Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:14

Qolları qandallı gənclik…


Səbail polisi gənc fəalları qolları bir-birinə qandallı aparır, 8 iyul 2009

İyulun 23-də Səbail Rayon Məhkəməsi gənc fəallar Adnan Hacızadə və Emin Millinin vəkillərinin şikayətini təmin etmədi. Vəkillər gənclərə qarşı qeyri-insani münasibətdən şikayətlənirdilər. Şikayətdə qeyd edilirdi ki, Adnan Hacızadə və Emin Milli həbs edilərkən nə həkimlə, nə də müdafiəçi ilə təmin ediliblər. Bundan başqa, hər iki gəncin əllərinin qandallanması və bu qandalla onların bir-birlərinə bağlanması da qeyri insani münasibətlər sırasına aid edilir.

Vəkil İsaxan Aşurov deyir ki, hakim həm maddi, həm də prosessual hüquq qaydalarını pozub:

«Həm iclası qapalı keçirdi, həm də hökmü qapalı şəkildə oxudu. Bu isə qanunsuzdur. Çünki istər ölkə konstitusiyası, istər məhkəmə və hakim haqqında qanun, istərsə də Cinayət-prosessual məcəllə belə bir vəziyyətdə aşkarlığı tələb edir».

TƏQSİRLƏNDİRİLƏN ŞƏXSƏ QANDAL VURULA BİLƏRMİ?

Vəkil İsaxan Aşurov yada salır ki, hələ 3 il əvvəl Avropa məkanında qandal qadağan edilib. Avropa Şurası Nazirlər Kabineti bundan ötrü üzv ölkələrə tövsiyə verib. Bu tövsiyə də Avropa penitensiar qaydalarında öz əksini tapır. İsaxan Aşurov deyir ki, yalnız zəruri hallarda təqsirləndirilən şəxslərin qolları plastik qandalla bağlana bilər. Bundan ötrü də ya təqsirləndirilən şəxsin qaçmaq istəməsi və ya onun qaçırılmasına cəhd olacağı haqqında sübutlar olmalıdır.

Məsələ ilə bağlı Sabail Rayon Polis İdarəsi ilə əlaqə saxlasaq da, oradan gənclərin şikayətinə münasibət bildirmək istəmədilər.

Başqa bir hüquqşünas Fuad Ağayev isə deyir ki, Azərbaycanda hələ də dəmir qandaldan istifadə edilməsi müasir Avropa dəyərləri ilə ziddiyyət yaradır:

«Avropa Şurası Parlament Asambleyasının, Nazirlər Kabinetinin bir sıra normaları, qərarları, tövsiyələri var. Mütləq Azərbaycan qanunları həmin normalara uyğunlaşdırılmalıdır».

QANDAL YOXSA BAYRAQ?

Azərbaycanda isə təqsirləndirilən şəxslərin qollarına dəmir qandalın vurulması geniş yayılıb. Elə jurnalistlər də bu münasibətdən kənarda qalmayıblar. İstər həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, istərsə də bu yaxınlarda azadlığa çıxın həmin qəzetin satirik yazarı Mirzə Sakit məhkəməyə dəmir qandalla gətirilirdilər. Mirzə Sakit təqsirləndirilən şəxslərə belə münasibəti pisləsə də, qollarına vurulan dəmir qandalın ondan ötrü başqa anlam daşıdığını deyir:

«Günahsız tutulmuşdum. Qollarıma vurulan dəmir qandal elə bil şərəfi tərənnüm edirdi. Mən elə bilirdim ki, qollarıma narıncı bayraq bağlamışam».

Vəkil İsaxan Aşurov isə deyir ki, onlar Səbail Rayon məhkəməsinin qərarından şikayət etmək fikrindədir. Əvvəlcə ardıcıllıq üzrə yerli instansiyalara, sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacağıq. İsaxan Aşurovun sözlərinə görə, Emin Milli və Adnan Hacızadə qollarına qandal taxıldığına görə məhkəməyə üz tutan ilk azərbaycanlılardır. O ümid edir ki, belə şikayətlər çox olsa bəlkə Azərbaycan orta əsrlər dövrünün mirası olan dəmir qandallardan vaz keçə.
XS
SM
MD
LG