Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:43

Ömürlük vəzifəlilər


İlk ömürlük şeyxdən gəldi
İlk ömürlük şeyxdən gəldi
Postunu itirmək istəməyən məmurlar, sədrliyi əldən verməmək üçün qurultaylarını ildən-ilə ertələyən partiyalar, vəzifədən sonrakı həyat barədə düşünmək belə istəməyən liderlər...

Bütün bunlar sadəcə tənqidçi mediadan götürülmüş epitetlər yox, həm də çoxsəhifəlik nizamnamə və əsasnamələrlə təsdiqlənmiş siyasi reallıqdır.

Azərbaycanda nə dövlət vəzifələrində, nə də vətəndaş cəmiyyəti qurumlarında simaların dəyişmədiyini tərəflər daim bir-birinə irad kimi söyləyir. Hətta bir müddət əvvəl müxalifətin də ünvanına belə bir tənqid səslənirdi: hakimiyyətə hər hansı səbəbdən gələ bilməmək sədrlik kürsüsündən əbədi yapışmağa əsas verirmi?

O zaman ölkə Konstitusiyasında prezident müddəti iki dəfəylə məhdudlaşırdı, bəzi yüksək vəzifə postları da seçkili və ya məhdud müddətliydi. Yerli ictimaiyyət müxalifət partiyalarını da nizamnamələrində demokratik korrektəyə çağırırdı. İlk addımı Müsavat Partiyası atıb nizamnaməsinə dəyişiklik etdi. Sədrlik müddəti iki dəfəylə məhdudlaşdırıldı. AMİP sədri Etibar Məmmədov istefaya gedib sədrlik postunu silahdaşlarına həvalə etdi.

Amma deyəsən, elə bununla da bitdi. Müxalifət düşərgəsində proses davam etmədi. Artıq Konstitusiya da həmin Konstitusiya deyil, elə digər sahələrdə də «sabitlik» demokratiya üzərində qələbəsini inamla təsdiqləməkdədir. İnanmırsınız, onda bu siyahıya baxın:

İlk ömürlük şeyxdən gəldi

Qafqaz Müsəlmanları İdarəsinin nizamnaməsinə görə, sədr beş ildən bir seçilməlidir. 1980-ci ildən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə rəhbərlik edən Allahşükür Paşazadə 1998-ci ildə bu qurumın adı dəyişib Qafqaz Müsəlmanları Dini İdarəsi olanda da öz kürsüsünü qorudu. 2003-cü ildə isə Qafqaz Xalqlarının qurultayında Allahşükür Paşazadə ömürlük şeyxülislam seçildi.

Cənab Paşazadə özü mətbuatda ömürlük sədrliyini tənqid edənlərə belə cavab vermişdi:

«Mən şeyx adını üstümə götürmüşəm, indi durub beş ildən bir dəyişməliyəm ki? Bir də ki, dünyanın bütün dini liderləri ömürlük seçilir».

Yeri gəlmişkən, dünya təcrübəsində dini liderlər rəhbər kürsülərə həqiqətən ömürlük seçilirlər. Məsələn, Roma papası İohan Pavel vəfat edəndən sonra onun yerinə 16-cı Benedikt seçilib.

Yazıçılar da sədrini tez-tez dəyişmək istəmirlər

Yazıçılar Birliyinin sədri Anar 1987-ci ildən bu quruma rəhbərlik edir
Yazıçılar Birliyinin 2004-cü ilə qədər qüvvədə olan nizamnaməsində göstərilirdi: «Azərbaycan yazıçılarının qurultayı açıq səsvermə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar Birliyinin sədrini, sədrin təqdimatıyla birinci katibi və katiblərini (beş il olmaqla iki müddətdən artıq seçilə bilməz), 31 nəfərdən ibarət İdarə Heyəti üzvlərini (adbaad və açıq), 21 nəfərdən ibarət gənclər şurasını, 5 nəfərdən ibarət təftiş komissiyası üzvlərini (adbaad və açıq) seçir».
2004-cü ildə isə yazıçıların qurultayında iki müddət məsələsi aradan qaldırıldı. Yazıçılar bəyəndikləri sədrləri istədikləri qədər seçə bilərlər. Bunu «Azadlıq» radiosuna birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyir.

Yazıçılar Birliyinin sədri Anar 1987-ci ildən bu quruma rəhbərlik edir.

Beşinci qurultayın qərarı

2003-cü ildə Azərbaycanın bir çox KİV və jurnalist təşkilatının təsis etdiyi Mətbuat Şurasında da rəhbər kürsüsünə bir adam ardıcıl yalnız iki dəfə seçilə bilərdi. İlk nizamnamədə sədrliyin ömrü də çox uzun deyildi. Hər 2 ildən bir sədr seçkisi keçirilməliydi. 2008-ci ildə isə jurnalistlərin 5-ci qurultayında nizamnaməyə dəyişiklik edildi, sədrlik müddəti 2 ildən 4 ilə qaldırıldı və bir nəfərin iki dəfədən artıq seçilməsi məhdudiyyəti ləğv edildi. Köhnə sədr Əflatun Amaşov yenidən sədr oldu və artıq növbəti 4 ildən sonra o, yenidən öz namizədliyini irəli sürə bilər. Hərçənd bəzi media təmsilçiləri Mətbuat Şurasının nizamnamə dəyişikliyini anti-demokratik addım adlandırdı və beşinci qurultayın qərarıyla razılaşmadı. Əflatun Amaşov isə sədrlik məhdudiyyətinin götürülməsinə qurultayın qərarı kimi hörmətlə yanaşdığını bildirdi.

Ömürlük prezident

Ömürlük prezident
Bir çox yerli və beynəlxalq ekspertlər martın 18-də ölkə Konstitusiyasına prezidentlik müddətinə qoyulan məhdudiyyətin götürülməsini məhz belə qiymətləndirdi: bu dəyişiklik bir nəfərə yaşadığı qədər prezident seçilməyə imkan verir. Dəyişiklikdən əvvəl isə bir nəfər yalnız iki dəfə ardıcıl prezident ola bilərdi.

Hakimin də hakimliyi uzanır

Konstitusiya Məhkəməsinin hakimlərinin səlahiyyət müddəti 15 ildir. Hazırkı heyətdə olan doqquz hakimdən altısının səlahiyyət müddəti bitib. 18 mart referendumuna çıxarılan dəyişikliklərin Konstitusiyanın ruhuna zidd olmadığı barədə, eləcə də 15 oktyabr 2008-ci il prezident seçkisinin nəticələrini təsdiq edən qərar vaxtı keçmiş hakimlərin iştirakı ilə qəbul olunub. Onların legitimliyinə yeganə əsas keçən ilin yayında parlamentin qəbul etdiyi qanundur. O qanına əsasən, Konstitusiya Məhkəməsinin hakimləri yeniləri təyin olunana qədər işlərini icra edə bilərlər. Bu o deməkdir ki, prezident yeni hakimlərin təyinatıyla bağlı Milli Məclisə təqdimat vermədiyi üçün həmin hakimlərin səlahiyyət müddəti yeni təyinata qədər uzanır. Beləcə Konstitusiya Məhkəməsinin hakimləri prezidentdən asılı vəziyyətdədirlər.

Yeni «ömürlüklər» və «uzunömürlülər»in silsiləsi

Amma mart referendumundan sonra ölkədə həm «ömürlüklər»in, həm də «uzunömürlülər»in sayı arta bilər.

Ölkə ombudsmanı Elmira Süleymanovanın səlahiyyət müddəti artıq başa çatır. Qanuna görə, ombudsman yalnız bir dəfə 7 illiyə seçilir. Artıq parlament bu vəzifəyə də bir nəfərin bir dəfə seçilməsiylə bağlı məhdudiyyətin ləğvini müzakirə edir. O cümlədən, «Prokurorluq haqqında» qanuna da oxşar dəyişikliklərin ediləcəyi gözlənilir. Hazırda qüvvədə olan «Prokurorluq haqqında» qanunun 16-cı maddəsinə görə, baş prokurorun, hərbi prokurorun, Naxçıvan Muxtar Respublikası prokurorunun, Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Eyni şəxs iki dəfədən artıq ardıcıl ölkənin baş prokuroru, hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz. Ərazi və ixtisaslaşdırılmış prokurorlar da eyni ərazi vahidlərinə iki dəfədən artıq ardıcıl təyin edilə bilməzlər.

Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatır. Ancaq...
Qanun baş prokurorun səlahiyyət müddətinə məhdudiyyət qoyur: eyni şəxs 10 ilə qədər bu postu tuta bilər. İndiki baş prokuror Zakir Qaralov 2000-ci ilin aprelində baş prokuror təyin edilib, indiki qanunla o, 2010-cu ildə bu postu tərk etməlidir.

… Azərbaycanda «ömürlük» statusu qazananların sayı hara qədər artacaq, proqnozlaşdırmaq çətindir. Dərin dənizlərin dibi görünmür…
XS
SM
MD
LG