Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:23

«Obama uçurum üstündə körpü tikməklə savab iş görür»


«İşdən sonra» proqramında ABŞ prezidenti Barak Obamanın müsəlmanlara müraciətiylə bağlı müzakirə gedib. Bəzi fikirləri çatdırırıq.

«MƏN BUNU İOHAN PAVELİN ADDIMLARINA BƏNZƏDƏRDİM»

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu:

- Obama danışdı. Amma təəssüf ki, ortada dəyişiklik adına konkret addımlar yoxdur. Çox böyük jestlər var. Obama deyir ki, ABŞ da islam ölkəsidir, ABŞ islamla döyüşməyəcək və sairə…Özü də bu fikirləri müsəlman ölkəsində səsləndirir. Mən bunu İohan Pavelin katolik kilsəsiylə bağlı atdığı addımlara bənzədərdim.
İlqar İbrahimoğlu
Pavel ona qədər inkivizisiya dövründə və ümumiyyətlə, katolik kilsə adına atılmış addımlara görə üzrxahlıq etdi. Və dedi ki, yenidən başlayaq. Obamanın da bu cür danışması gözəldir, alqışlanmalıdır. Amma ortada əməl yoxdur. Baxın, Quantanamo olduğu kimi qalır, işgəncələrlə bağlı şəkillər tam ortaya qoyulmadı, İraqdan qoşunlar 2012-ci ildə çıxarılacaq. Obama bir il əvvəl – seçki kampaniyası dövründə müsəlmanlara dedi ki, uzadılmış əlimizi tutun. Müsəlmanlar aylardır ki, o uzadılmış əli tutublar da, sıxıblar da…Nəsə. Mən pozitiv yanaşma tərfdarıyam, əsas odur ki, Obama dəyişiklik istəyir.

İlqar İbrahimoğluna görə, dəyişikliklərin baş verməməsi üçün əsas maneə bir-birini başa düşməmək ola bilər. Buna görə də, çox ciddi dialoq və debatlar olmalıdır:

- Bu danışıqlara müsəlmanlar da hazır olmalıdır, Amerikanın vətəndaş cəmiyyəti də. Bəsdir dedik: «Edək». İndi oturmaq, danışmaq vaxtıdır. Məncə, Azərbaycan toplumunun da intellektual potensialı «yenidən başlayaq» prosesində öz töhfəsini verəcək.

«OBAMA HAVADA ÇALIRDI, BƏS BARMAQLAR PİANOYA DƏYƏNDƏ NƏ BAŞ VERƏCƏK?»

Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi:

- İstəyirəm deyəm, bu deklorativ çıxışdır. Amma yetərincə zəngin məzmunu var, onun üçün deklorativ deməyə də adamın dil gəlmir.
Niyazi Mehdi
Amma təxminən bu ona bənzəyir ki, bir pianoçu barmaqları ilə havada çalır, bu, ayrı bir şeydir, bir də var həmin barmaqların pianonun dillərinə dəyməsi, bu, tamam ayrı şey. İndi Obama da havada çaldı, onun dedikləri kəşfiyyatla, iqtisadiyyatla və başqa məqamlarla üst-üstə düşəcəkmi, bax bu başqa məsələ, mən bu haqda danışa bilmərəm, məlumatsızam.

Niyazi Mehdi deyir ki, tərəflərin bir-birinə doğru addım atması asan olmayacaq:

- İslam dünyasında «Əl-Qaidə» var, diktatorlar var, para dayaqaları var, o tərəfdə də onların öz terrorçuları, radikal qüvvələri var və sairə. Prezident Corc Buş 11 sentyabrdan sonra çıxış edəndə dedi ki, səlib yürüşünə başlayacağıq. Bu o deməkdir ki, o tərəfdə də məsələ mürəkkəbdir. Bu halda iki tərəfin yaxınlaşması çox çətindir. Amma bununla belə, Obamanın dedikləri çox yaxşıdır. Mən siyasətdə çoxtaktlı gedişləri sevirəm. Bu çıxışdan sonra görək pianoda hansı səslər çıxacaq, idarəçilik pianosunda.

OBAMA KÖRPÜ TİKMƏKLƏ SAVAB İŞ GÖRÜR

Politoloq İlqar Məmmədov:

- Mən bu çıxışı yüksək qiymətləndirirəm. ABŞ prezidenti çıxışında ölkəsinin faktiki kənar dünya ilə davranışında son illərin problemlərini üzə çıxartdı, bu problemdən uzaqlaşma yollarını təklif etdi.
İlqar Məmmədov
Amma onunla da razılaşa bilmərəm ki, ABŞ bu qarşıdurmada tək tərəfdir. Hər halda, Barak Obama özü də dedi ki, bir çıxış dərhal bütün məsələləri həll edə bilməz. Əsas odur ki, istiqamətləri müəyyənləşdirdi. Bunu da insanlar çoxdan gözləyirdilər. Vaxtilə Corc Buşun siyasəti, onun səhvləri dünyada demokratiya tərəfdarlarına böyük zərbə vurdu. Bu zərbənin nəticələrini aradan qaldırmaq üçün yeni münasibətlər ruhu lazımdır. Amma bu o demək deyil ki, ABŞ baş verənlərə görə özünü günahkar saymalıdır. Dünyada elə dövlətlər var ki, öz xalqlarına qarşı həddən artıq qəddar davranırlar, amma bunu etiraf etmirlər. ABŞ-da isə Obama bunu etiraf etdi. Buş hakimiyyəti dövründə müsəlmanlarla ABŞ arasında uçurum yaranmışdı. Bu uçurum üzərindən Obama möhkəm körpü tikmək istəyir. Körpü tikmək bütün dinlərdə savab iş olduğu kimi, Obamanın cəhdi də alqışlanmalıdır.

«OBAMANI BUŞUN AQİBƏTİ GÖZLƏYƏ BİLƏR, ƏGƏR…»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu:

Elxan Şahinoğlu
- Bu gün ərəb dünyasının Obamadan bir istəyi var: İsrail-Fələstin münaqişəsinin ədalətli həlli. Doğrudur, Barak Obama İsrailin baş naziriylə görüşündə işğal edilmiş ərazidə evlərin tikilməsini pislədi. Bu, çox gözəl. Bundan sonra hansı addım atılacaq? Bu çıxışdan, bu vədlərdən sonra gözləntilər də artacaq. Mən qorxuram ki, Obama dediklərini reallaşdıra bilməsə, Buşun vəziyyətinə düşsün. Bir neçə il əvvəl Buş Avropa turnesi zamanı Berlindəki çıxışlarının birində dedi ki, bundan sonra ABŞ enerji resurslarına önəm verməyəcək, onun üçün demokratiya prioritetdir. Sonra bunun təsdiqini görmədik. İndi Obama da vədləri yerinə yetirməsə, ona inam azalacaq. Onun üçün sınaq İsrail-Fələstin münaqişəsi olacaq.
XS
SM
MD
LG