Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:06

«Bu, təsadüfi xuliqanlıq deyil»


Aslan İsmayılov
Aslan İsmayılov
«Gənclərin dərhal saxlanması, səslənən məlumatlara görə, barələrində prokurorluq tərəfindən dərhal həbs-qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilməsi, məhkəməyə aparılması onu göstərir ki, bu, təsadüfi hadisə, təsadüfi xuliqanlıq deyil».

Vəkil Aslan İsmayılov «İşdən sonra»da gənc fəallar Emin Milli və Adnan Hacızadənin tutulmasına münasibət bildirərəkən belə deyib. Onun sözlərinə görə, baş verənlər heç də təsadüfi deyil:

«Dağlıq Qarabağ probleminin həllinin yaxınlaşdığı ehtimalı yarandığı bir dönəmdə aranı qarışdırmaq, bu ajiotajı yaratmaq, ölkəni biabır eləmək kimə lazımdır? Axı bunlar gözəl bilirlər ki, Adnan kimdir, Emin kimdir. Və bilirlər ki, bunlara qarşı olunan hər hansı bir qeyri-qanuni hərəkət bütün dünyada rezonansa səbəb olacaq».

Vəkil deyir ki, bunu bilə-bilə bu addımı atmaq elə vətənə xəyanətdir:

«Həssas məqamda öz ölkəni nüfuzdan salmağın, öz gəncini şikəst etməyə çalışmağın başqa adı yoxdur».

Eldar Namazov
Politoloq Eldar Namazov isə deyir ki, söhbət yalnız ictimai fəaliyyətlə məşğul olan, hansısa nöqsanları tənqid edən insanlardan getmir:

«İndi adi Azərbaycan vətəndaşının da heç bir hüququnun təminatı yoxdur. Belə hallar tanınmış adamlarla olanda üzə çıxır. Amma yüz minlərlə sadə insanların hüquqları hər gün pozulur, ona görə ki, Azərbaycanda belə bir mühit yaranıb».

Politoloq deyir ki, əgər hətta bu, iqtidar daxilində kimlərinsə vəziyyəti gərginləşdirmək istəyidirsə, buna görə də məsuliyyət hakimiyyətin üzərinə düşür:

«Deməli, ölkə başçısı özünə yaxşı komanda seçməli idi. Doğrudan da hadisələri müşahidə edəndə, sanki bütün bu hərəkətlər Azərbaycan üçün münasib olmayan bir zamanda baş verir. Mən dəfələrlə Strasburqda da şahidi olmuşam ki, orada Azərbaycanla bağlı hansısa bir qərar qəbul ediləndə, elə həmin gün burda kimlərsə həbs olunub, kimlərsə döyülüb və sairə».
XS
SM
MD
LG