Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:28

Cənnətdən xəbər verən jurnalistlər


Ukraynalı jurnalistlər deyirlər ki, «narıncı inqilab»ın ölkəyə ən böyük qazancı söz azadlığı oldu. İndi Ukraynada televiziyaya çıxıb, prezident Viktor Yuşşenkonu da, baş nazir Yuliya Timoşenkonu da, başqa məmurları da tənqid eləmək olar.

UKRAYNADA SAHIBKARLAR JURNALISTLƏRƏ MƏMURLARDAN ÇOX TƏZYIQ EDIRLƏR

Ukraynanın media üzrə eksperti Natalya Liqaçova deyir ki, axır vaxtlar jurnalistlərin döyülmə xəbərini eşitdiyi yadına gəlmir. Artıq hökumət doqquz il əvvəl qətlə yetirilmiş jurnalist Qeorqiy Qonqadzenin də cinayət işi ilə də ciddi maraqlanır.

Amma bu o demək deyil ki, Ukraynada söz tam azaddır. Natalya Liqaçova deyir:

«Bütün hallarda indi redaksiyanın sahibkarın təsiri altında olması ciddi problemdir. Sahibkarlar jurnalistlərə hökumətdən çox təzyiq edirlər. Daha bir problem peşəkarlıq məsələsidir. Mətbuatda işləyənlərin çoxu gənclərdir, onların da təcrübəsi azdır. İqtisadiyyat da zəifdir deyə, redaksiya heyəti özü özünü dolandıra bilmir və demək olar ki, sahibkarın təzyiqinə davam gətirə bilmir».

Liqaçova deyir ki, çox pis haldır ki, indi Ukraynada pulu olan mətbuata, ya da televiziyaya çıxıb istədiyini deyə bilir.

«Sərhədsiz Reportyorlar» təşkilatının söz azadlığının vəziyyətinə dair keçən ilki siyahısında Ukrayna 173 ölkə arasında 87-cidir.

NORVEÇDƏ HÖKUMƏT - MƏTBUAT YOX, CƏMİYYƏT -MƏTBUAT PROBLEMİ

Norveçdə hökumətin jurnalistlərə təzyiqi varmı? Norveçli jurnalist Elena Saulaneerə bu sualı verəndə gülür. Deyir ki, yox, Norveçdə rəsmilərdən heç bir təzyiq yoxdur. Norveç «Sərhədsiz Reportyorlar»ın siyahısında 1-ci yerdədir.

«Yeganə məhdudiyyət əhali ilə bağlıdır. Adamlar istəyirlər ki, mətbuat onların şikayətlərini daha çox dinləsin. Amma medianın buna imkanı yoxdur. Məncə, bu problemdir».

Elena Saulaneer da deyir ki, Norveçdə də mətbuat sahibkarın nəzarətindən tam çıxa bilmir. Dolayısı ilə də olsa, mətbuata təsir imkanları var.

ÖZBƏKİSTANDA DAHA JURNALİSTLƏRƏ FİZİKİ TƏZYİQ ETMİRLƏR, ONLARI TUTMURLAR

Özbəkistanda indi müstəqil jurnalisti günün günorta çağı çıraqla axtarmaq lazımdır. «Sərhədsiz Reportyorlar» Birliyinin keçən ilə dair hesabatına görə, Özbəkistan 173 ölkə arasında 162-cidir.

«Zibuniso» təxəllüsü ilə yazan özbək jurnalist (Azadlıq Radiosu, özbək xidməti) deyir ki, 2005-ci ilin Əndican hadisələrindən sonra müstəqil hesab olunan jurnalistlərin hamısını hökumət ölkədən çıxarıb, xarici radioların bürolarını bağlayıb, indi hakimiyyət rahat oturub, çünki təzyiq eləməyə adam qalmayıb.

ÖZBƏKİSTANDA «CƏNNƏTDƏN XƏBƏR VERƏNLƏR» KİMLƏRDİR?

İndi demək olar ki, qəzetlərdə çıxan bütün yazılara hökumət nəzarət eləyir, hökumətin redaksiyalarda qeyri-rəsmi nümayəndələri var. 2005-ci ilə qədər qəzetlərin tirajı milyonlarla sayılırdısa, indi ən çox satılan qəzet 10 min tirajla çıxır. Özbəklərin çoxu qəzet qatı açmır, yerli telekanallara baxan da yoxdur:

«Camaat televiziyaları «cənnətdən xəbər verənlər» adlandırır. Xəbərlərin özbək həyatına dəxli yoxdur. Odur ki, özbəklər ya kabel, ya da peyk antennasına baxırlar».

GÜRCÜSTANDA VƏZİYYƏT NECƏDİR?

Azərbaycanın qapıbir qonşuluğunda da Gürcüstanda arabir jurnalistlərin döyülmə xəbəri gəlir, kütləvi aksiyalardan. Məsələn, müxalifətin mitinqində polis bir rezin güllə də jurnalistə atır.

Amma jurnalistlərə açıq-aşkar təzyiq eləyən yoxdur, beynəlxalq təşkilatların siyahısında da həbsdə peşəkar fəaliyyətinə görə oturan gürcü jurnalistin adı yazılmayıb.

Bunları gürcü jurnalist Nino Gelaşvili danışır. Deyir ki, telekanalların qapısı müxalifət liderlərinin üzünə açıqdır. Amma Gürcüstanda da mətbuat kasıbdır, qəzetlərin tirajı aşağıdır, mətbuat sahibkardan asılıdır.

«Sərhədsiz Reportyorlar» Birliyinin 173 nəfərlik siyahısında Gürcüstan söz azadlığının vəziyyətinə görə 120-ci yerdədir. Azərbaycan Gürcüstandan 30 pillə geridə, 150-cidir.
XS
SM
MD
LG