Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:25

ABŞ prinsipiallıq göstərsə…


Vəfa Quluzadə
Vəfa Quluzadə
Avqustun 12-də Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza fəaliyyətini başa vurdu. Bakıda mediayla keçirdiyi son görüşdə Minsk Qrupunun fəaliyyətini yüksək qiymətləndirən Brayza bildirdi ki, vasitəçilər münaqişənin çözümü üçün bu illərdə bacardıqlarını ediblər:

«ÇƏRÇİVƏ SAZİŞİ»NİN BİR ADDIMLIĞINDA

- Biz indiyə qədər işlədiyimiz dövlətlərə çox ədalətli münasibət bəsləmişik. Bununla yanaşı onların konstruktivlik göstərməsi üçün sərtlik də nümayiş etdirmişik. Ancaq bütün hallarda vasitəçilər yalnız tərəfləri konstruktivliyə təşviq edə bilər. Son qərarlar isə birbaşa münaqişə tərəflərinin özlərindən asılıdır. Məhz Minsk Qrupunun səyi nəticəsində tərəflərin mövqeləri çözümlə bağlı «çərçivə sazişi»nin imzalanmasına qədər yaxınlaşıb.

Politoloq Vəfa Quluzadə deyir ki, indiyə qədər Qarabağ münaqişəsinin nizamlanması ABŞ-ın prioritetləri sırasında olmayıb. Elə buna görə də Minsk Qrupunda təşəbbüsü Fransadan da önə keçməyi bacaran Rusiya ələ alıb.

Politoloqun fikrincə, Cənubi Qafqazda iqtisadi və siyasi maraqları olsa da Birləşmiş Ştatlar hələ regiondakı «dondurulmuş» münaqişələrin nizamlanmasına girişməyib. Onun fikrincə, indi ABŞ-ın bu məsələyə yaxından müdaxilə edərək uğur qazanmaq şansı böyükdür:

ABŞ REGİONDA FƏALLAŞMAQ İSTƏYƏCƏKMİ?

- Ona görə ki, Rusiya son illər getdikcə zəifləyib. Nəinki Güney Qafqaz, bütünlükdə Qafqaz Rusiyanın nəzarətindən çıxmaq üzrədir. Rusiyanın strateqləri bunu çox gözəl anlayır. Belə bir geosiyasi məqamda Qarabağ münaqişəsinin həlli yaxınlaşa bilər. Buna görə də ABŞ-ın regiona fəal siyasi müdaxilə imkanları genişlənib.

Metyu Brayzanın fəaliyyətinə toxunan Quluzadə bildirir ki, onun missiyası təmsil etdiyi hökumətin siyasətini yürütmək olub. Brayzanın fəallığı isə ABŞ-ın məsələyə yanaşmasından birbaşa asılı olub. V.Quluzadə ümid edir ki, Birləşmiş Ştatlar regiondakı geosiyasi durumu düzgün qiymətləndirərək Minsk Qrupundakı fəaliyyətini fəallaşdıracaq.

ABŞ MÜNAQİŞƏYƏ NƏDƏN MARAQ GÖSTƏRMƏYİB?

Politoloq Eldar Namazov isə deyir ki, Qarabağ münaqişəsi yaranan dövrdə ABŞ-ın məsələyə müdaxilə imkanı yox idi. Yalnız Azərbaycan müstəqilliyini əldə edəndən bir neçə il sonra ATƏT-in Minsk Qrupu yaradılarkən məhz Azərbaycanın təkidi ilə ABŞ məsələnin çözümünə vasitəçi kimi cəlb edilib. E.Namazov deyir ki, ABŞ hər zaman problemə maraq göstərib. Ancaq bu marağın arxasında hansısa konkret addım dayanmayıb:

Eldar Namazov
- Metyu Brayza həmsədrliyə başlayandan sonra isə Minsk Qrupunun işində bir canlanma baş verdi. O zamana qədər görünməyən olay – Rusiya ilə ABŞ-ın mövqelərində yaxınlaşma, hər üç həmsədrin vahid komanda kimi fəaliyyət göstərməsi müşahidə olundu. Bu isə artıq olduqca müsbət məqamdır. Ötən ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra isə Minsk Qrupunun fəaliyyəti nəzərəçarpacaq dərəcədə sürətlənib. Məncə, həmsədrlərin son 3 ildəki regiona səfərlərinin sayı son 6 aydakı səfərlərindən daha azdır.

Eldar Namazovun fikrincə, Birləşmiş Ştatların bu məsələdə prinsipial mövqeyi münaqişə tərəfləri arasında çözüm sazişinin imzalanmasına səbəb ola bilər.

HÖKUMƏT MİNSK QRUPUNU NİYƏ PİSLƏYİR?

Azərbaycan rəsmilərinin isə həm Metyu Brayzanın, həm də bütünlükdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə münasibətinin son illər ziddiyyətli olduğu müşahidə edilir. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov 2009-cu ilin may ayında prezidentlərin Praqa görüşündən sonra həm Minsk Qrupunun, həm də Metyu Brayzanın ünvanına kəskin ittihamlar səsləndirmişdi:

- Azərbaycan prezidenti bunu dəfələrlə deyib ki, bəli, biz orada müqəddəratla bağlı mövqeni tanıyırıq, amma bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Amma bu gün belə çıxır ki, Azərbaycan ərazisini işğal etmiş bir dövləti, ümumiyyətlə, Ermənistanın mövqeyini daha yumşaq göstərmək üçün belə yanlış məlumat vermək lazımdır? Belə məlumat verməklə həmsədrlər Ermənistanı dünya birliyinə konstruktiv dövlət kimi təqdim edirlər. Bu nə üçün belə olmalıdır? Mən yenə deyirəm – burda ikili standart özünü göstərir və hətta, ola bilsin ki, xristian təəssübkeşliyi də çox təəssüf ki, qabarıq şəkildə nümayiş etdirilir.

Prezident İlham Əliyev də Azərbaycanın sülh danışıqlarına böyük önəm verməsini bildirməklə yanaşı, bir sıra məqamlarda Minsk Qrupunu aktiv olmamaqda, hətta fəaliyyətsizlikdə suçlayıb.
XS
SM
MD
LG