Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:37

«Münaqişənin həlli üçün hakimiyyətə konkret vaxt verilməlidir»


Qarabağ mövzusunda keçirilən forum
Qarabağ mövzusunda keçirilən forum
DUİ QARABAĞ DANIŞIQLARINDAN NARAHATDIR

Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmayana qədər Dağlıq Qarabağın statusu müzakirə edilməməlidir. Bu şərt Demokratiya Uğrunda İttifaqın (DUİ) Qarabağ mövzusunda keçirilən forumunda səsləndi. Forum iştirakçıları bəyan etdilər ki, son vaxtlar Qarabağ danışıqları bir xeyli intensivləşib. Onların fikrincə, prezident İlham Əliyevin rusiyalı həmkarı Dmitri Medvedevlə görüşdə Qarabağ danışıqlarının son mərhələyə yaxınlaşması haqda dedikləri də bu prosesə diqqəti artırır. Ancaq onlar hesab edirlər ki, Azərbaycan hakimiyyəti danışıqlar prosesində cəmiyyətin mövqeyini nəzərə almalıdır.

DUİ DAHA HANSI ŞƏRTLƏR İRƏLİ SÜRÜR?

Forum iştirakçılarından Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dedi ki, Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsinə də heç vəchlə razılıq vermək olmaz:

- Bizim irəli sürdüyümüz üçüncü şərt isə ondan ibarətdir ki, işğal edilən ərazilər boşaldıqdan sonra ora hər hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verilməməlidir.

Parlamentdə Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn isə dedi ki, Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsinin həlli ilə bağlı ümumi hədələyici bəyanatları bir yana qoyub konkret əməli addımlara keçməlidir. Forum iştirakçıları bu mövzuda fərqli mövqelər sərgilədilər. Bəziləri də qeyd etdilər ki, Azərbaycan ordusu hələ ki, müharibəyə hazır deyil. Xüsusilə də orduda baş alıb gedən korrupsiya Azərbaycanı daha ehtiyatlı olmaq məcburiyyətində qoyur.

QARABAĞ DANIŞIQLARINDA İNTENSİVLİYİN ARTMASI NƏDƏN İRƏLİ GƏLİR?

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli isə Qarabağ danışıqlarında intensivliyin artmasının səbəbləri ilə bağlı fikirlərini səsləndirdi. Onun fikrincə, bu, heç də sülh sazişinin tezliklə imzalanacağından xəbər vermir. N.Məmmədli dedi ki, bu, hər şeydən əvvəl beynəlxalq güclərin regionda mövqelərini gücləndirmək təşəbbüslərindən irəli gəlir. Onun fikrincə, nə qədər ki, region dövlətlərində demokratikləşmə prosesi getməyib, Qarabağ münaqişəsinin həlli çox çətin olacaq:

- Həm Azərbaycanda, həm də Ermənistanda Qarabağ münaqişəsindən istifadə edib Qərbi şantaj edirlər. Rusiyadan istədiklərini almaq üçün Qarabağ kartından istifadə edirlər. Hansı tərəfə çevirirsən-çevir, Qarabağ münaqişəsinin həlli regiondakı demokratikləşmə prosesindən keçir. Odur ki, Rusiyada da bir şey baş verəsi deyil.

HAKİMİYYƏTƏ VAXT VERİLMƏLİDİR

Forumun təşkilatçısı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə dedi ki, Qarabağ münaqişəsinin həlli üçün hakimiyyətə konkret vaxt verilməlidir:

- Bu hakimiyyət artıq referendumla özünü ömürlük də elan edib. Ancaq Qarabağ münaqişəsinin həlli üçün onlara konkret vaxt verilməlidir. Nə qədər istəyirsən? 3 ay, 5 ay, yoxsa 3 il? Belə getsə bu davranışla hakimiyyət heç 50 ilə də Qarabağ münaqişəsini həll edən deyil.

M.Mirəloğlunun fikrincə, nə qədər ki, xalq hakimiyyətdən hesabat tələb etmir, onlar Qarabağ münaqişəsinin həlində özlərini borclu saymayacaqlar.
XS
SM
MD
LG