Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:42

«Niyə ombudsman 2 dəfə seçilsin? Niyə ömürlük olmasın?»


Azərbaycan parlamenti
Azərbaycan parlamenti
«Hazırda etdiyimiz təklif ondan ibarətdir ki, eyni şəxs müvəkkil vəzifəsinə 2 dəfədən artıq seçilə bilməz müddəası qeyd olunsun. Yəni müvəkkilin yalnız 1 dəfə seçilməsi müddəası dəyişdirilsin. Bir çox ölkələrdə, o cümlədən Danimarkada, İsveçrədə, Avstriyada müvəkkilin 2 dəfə seçilməsi təcrübəsi mövcuddur. İsveçrədə ümumiyyətlə müvəkkilin seçilməsinə hansısa bir məhdudiyyət yoxdur».

«NƏDİ OMBUDSMAN TAPILMIR AZƏRBAYCANDA?»

Bu Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun dedikləri idi. Mayın 26-da Milli Məclis insan hüquqları üzrə müvəkkilin bu posta ikinci dəfə seçilə bilməsi üçün konstitusiyaya dəyişiklik etməyə hazırlaşanda cənab Hüseynov deputatları inandırmağa çalışdı ki, bu ümumi işin xeyirinədir. Əlbəttə ki, onunla həmfikir olanlar az deyildi. Amma razılaşmayanlar da vardı.

Deputat İqbal Ağazadə məsələyə münasibətini belə bildirdi:

«Bu cür şeyləri etmək düz deyil. Nədi ombudsman tapılmır Azərbaycanda? Onsuzda bilirik ki, bizim sıralarımızdan, yaxud müstəqil bir şəxs ombudsman təyin olunmayacaq. Yenə öz bildiyinizi təqdim edin. Amma qanunu belə gülünc doğuran şəkildə – İsveçrə, Danimarka təcrübəsini əsas gətirib dəyişməyin. Bəlkə Hollandiyada olan qanunları da Milli Məclisdə qəbul edək».

Ümumiyyətlə həftənin 2-ci günü parlamentdə müzakirələr o qədər emosional keçirdi ki, arada spiker Oqtay Əsədov deputatları əsəbləşməməyə, fikirlərini sakit ifadə etməyə çağırmalı olurdu.

Ombudsmanın neçə dəfə seçilməsi və nə qədər müddətə səlahiyyət sahibi olması məsələsi məclisdə uzun-uzadı saf-çürük edildiyi üçün ortaya xeyli təklif çıxdı.

«NİYƏ CƏMİ 14 İL OLSUN, 21 İL YOX?»

Məsələn deputat Nəsib Nəsibli dedi ki, layihə ilə tanış olanda onda belə bir təsəvvür yaranıb ki, bu gedişlə ombudsman postunu hətta hansısa ailəyə birdəfəlik etibar etmək də mümkündür. Və yaxud:

«Layihə ilə tanış olduqdan sonra məndə suallar yaranıb. Niyə ombudsman 2 dəfə seçilsin? Niyə cəmi 14 il olsun, 21 il yox? Niyə ombudsman ömürlük olmasın?»

Deputat Fazil Qəzənfəroğlu isə məsələnin birdəfəlik həllini təklif etdi. Dedi ki, əgər prezidenti 2 dəfədən artıq seçmək mexanizmi qurulubsa, gəlin bunu hamıya aid edək qurtarsın getsin:

«Əgər bizim ölkədə 15-20-30 il nazir işləmək mümkündürsə, niyə ombudsman, prokuror işləmək olmasın. Ona görə də bütün sahələrdə məhdudiyyəti götürün bilək ki, hamının istədiyi qədər istədiyi vəzifədə qalmaq imkanı var».

Sonda Fazil Qəzənfəroğlu həmkarlarından təvəqqe etdi ki, nə edirsiniz edin, bircə deputatların bir neçə dəfə və ya ömürlük seçilməsi barədə konstitusiyaya dəyişiklik etməyin ki, heç olmasa cəmiyyətdə seçki ab-havası qalsın.

«İRAN MOLA REJİMİDİR»

Əbəttə ki, müzakirələr təkcə ombudsman məsələsi ətrafında getmədi. Hərbi çağırış yaşının 35-dən 27-yə endirilməsindən tutmuş İranın Azərbaycanın daxili işinə qarışmasına qədər hər şeydən danışıldı.

Deputat Fəzail Ağamalı dedi ki, İranın rəsmiləri İsrail prezidentinin Azərbaycana planlaşdırılan səfərinə qısqanclıqla yanaşırlar. Bu Azərbaycanın daxili işinə qarışmaqdır, onlara cavab verilməlidir:

«İran mola rejimidir. Yaxşı olar ki, bu cür insanlar öz ağıllarına dua yazdırmaq üçün öz mollarına müraciət etsinlər».

Fazil Qəzənfəroğlu isə dedi ki, təhsil naziri Misir Mərdanovun qadağasına baxmayaraq orta məktəblərdə hələ də şagirdlərdən qeyri-qanunu pul yığılmaqda davam edir.

Gülər Əhmədova isə attestat ala bilməyən məzunların vəziyyətindən narahat olduğunu bildirdi. Dedi ki, onlar psixoloji sarsıntı keçirir, hətta byinə qansızma halları da mövcuddur. Ona görə məktəblər psixoloqlarla təmin edilməlidir.

9 NOYABR DÖVLƏT BAYRAĞI GÜNÜ ELAN EDİLSİN

Deputat Əli Məsimli isə dövlət bayrağı üçün ayrılan yerdə işlərin gedişindən və ümumiyyətlə bu təşəbbüsdən məmnun olduğunu bildirdi. O təklif etdi ki, 9 noyabr ölkədə dövlət bayrağı günü elan edilsin. Onun təklifinə parlament rəhbərliyindən hər hansı reaksiya verilməsə də, deputat Pənah Hüseynin çıxışı rezonans doğurdu.

Pənah Hüseyn dedi ki, əgər ölkədə – o cümlədən də onun seçilmiş olduğu Sabirabad rayonunda bələdiyyələrin birləşdirilirsə, onda niyə Naxçıvanda MR-da və Qəbələ rayonunda bunu etmirlər. Əgər etmirlərsə deməli həmin ərazilərin himayədarları güclüdür: «Tələb edirəm bu məsələyə aydınlıq gətirilsin».

Fikrində israrlı olması və mikrafonu sönülü olduğu halda yerindən çıxışını davam etdirməsi bayaqdan hamını sakit daşımağa dəvət edən spikerin özü hövsələdən çıxdı:

«Yerindən danışma. Sənin sözünü kəsən olmamışdı. Özünə hörmə et ki, belə cavab eşitməyəsən».

«SPİKERƏ DEYİN DEPUTATLARA «SƏN» DEMƏSİN»

Qısa bir müddət də olsa deputatlar Oqtay Əsədovla Pənah Hüseynin dialoqunu dinləməli oldular. Sonra spiker müvəqqəti zalı tərk etdiyi üçün iclası vitse-spiker Ziyafət Əsgərov apardı.

Deputat Nəsib Nəsibli çıxışı zamanı fürsətdən istifadə edib cənab Əsgərovdan xahiş elədi ki, bəs spikerə deyin deputatlara «sən» deyə müraciət etməsin. O heç də deputatlarla bu cür davrana biləcək ağsaqqal qədər yaşlı adam deyil. Vitse-spiker də ona cavabında dedi ki, əvvəla Oqtay Əsədov heç kimə «sən» deyə müraciət etmir. Digər tərəfdən əgər deputatlar yığışıb onu sədr seçiblərsə deməli o məclisin ağsaqqalıdır. Sonra spiker qayıtdı. Və deputatlar 1 şəxsin 2 dəfə ombudsman seçilə bilməsi üçün konstitusiyaya nəzərdə tutulan dəyişikliyi səsə qoyub qəbul etdilər.
XS
SM
MD
LG