Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:34

Təbrizdə dövlət bayramında etirazlar


22 may 2009 - Təbrizdə Xoram şəhərin azad olunması qeyd edilir
22 may 2009 - Təbrizdə Xoram şəhərin azad olunması qeyd edilir
Mayın 22-də Təbrizin mərkəzində hökumətin təşkil etdiyi gəzinti etiraz nümayişləri ilə müşayiət olunub.

İranın 3-cü kanalı gəzintidə 300 min nəfərə yaxın təbrizlinin iştirak etdiyini bildirib. Tədbirə qatılan milli hüquqlar uğrunda fəallar gəzintidə etirazlarını nümayiş etdiriblər. Onlar «Türk dilində mədrəsə!» kimi şüarlar səsləndiriblər.

İranın hüquq-mühafizə orqanları etirazçılara təzyiq göstərib. Azı dörd nəfər həbs edilib, xəsarət alanlar var. Həbs olunanların arasında Təbriz Universitetinin professoru Əlirza Fərşi də var.

İranda Azərbaycanlı Məhbusları Müdafiə Komitəsinin yaydığı məlumatlara görə, Paşa Qarabaği, Əli İslami, Əsgər Çəməni, Bayram Xaleqzadeh də həbs olunanlar arasındadır.

Təbrizdəki mənbələr «Azadlıq» radiosuna hələlik yalnız Əlirza Fərşinin həbsini təsdiqləyiblər.

Başqa bir hüquq müdafiə təşkilatı - Siyasi Məhbusları Müdafiə Assosiasiyası - ADAPP isə həbs olunanların sayının daha çox olduğunu bildirir. Təşkilatın nümayəndəsi Yaşar Həkkakpurun sözlərinə görə, yaralıların aparıldığı ünvan bəlli deyil və indi təşkilatın İranın içərisində fəaliyyət göstərən nümayəndələri aksiyada tutulan və yaralananların harada saxlandığını öyrənməyə çalışırlar.

Etirazçılar «Azadlıq» radiosuna bildirib ki, aksiyada məqsəd 2006-cı ilin may nümayişlərini anmaq və bu günlərdə «Youtube» portalında yayılan video ilə bağlı etirazlarını bildirmək olub. Videoda prezidentliyə islahatçı namizəd Musəvinin silahdaşı, keçmiş prezident Məhəmməd Xatəminin türklər barədə zarafat etməsi əksini tapır. İranın bir neçə universitetinin tələbə fəalları həmin zarafatların türkləri təhqir etdiyini bildirib və Xatəmidən üzr istəməyi tələb ediblər. Etiraz bəyanatlarına imza atanlardan biri - Tehranın Elm Sənət Universitetinin tələbəsi Yasir Zafəri «Azadlıq» radiosuna deyib ki, Xatəminin zarafatı İran elitasının hətta islahatçı təbəqəsinin də azərbaycanlılara qarşı aşağılayıcı mövqe tutduğunu göstərir.

Hadi Hamidi Şəfiq
Maraqlıdır ki, «Youtube» portalına video Məhəmməd Xatəminin dəstəklədiyi prezidentliyə namizəd Musəvinin İranın Azərbaycan şəhərlərində kampaniyaya başlaması ərəfəsində yerləşdirilib.

Yasir Zafəri isə deyir ki, etirazların islahatçılar və əleyhdarları arasındakı münaqişələrə heç bir aidiyyatı yoxdur. Azərbaycanlılar sadəcə istəyir ki, onlara hörmət etsinlər:

«Əsas məsələ budur ki, azərbaycanlıları təhqir ediblər və bunun cavabı veriləcək».

Mayın 20-də isə İranda islahatçı qanadın prezidentliyə namizədi Musəvinin nümayəndəsi Ənsarinin Təbrizin «Şəhriyar» hotelində keçirdiyi görüş etirazlarla müşayiət olunub. Təbriz sakinləri Xatəminin türklərdən üzr istəməsini tələb ediblər. ASMEK-in yaydığı və Təbrizdəki mənbələrin təsdiqlədiyi məlumata görə, mühafizə qüvvələri ilə iğtişaşçılar arasındakı toqquşmada təbrizli fəal Hadi Hamidi Şəfiq yaralanıb.

İranda azərbaycanlılar ana dilində tədrisin olmamasına və milli zəmində diskriminasiyaya məruz qalmalarına etiraz edirlər. 2006-cı il mayın 21-22-də İranın bir neçə şəhərində azərbaycanlılar rəsmi «İran» qəzetində dərc olunan karikaturaya etiraz etmişdilər. Karikaturada tarakanın azərbaycanca danışdığı göstərilir və şəkli müşayiət edən mətndə tarakanlardan xilas olmağın yolları öyrədilirdi.

Beynəlxalq təşkilatlar İranı qeyri-fars millətləri diskriminasiyaya məruz qoymaqda günahlandırır. İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 20-35 milyon arasında ehtimal edilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.
XS
SM
MD
LG