvadı həkimə aparmağa qərar verdi. Amma Gülbacı ərinin təkidlərini yaxın qoymadı və həkimə getmədi.

Həkim soruşacaqdı: Bacı, haran ağrıyır? Cavabsa yox idi. Onun heç yeri ağrımırdı.

Həkimə nə deyəcəkdi? Ərini nəyə görə xərcə salmalı idi? Amma arıqlamağı Gülbacının öz xoşuna gəlirdi: güzgüdə özünə baxır, göbəyinin əriyib yox olduğunu, üzünün ətinin çəkildiyini görürdü.

Bu dəyişikliklər onu cavan görsədirdi. Qadın ilk dəfə bu müşahidəsindən razı qaldı və ərindən cavan olduğunu hiss elədi.

Baxşının gəldiyi günlər Güldar da evdə olur, işə getmirdi.

Son vaxtlar qonşunun həyətindən qonaq-qara səsi gələndə Güldar da mağazaya gedib bazarlıq edir, araq alıb tək içirdi. Sonra uşaqlara qarşı qəzəbli, arvada qarşı çox mehriban olurdu.

Bu da qonşuya cavab kimi onun öz bayramı idi.

Arvad uşaqları o biri otağa salır, ər-arvad xalça üstə yırğa edir, sonra Güldar kişi yatırdı.

Amma axır həftələr əri ilə olan yırğalar ona elə də həzz vermir, fikrini dağıda bilmirdi.

Hərdən ağlına gəlirdi ki, mühəndislə danışsın. Amma nə desin ona? Nə qədər fikirləşirdisə, ağlına bir söz gəlmirdi.

Bir də danışmağa, hətta salamlaşmağa imkan güclə tapılırdı, o da iki-üç həftədən bir.

Şənbə bazar günləri əri evdə bitib qalırdı. Hərdən düşünürdü ki, bu həyətdən getmək lazımdır.

Amma onun başqa yeri də yox idi.

Arıqlayandan sonra qadın qəribə olmuşdu: Baxşı gözü qabağına gələn kimi həyəcanlanır və hallanırdı. Özünün də buna gülməyi tuturdu.

Özü də bilirdi ki, yaşı qırxı keçib və onun həyatında heç bir təzəlik olası deyil.

Badam çiçəkləyəndə şənbə günü dənizdən zəhər kimi gilavar əsirdi.

Belə havalarda qəsəbədə sakitlik olurdu: dənizin rütubətli soyuğu bıçaq kimi kəsir, adamlar səbəbsiz edən çıxmırdılar.

Həmin gün Güldarın qapısında qara bir Qaz-31 dayandı və uzun siqnal verdi. Güldar kişi narazı halda qapıya çıxdı. Maşını Güldarın briqadiri onun dalınca göndərmişdi.

Güldar kişi evə qayıdıb iş paltarlarını yığdı, geyindi, çıxanda kandarda arvada dedi:

-- Briqadirin parnikində svarka işi var, bəlkə gec gəldim. Yaxındadı, Salyanın birinci kəndində...

Gülbacı evdən çıxıb ərini yola salmadi. Amma Baxşıın həyətinə qulaq verdi: sakitlik idi.

Qadın evdə ərinin yoxluğunu fiziki bir şey kimi hiss elədi, güzgüyə yaxınlaşıb saçını daradı, özünü qaydaya saldı. O niyə belə tövşüyürdü?

Bilmirdi, hec fikirləşmək də istəmirdi. O uşaqları öz otaqlarına salıb qapılarını kilidlədi, sonra genə güzgü qabağına gəlib özünə baxdı: sinəsi qalxıb düşür, ürəyi qopmaq istəyirdi.

Əynindəki artıq paltarlarını soyunub küçəyə qaçdı. Gilavarın soyuğunu hiss eləmədi.
Baxşının qapısına yanaşıb içəri girdi və tələsik evin səkisinə tərəf addımladı.

Evin qapısını açıb qoşa pəncərəli otağa girdi. Mühəndis arxası qapıya uzanıb televizora baxırdı. Qapının səsinə durub çarpayıda oturdu və gözlərinə inanmadı:

Gülbacı göy çilli qısaqol çit paltarda, göy jaketdə idi. Baxşı mühəndis nəsə deməyə ehtiyat elədi, gülümsəməklə kifayətləndi.

Gülbacı salam vermək istəyəndə boğazı qurudu, heç nə deyə bilmədi. Sükut davam elədi. Sonra Baxşı qadının gözündən süzülən göz yaşını gördü. O ağlayırdı.

-- Nə olub?

Qadın heç nə demir, yerindən tərpənmir, səssiz ağlayırdı. Sonra diqqətlə kişinin üzünə baxıb güçədə salamlaşan kimi gülümsündü və dedi:

-- Siz məni öldürmüsüz...

Baxşı rahat oldu: heç nə baş verməyib.

-- Ərin hardadı, – hər ehtimala qarşı soruşdu.

-- Briqadiri onu Salyana işə apardı...

Baxşı qalxıb apxaya pəncərəsi olan otağa geçdi və Gülbacını çağırdı.

-- Qonşu gəl bu otağa bax... Göbəyin əriyib qəşəng olmusan...

Gülbacı balaca otağa girdi: ikiyerli çarpayı və qabağında balaca palaz vardı. Qadın yaxınlaşan kimi Baxşı daha heç nə demədən onun qolundan tutub çarpayıda oturtdu.

Qadın oruran kimi mexaniki olaraq yastığı götürüb xəlçənin üstünə atdı və jaketini çixardı.

Baxşı qadının hər iki dizinin altından tutub özünə sarı çəkdi. Gülbacı artıq kürəyi üstə idi, gözlərini yummuşdu.

Kişi əlini qadının göbəyinin üstünə apardı, amma çıxarmağa bir şey yox idi.

Qadını təzədən lap çarpayının qırağına çəkdi və ayaqlarının arasına girdi...

Güldar qaranlıqda gefli gəldi. Gülbacı uşaqları öz otaqlarına saldı, sonra ayaq üstə soyuna-soyuna otağa keçdi: əri yastığı xəlçənin üstünə atıb özü çarpayıda yuxulamışdı. Bu kişi dünyada ona ən əziz adam idi.

Gülbacı fikirləşdi: bir də heç vaxt, heç vaxt onu aldatmaram.

Üç gün sonra küçədən maşın səsi gələndə Gülbacı yenə həyəcanlandı. Ürəyində şənbə gününə nə qədər qaldığını hesabladı. Sona soyuducuya tərəf getdi: onun iştahı açılmışdı.

Aprel, 2011
XS
SM
MD
LG