Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:42

565 polis cəzalanıb


Cəzalandırılanlar arasında töhmət alan da var, işdən çıxarılan da, rütbəsi aşağı salınan da
Cəzalandırılanlar arasında töhmət alan da var, işdən çıxarılan da, rütbəsi aşağı salınan da
Son üç ilyarımda vətəndaşlarla kobud rəftarına, onların hüquq və azadlıqlarını tapdaladığına görə, 565 polis əməkdaşı cəzalandırılıb. Bu haqda Daxili İşlər naziri Ramil Usubov deyib. Amma polis əməkdaşları hansı şəkildə cəzalandırılıblar, onlardan nə qədəri işini itirib, nə qədəri haqda cinayət işi qaldırılıb, bu haqda nazirlikdən dəqiq məlumat ala bilmədik.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, cəzalandırılanlar arasında töhmət alan da var, işdən çıxarılan da, rütbəsi aşağı salınan da. Amma bundan artıq heç nə demədi.

Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri, keçmiş polis əməkdaşı Mahmud Hacıyevsə deyir ki, cəza verilibsə, onun formaları da açıqlanmalıdır:

«Yəni bu müddətdə neçə nəfər cəzalandırılıb? Bunun nə qədəri cinayət tərkibli hərəkət olub, cinayət işi qaldırılıbmı? Daxili Təhqiqatlar İdarəsi nə qədər təhqiqat aparıb, nə qədərini prokurorluğa göndərib və sairə…»

«Daxili İşlər Nazirliyində işlədiyim müddətdə cəzalandırılan da olurdu, cəzalandırılmayan da. Amma görürdün ki, cəzalandırılmalı şəxs qalırdı qıraqda, başqaları cəzalandırılırdı. Burda da əsasən ikili standartlar işə düşürdü».

DİN-in sabiq əməkdaşı Amil Həsənov «İşdən sonra» proqramına belə deyib. O da özünü «cəzalandırılanlar»dan sayır. Hərçənd deyir ki, işdən nöqsanlarına görə yox, sadəcə, haqqını tələb etdiyinə görə çıxarılıb.

Mahmud Hacıyevə görəsə, üç il yarım ərzində 600-dək polisin cəzalandırılması az da sayıla bilər, çox da. Amma əsas məsələ odur ki, nazirlik bunun təhlilini aparıbmı?

«Bu əməllər altı aydan bir, doqquz aydan bir təhlil olunmalıydı ki, bir də təkrarlanmasın. Araşdırılmalıydı ki, bu cəzalandırma öz bəhrəsini verdimi? Cəza nə qədər effektliydi? Bununla bağlı təhlillər aparılmalı, metodların nə qədər uğurlu olub-olmaması müəyyənləşdirilməliydi. Növbəti ildə bu hallar artıb ya azalıb?.. Amma yaxşı olardı ki, nə polis kobud rəftar etsin, nə də onu cəzalandırsınlar».
XS
SM
MD
LG