Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:32

Azərbaycan kinosunda senzura qalmaqalı


Ayaz Salayev
Azərbaycan kinosunda senzura qalmaqalı səngimək bilmir. Ayaz Salayev hələ də Mədəniyyət Nazirliyinin onun çəkdiyi «Ehram TV» filmində tələb etdiyi dəyişikliklər üzərində işləyir, bu arada daha bir filmin – Çingiz Rəsulzadənin «Kuklalar» filminin senzuraya məruz qaldığı məlum olub.

NAZİRLİYİN SEKTOR MÜDİRİ: «İDDİALAR TAMAMİLƏ ƏSASSIZDIR»

Ayaz Salayev filmdə siyasi problemlərin, özünün də Mədəniyyət Nazirliyi ilə münaqişəsinin olmadığını bildirib. «Azadlıq» radiosuna müsahibəsində o qeyd etmişdi ki, filmdə siyasi məqamlar olmayıb və o, ümumiyyətlə siyasətlə məşğul olmur.

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov da deyir ki, filmdə qayçılama ilə bağlı iddialar tamamilə əsassızdır, ən azı ona görə ki, ssenari əvvəlcədən elə nazirliyin özü tərəfindən təsdiqlənib:

«Mədəniyyət Nazirliyi bu ssenarini əvvəlcədən təsdiqləyib. Ayaz Salayev onu hər hansı başqa qurumda təsdiqlətməmişdi ki?»

FİLMİN SSENARİSİ «AZADLIQ» RADİOSUNUN ƏLİNƏ KEÇİB

Yusif Şeyxov siyasi senzura ilə bağlı hər hansı iddianı inkar edir. Hər halda filmin son variantının nədən ibarət olacağını indidən demək çətindir, amma «Üçbucaq TV» adı ilə yazılan ssenarinin «Azərbaycanfilm» kinostudiyasının bədii şurası tərəfindən təsdiqlənmiş ilkin ssenarisinin surəti «Azadlıq» radiosunun əlinə keçib.

Filmdə siyasətlə bağlı məqamların olub-olmadığını müəyyənləşdirməyi oxucuların öhdəsinə buraxaq. Bircə onu demək kifayətdir ki, hadisələr, əksərən, hər zaman bağlanmaq təhlükəsi ilə üz-üzə olan telekanalın montaj otağında və bu yayımın müzakirə olunduğu Daxili İşlər Nazirliyində cərəyan edir. Bəs film kimi hədəf alır?

Burada ağac əkən, xanımının qohum-əqrəbasının getdiyi yolun genişləndirilməsinə sərəncam verən, müalicə xərcini ödədiyi üçün qocaman aktrisaların televiziyada dua oxuduğu bir baş komissar var.

O ki qaldı Üçbucaq, yaxud Ehram TV-yə, o başqa kanallardan ciddi şəkildə fərqlənir. Filmdə bu fərq simvolizmlərlə əks olunur – bu telekanalda real həyatdan – insanların real həyatından, müxtəlif rakurslardan qoyulmuş kameraların çəkdiyi görüntülər var.

Bu, narkomanların olduğu otaq, əri Rusiyada ikən çadırda başqa kişilərin seksual qısnamasına məruz qalan məcburi köçkün qadın ola bilər. Hamı obyektivdədir – elə telekanalın işçilərinin özü də.

Bu isə ümumi mənzərədən çox fərqlənir. Ümumi mənzərə isə belə göstərilir – komissar çoxekranlı lövhədə telekanallarda bu gün nəyin olduğu ilə maraqlanır – ekranlar yalnız onu, ya da əyləncə proqramlarını göstərir. Komissar vəziyyətdən məmnun qalır.

«JURNALİSTLƏR AYAZ SALAYEVƏ HÖRMƏTSİZLİK EDİRLƏR»

Yusif Şeyxov deyir ki, jurnalistlər Ayaz Salayevin filmi ilə bağlı qalmaqal yaratmaqla ona qarşı hörmətsizlik edirlər:

«Sizə belə gəlmirmi ki, bu, sənətkarın yaradıcılıq prosesinə qeyri-korrekt müdaxilədir? Bu yaradır da. Sizə niyə elə gəlir ki, haqqınız var bu prosesə müdaxilə etməyə?».

Ayaz Salayevin ilkin ssenarisi ilə tamaşaçıya təqdim edəcəyi son məhsul arasında fərq nə qədər olacaq, məlum deyil. Hər halda o, ortada senzura probleminin olduğunu inkar edir.

AĞLAYAN AZƏRBAYCAN ƏSGƏRİ KADRI SENZURAYA MƏRUZ QALIB

Digər rejissor Çingiz Rəsulzadə isə filmində senzura məsələsinin ortaya çıxdığını təsdiqlədi. Səsinin efirə getməsini istəməyən rejissor dedi ki, ondan «Kuklalar» filminin son kadrlarından birini ixtisara salmağı tələb ediblər. Baxmayaraq ki, film, rejissorun dediyi kimi, çəkilişlərdə təsdiq olunmuş ssenaridən kənara çıxmayıb. Onun sözlərinə görə, həmin kadrda ağlayan Azərbaycan əsgəri var. Rejissorun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyindən ona bildiriblər ki, ağlayan əsgəri göstərmək vətənpərvərlik hisslərinə ziddir. Amma Rəsulzadə onu da qeyd edir ki, nazir filmi görməyib və o, Əbülfəz Qarayevin filmə baxmasından sonra əsərin qayçılanmasına yol verilməyəcəyinə inanır.

Rəsulzadə deyir ki, nazirlik nümayəndələrinin tələbləri hətta sovet dövrünün senzurasından da sərtdir.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Nusif Şeyxov isə deyir ki, Rəsulzadənin filmilə bağlı iradlar olub, amma sözügedən məqamın ixtisarı ilə bağlı hər hansı tələb xatırlamır:

«Ona oxşar məqam var idi, amma mən, şəxsən, orda mənə toxunan bir şey görmədim. Halbuki orda xeyli qüsurlar vardı. Çingiz cavan rejissordur, bəziləri ilə razılaşıb, bəziləri ilə razılaşmayıb. Bu yaxınlarda son versiyanı təqdim etməlidir».
XS
SM
MD
LG