Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:31

«Uşaqları internata qoymayın»


İndi Azərbaycanda 15 minə yaxın uşaq dövlətin uşaq müəssisələrində saxlanılır
İndi Azərbaycanda 15 minə yaxın uşaq dövlətin uşaq müəssisələrində saxlanılır
BALACA KÖNÜL BÖYÜKLƏRƏ DEYİR Kİ, UZAQLARI İNTERNATA QOYMAYIN

«Mən istəyirəm ki, valideynlər uşaqlarını bura qoymasınlar. Bəlkə də bura yaxşıdır. Ancaq axı uşaq, evi, anası üçün darıxır, ailə qayğısını, ana məhəbbətini görmür...»

Bakıdakı internat evlərinin birində yaşayan 12 yaşlı Könül Əliyeva iki ildən çoxdur uşaq evindədir. Deyir ki, burda yaşayışı pis deyil, çoxlu dostları da var, məktəbə də gedir. Ancaq bütün günü valideynləri üçün darıxır, lap çox darıxandasa ağlayır. Könül internatdakı uşaqların çoxu kimi evlərinə getmək istəyir.

PROBLEMDƏN UNICEF NARAHATDIR, AZƏRBAYCANDA İSƏ DÖVLƏT PROQRAMI HƏLƏ İŞLƏMİR

Beynəlxalq uşaq təşkilatı UNICEF bu günlərdə Mərkəzi Asiya ölkələrində, Türkiyədə olduğu kimi, Azərbaycanda da uşaq müəssisələrində (uşaq evi, internat, körpələr evi) yerləşdirilən uşaqların sayının artması ilə bağlı narahatlığını bildirib.

İndi Azərbaycanda 15 minə yaxın uşaq dövlətin uşaq müəssisələrində saxlanılır. 2006-cı ildə həmin uşaqların ailələrə verilməsi ilə bağlı dövlət proqramı təsdiq olunsa da, indiyə qədər bir nəfər uşaq belə ailələrə verilməyib. Bunu Uşaq Hüquqları QHT Alyansının rəhbəri, həmin proqramın mütəxəssislərindən biri Nabil Seyidov deyir:

«Əgər alternativ xidmətlər yoxdursa, sosial işçilər fəaliyyət göstərmirsə, əsaslı resurs mərkəzləri dövlət qayğısından kənarda qalıbsa, uşaqların müdafiəsi üçün yerlərdə mexanizmlər yoxdursa, hər hansı bir uşağın ailəyə verilməsi, ən əsası alternativ ailəyə verilməsi düz deyil. Bu, daha ağır fəsadlara gətirib çıxara bilər».

N.Seyidov deyir ki, bu proqram 2015-ci ilə qədər bir dövrü əhatə etdiyindən işlərin sürətlənəcəyinə ümid edirlər.

İKİ ƏN ÇOXUŞAQLI AİLƏ

Dövlət uşaqların ailələrə verilməsi proqramını işə salmasa da, uşaq hüquqları ilə məşğul olan Natiq Məsimov artıq himayədar ailələr yaratmaqla məşğuldur. Onun rəhbərlik etdiyi «Ümid» təşkilatı bir il ərzində iki himayədar ailə yaradıb. Bu iki ailədə nikahda olan ata-ana işə qəbul olunub. Hər ailədəsə kimsəsiz 15 uşaq yaşayır. Natiq Məsimov deyir ki, bu, kimsəsiz uşaqlar üçün çox faydalı metoddur:

«Biz öz evimizdə necə rahat yaşayırıqsa, bizim bu modeldə uşaqlar da elə rahat yaşayır. Acanda heç kimdən soruşmadan soyuducunu açıb ordan yemək götürüb yeyə bilərlər. Müəssisə sistemində isə belə deyil, hər şey rejimlədir, yemək də, yatmaq da. Bu sərbəstlik, rejimdən kənara çıxmaq uşaqlarda şokları aradan qaldırmağa kömək edir, həm də uşaqlar şəxsiyyət kimi formalaşa bilir».

N.Məsimov deyir ki, onlar gələcək layihələrində himayədar ailələrin sayını artırmaq istəyirlər.

UŞAQLAR HANSI SƏBƏBDƏN İNTERNATA DÜŞÜRLƏR?

Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev deyir ki, səbəblərin önündə iqtisadi vəziyyət durur:

«Əsas səbəblərdən biri uşaq müdafiə sisteminin olmamasıdır. Valideyn gəlib deyəndə ki, uşağı saxlaya bilmirəm, maddi imkansızlığa görə uşaq müəssisəyə yerləşdirilir. Ailənin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial probleminin həlli, uşağın internata verilməsinin qarşısının alınması üçün heç bir iş görülmür. Bunlar olmasa, uşaqların müəssisələrə verilməsinin qarşısı alınmayacaq».

Uşaqların ailələrə verilməsilə bağlı dövlət proqramının mütəxəssisləri deyirlər ki, büdcə vəsaitləri ilə təminatda problem yoxdur. Proqramın mexanizmləri də hazırdır. Bir qalıb təsdiq olunması. İndi Nazirlər Kabinetinin cavabını gözləyirlər.

Uşaq evində yaşayan Könülsə səbirsizliklə həm valideynlərinin, həm də proqramı həyata keçirənlərin ürəyinin yumşalmasını gözləyir.
XS
SM
MD
LG