Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:01

Hökumət işgəncə hallarının araşdırılmasında maraqlıdırmı?


Azərbaycanda istintaq zamanı ifadələrin hədə-qorxu, şantaj və işgəncə yolu ilə alınması bir ənənəyə çevrilib
Azərbaycanda istintaq zamanı ifadələrin hədə-qorxu, şantaj və işgəncə yolu ilə alınması bir ənənəyə çevrilib
«Uşağımı yuyanda, cəsədini yuyanda… gördük ki, sağ qolu biləkdən sınıb. Başı da dağılmışdı. Küt alətlə vurmuşdular. Komada olanın qolu sınır, başı partlayır?»

Bu, Biləsuvar rayon sakini Elbəy Süleymanovdur. O deyir ki, bu ilin yanvarında oğlu Vaqif Süleymanovu Biləsuvar Rayon Polis İdarəsində döyə-döyə öldürüblər. Vaqif Süleymanov qanunsuz narkotik alveri ittihamı ilə yanvarın 14-də Biləsuvar Rayon Polis İdarəsinə gətirilib. Atasının dediyinə görə, yanvarın 18-də də oğlunu xəstəxanaya göndəriblər. Bundan bir həftə sonra da oğlunun meyitini ona veriblər. Ancaq ata nə qədər cəhd etsə də, oğlu ilə xəstəxanada görüşə bilməyib:

«Komada olana baxmaq olmaz? Ya mənə, ya bir qohumuma şərait yaradaydılar görək, oğlum nə vəziyyətdədir? Polis xəstəxananı mühasirədə saxlamışdı, kim yaxınlaşırdı onu söyüb qovurdular…»

QƏTL, YOXSA İNTİHAR?

Elbəy Süleymanov güman edir ki, oğlu elə polis idarəsində vəfat edib. Sadəcə meyiti bir həftə xəstəxanada saxlayıblar ki, məsuliyyəti üzərilərindən atsınlar. Atanın deyir, polisdə oğlunun işgəncə ilə öldürülməsinin araşdırılması ilə bağlı həm ölkə başçısına, həm də güc strukturları rəhbərlərinə şikayətlər göndərib. Amma nəticəsiz qalıb.

Biləsuvar Rayon Polis İdarəsinin rəis müavini Alim Səfərov isə Vaqif Süleymanova işgəncə verilməsi ilə bağlı atasının dediklərini təkzib edir:

«O özü sellofanda güclü narkotik udub. Onu xilas etmək mümkün olmadı. Sonra müayinə olunanda qarnından çıxdı həmin udduqları. Hansı narkomanın atası oğlunda günah görər?»

Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmaq indi çox çətindir. İşgəncələr Əleyhinə Komitə bildirir ki, təkcə ötən il onlara işgəncə faktları ilə bağlı 80-dən çox şikayət gəlib. Həmin şikayətlərdə 3 nəfərin isə istintaq zamanı işgəncə nəticəsində öldürüldüyü bildirilir. Demək, söhbət təkcə Vaqif Süleymanovun taleyindən getmir. Ötən həftə BMT İnsan Haqları Komitəsinin Azərbaycanla bağlı qəbul etdiyi hesabatda işgəncə hallarına görə hökumətə bir sıra tövsiyələr verilib.
Elçin Behbudov
Tövsiyələrin birində də qeyd edilir ki, işgəncələrlə bağlı şikayətlərin araşdırılması üçün müstəqil qurum yaradılsın və günahkarlar cəzalandırılsın.

MÜSTƏQİL ARAŞDIRMALARA EHTİYAC VARMI?

Ancaq Azərbaycanın hüquq mühafizə orqanları indiyə qədər bir dəfə də olsun, işgəncə faktlarının olduğunu etiraf etməyiblər. Üstəlik, indi hakimiyyətin işgəncə faktlarının araşdırılması üçün müstəqil qurumun yaradılmasına müsbət yanaşacağı da inandırıcı görünmür.

Elə Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Fuad Muradov da deyir ki, belə bir qurumun yaradılmasına ehtiyac yoxdur:

«Güc strukturları özləri maraqlıdırlar ki, belə hallar baş verməsin. Çünki artıq islahatlar gedən ölkələrdə belə hallar baş vermir. Bizdə də yoxdur. Əgər kimsə işini düzgün həll etmirsə, daxili təhqiqatla bu yoluna qoyulur. Yəni dövlət özü maraqlıdır ki, belə hallar olmasın…»

Ancaq hüquq müdafiəçiləri düşünürlər ki, Azərbaycanda istintaq zamanı ifadələrin hədə-qorxu, şantaj və işgəncə yolu ilə alınması bir ənənəyə çevrilib. Bu ənənə sovet dövründə yaranıb və ondan indi də istifadə edilir. İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da deyir ki, işgəncə hallarının araşdırılması üçün müstəqil qurumun yaradılması təklifini o hələ ötən ildən verib:

«Gördünüz ki, bəzi məmurlar da mənim üstümə düşdülər. Dedilər ki, Azərbaycanda işgəncə halları yoxdur. Ancaq görürsünüz artıq bu məsələni BMT gündəliyə gətirir…»

Elçin Behbudov deyir ki, bu ilin noyabr ayında BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Azərbaycan hökumətinin göndərdiyi hesabatı dəyərləndirəcək. Həmin müzakirələrə alternativ hesabat hazırladığını bildirən hüquq müdafiəçisi hesab edir ki, BMT-dən gələn tövsiyələr süngü ilə qarşılanmamalıdır.
XS
SM
MD
LG