Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:28

«Nabucco» kəmərinə dair tranzit müqaviləsi imzalandı


«Nabucco»ya dair tranzit müqaviləsinin imzalanma mərasimi - Ankara, 13 iyul 2009
«Nabucco»ya dair tranzit müqaviləsinin imzalanma mərasimi - Ankara, 13 iyul 2009
İyulun 13-də Ankarada «Nabucco kəmərinin keçdiyi Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya arasında tranzit müqaviləsi imzalanıb. Türkiyənin Enerji naziri Taner Yıldız bildirib ki, istəsə Rusiya da bu kəmərə qoşula bilər. Dəvət almasına baxmayaraq, tədbirə qatılmayan Rusiyanın isə «Nabucco»ya münasibəti çoxdan bəllidir. Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, bu kəmər Moskva üçün maraqlı deyil.

Bəs Azərbaycan nə düşünür? Rusiyaya 2 il müddətinə 500 milyon kubmetr qaz satmağa dair müqavilə imzalayan rəsmi Bakının «Nabucco» ilə bağlı niyyəti nədir?

ARDNŞ SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİNİ GÖSTƏRİR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «Azadlıq» radiosuna deyiblər ki, niyyətin nə olduğunu dəqiqliyi ilə Sənaye və Energetika Nazirliyində bilirlər. Sözügedən nazirlikdən isə məlumat almaq mümkün olmadı. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev isə İstanbulda Türkiyənin Enerji naziri Taner Yıldızla görüşdən sonra demişdi ki, Azərbaycanın qaz ehtiyatları çox zəngindir və hər layihəyə ayrıca qaz verə bilər.

«Los Anceles Times» qəzetində dərc olunmuş məqalədə müəllif Selcan Hacaoğlu bu məsələyə toxunaraq yazır ki, Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycan Avropa Birliyi və ABŞ-ın dəstəklədiyi «Nabucco» layihəsinin təchizatçısı ola bilər:

«Siyasi cəhətdən Bakı «Nabucco»ya dəstək verir və bu layihəni vacib hesab edir. Lakin şərtlərə baxılmalıdır».

«Nabucco» layihəsi

«AZƏRBAYCANIN BU LAYİHƏYƏ QOŞULMASI SƏRFƏLİ DEYİL»

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə deyir ki, Ankarada imzalanan hökumətlərarası sazişin «Nabucco»nun qaz məsələsinə dəxli yoxdur. Onlar sadəcə qazın öz ərazilərindən buraxılmasına təminat veriblər. Halbuki, tranzit məsələsinin özündə böyük problemlər qalmaqdadır. Hələ bilinmir ki, Bolqarıstan, Rumıniya və Macarıstanın istəyi nə olacaq. Ona görə də bu məsələdə suallar daha çoxdur, nəinki konkret cavablar. İlham Şabanın fikrincə, Azərbaycanın bu layihəyə qoşulması sərfəli deyil:

«Tutaq ki, 15 milyard dollara layihə başa gələcək. Belə çıxır ki, 10 faiz gəlir götürmək üçün 1,5 milyard dollar pul qoymalısan. Niyə? Və bunun da indiyədək qaz resursu yoxdur. Yəni qoşulmaq o deməkdir ki, onun maliyyələşməsində iştirak edirsən. Azərbaycan sadəcə, Ərzrumdan qaz satacaq. Kim istəyir, gəlib alsın».

İlham Şaban hesab edir ki, «Nabucco» hələ də siyasi layihə olaraq qalmaqdadır. Çünki onun maliyyəsi məlum deyil və ola bilsin ki, yaxın 5 ildə də müəyyən edilməsin.

«GÖRÜNÜR RUSİYA NƏSƏ VƏD EDİB»

Politoloq Vəfa Quluzadə isə deyir ki, gec-tez Azərbaycan bu layihənin bir hissəsi olacaq:

«Hesab edirəm ki, Azərbaycan bu layihənin bir hissəsi olacaq. Bu barədə bəyanatlar səslənib. Amma görünür Rusiya nəsə vəd edib, yaxud nəsə təzyiq imkanlarından istifadə edib ki, Azərbaycan hələlik bu addımı atmağa çəkinir».

Vəfa Quluzadə Rusiyanın verdiyi hər hansı vədə əməl edəcəyinə inanmır.

«Nabucco» kəmərinin 2015-ci ilədək işə düşəcəyi gözlənilir. Avropa Birliyinin məlumatına görə, layihəyə 8 milyard avro sərmayə sərf olunacaq.

HƏTTA RUSİYA ÖZÜ BİR GÜN TƏCHİZATÇI OLA BİLƏR

«Nabucco» kəmərinin uzunluğu 3 min kilometrdən çox olacaq. Xəzər dənizindən başlayaraq Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyaya ötürüləcək. Türkmənistan artıq bu layihəyə qoşulmaq istəyini bildirib. Türkiyə İranı da gələcək təchizatçılar sırasında görür, baxmayaraq ki, nüvə mübahisəsinə görə Tehran tədbirə dəvət edilməyib.

İlham Şaban isə deyir ki, nəinki Türkmənistan, əgər İran bu layihəyə qoşulsa, artıq ab-hava dəyişəcək.

Selcan Hacaoğlu «Los Anceles Times» qəzetində dərc olunmuş «Neft şirkətinin rəsmisi «Azərbaycan hər layihəyə ayrıca qaz verə bilər» deyir» sərlövhəli məqaləsində daha sonra yazır ki, Rusiyanın «Qazprom» şirkəti Cənub axını adlanan alternativ kəmər layihəsini dəstəkləyir. Rusiya iddia edirlər ki, bu kəmər vasitəsilə Avropanı daha çox qazla təmin etmək olardı. Türkiyə rəsmiləri isə bildirirlər ki, «Nabucco» layihəsi heç kimlə rəqabət aparmır və hətta Rusiya özü bir gün təchizatçı ola bilər.
XS
SM
MD
LG